SON XƏBƏRLƏR

"21 Azər" hərəkatının 77-ci ildönümü ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin BƏYANATI

2022.12.12, 20:10
"21 Azər" hərəkatının 77-ci ildönümü ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin BƏYANATI

Gunaz.tv

Azərbaycan Milli mücadilə tarixində 12 dekabr 1945-ci il (21 azər 1324) onunla əhəmiyyətilidir ki,  Azərbaycan türkləri vahid güc olaraq diktator şah rejiminin Azərbaycanımıza qarşı apardığı dağıdıcı siyasətin qarşısında durdular və  rejimin apardığı qəddar siyasətə qarşı mövqe göstərərək, S. C. Pişəvərinin başçılığı altında Azərbaycan Milli hökumətini qurmağa nail oldular. Fəaliyyət ğöstərdiyi bir il ərzində  Azərbaycan Milli Hökuməti millətimizə  öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı, savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Məhz həmin dönəmdə Milli hökumətin qəbul etdiyi qanunlar əsasında Azərbaycanda məktəblərdə ana dilində dərslərin keçirilməsi təmin edildi,  qadınların hüquqları kişilərlə bərabərləşdirildi,  torpaq islahatı həyata keçirildi, qədim tarixi adlarımız bərpa olunmağa başladı. 


 1946-cı il yanvarın 28-də Azərbaycan Milli Hökumətinin banisi S. C. Pişəvəri  Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan Milli Hökumətinin tanınması məqsədilə millətlərin öz müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq,  BMT Baş Assambleyasına müraciət etdi. Düzdür, bu müraciətə etinasızlıqla yanaşıldı  və  mərkəzi hakimiyyətin qalmasında maraqlı olan bir neçə  güclü  dövlət BMT-də  bu məsələnin Azərbaycan Milli Hökumətinin xeyrinə həll olunmasının qarşısını aldı və Güney Azərbaycan  bir daha Pəhləvi rejiminin hərbi təcavüzilə işğal edildi və  Azərbaycan Milli Hökuməti devrildi.  Ancaq, bu gün milli hərəkatımızın var olması və millətimizin milli, insani haqları uğrunda mücadilə aparması bir daha göstərir ki, bir millətin iradəsini qırmaq mümkün deyildi. 


1945- 46-ci illərdə yaşanan bu tarixi hadisədən alacağımız önəmli dərs bundan ibarət olmalıdır ki, Azərbaycan milli azadlıq hərəkatında təmsil olunan bütün qüvvələr  milli birliyimizin təmin edilməsi istiqamətində ciddi əməli addım atsınlar və vahid milli mənafe ətrafında birgə fəaliyyətin göstərilməsini əsas vəzifə olaraq görsünlər. Biz  inanırıq ki, Azərbaycanın hər bir övladı milli-tarixi təkamülün bəhrəsini, milli mənliyimizin rəmzini Ana Vətənimiz  Azərbaycanın  milli iradəmizlə  idarə olunmasında görür. Bu həqiqətdən yola çıxaraq GAMAC bəyan edir ki, biz bir millət olaraq bütün imkanlarımızı bu istiqamətə yönəltməli və milli birliyimizə aparan bütün fəaliyyətləri dəstəkləyərək faşist və işğalçı fars rejiminə qarşı birgə fəaliyyət göstərməliyik. 

Yaşasın Azərbaycan!
Yaşasın milli birliyimiz! 
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi              

12.12.2022

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar