SON XƏBƏRLƏR

SEPAH mediası Mirhüseyn Musəviyə qarşı hücuma başlayıb

2022.08.10, 09:31
SEPAH mediası Mirhüseyn Musəviyə qarşı hücuma başlayıb

Gunaz.tv

"Təsnim", "Cavan", "Keyhan" və başqa media orqanları Mirhüseyn Musəvinin İranda Xaməneyidən sonra hakimiyyətin onun oğlu Müctəba Xameneyiyə ötürüləcəyi, hakimiyyətin irsi olacağına dair fikirlərini tənqid ediblər.

Musəvini hədəfə alan adı çəkilən media onun irsi hakimiyyət barədə fikirlərinə, Müctəba Xameneyinin rəhbər təyin ediləcəyi ilə bağlı dediklərinə münasibət bildirməyiblər.

Bir başa Əli Xameneyinin nəzarətində olan "Keyhan" Mirhüseyn Musəvini xain, münafiq adlandırıb, onu İsrail və İŞİD-in İran daxilindəki təbliğatçılarından biri kimi qələmə verib.

Xəbər verdiyimiz kimi, İranın keçmiş baş naziri, "Yaşıl hərəkat"ın liderlərindən olan və 10 ildən çoxdur ev həbsinə məhkum edilmiş Mirhüseyn Musəvi İranın Yaxın Şərq siyasətini tənqid atəşinə tutub.

Bir sıra məsələlərə toxunan siyasətçi İranın ali lideri Əli Xameneyinin ölümündən sonra oğlunun onun yerinə gələcəyi ilə bağlı yazıb: "Bu təxribatla bağlı xəbərləri 13 ildir ki, eşidirik. Əgər doğrudan da belə bir məqsəd güdmürlərsə, niyə bunu bircə dəfə inkar etmirlər?".

Musəvinin toxunduğu məsələ İranın 82 yaşlı ali lideri Əli Xameneyinin oğlu və bəzi siyasi dairələrdə haqqında atasının canişini olaraq bəhs olunan Müctəba Xameneyi ilə bağlıdır.

O, sonda SEPAH-ın Qüds Qüvvələrinin Amerika tərəfindən öldürülmüş komandanı Qasım Suleymani haqqında danışarkən onu "ləyaqətsiz komandan" adlandırıb, onun İran rejiminin regionda törətdiyi cinayətləri etiraf edərək bununla fəxr etdiyini bildirib.

Musəvinin fikrincə, Qasım Suleymaninin ölümü rejimin digər üzvləri üçün də dərs olmalıdır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar