SON XƏBƏRLƏR

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022.07.02, 04:40
43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

Gunaz.tv

Bir neçə ildir İranın müxtəlif zindanlarında işgəncələrə məruz qaldığı üçün ağır əsəb sarıntısı keçirən Dadbəxşin səhhətində başqa problemlər də yaranıb.

Ərdəbilli məhbusun vəziyyətinin ağırlaşmasına baxmayaraq zindan rəhbərliyinin onun müalicəsinə və tibbi məzuniyyətə buraxılmasına icazə vermədiyi deyilir.

2018-ci ilin noyabr ayında Tehranda təhlükəsizlik məmurları tərəfindən həbs edilən azərbaycanlı məhkum ETTELAAT təcridxanasında işgəncə edildikdən sonra Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə ay təkadamlıq kamerada saxlanılıb və 16 fevral 2019-cu ildə Kərəc şəhərinin "Rəcaişəhr" zindanına aparılıb.

Babək Dadbəxş 2020-ci ilin fevralında Məhəmməd Məqisənin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 28-ci bölməsində mühakimə olunub və İslami Cəza Qanunun 134-cü maddəsi ilə 16 ilinin mütləq icra edilməsi şərtilə 43 il həbs cəzasına məhkum edilib.

Babək Dadbəxş "müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da ittiham olunub.

Təhlükəsizlik məmurlarının rəyi əsasında hazırlanan cinayət işində həbs olunduğu zaman Babək Dadbəxşdən çox sayda silah-sursat götürüldüyü iddia edilib.

Ərdəbilli məhbusun ailə üzvləri və bacısının yaydığı açıq məktubda ona qarşı irəli sürülən ittihamların əsassız olduğu, Babəkin dinc və özünəqapalı həyat tərzi yaşadığı qeyd olunub.

Babək Dadbəxş 2019-cu ilin may ayında İran Məhkəmə Sisteminin başçısına yazdığı açıq məktubda özünə qarşı irəli sürülən ittihamların qondarma olduğunu deyib.

41 yaşlı azərbaycanlı məhbus məhkumluq dövrünü yaşadığı zaman avtomobil qəzası nəticəsində həyat yoldaşı və iki övladından birini itirdiyi üçün yenidən ağır əsəb sarsıntısı keçirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar