SON XƏBƏRLƏR

NATO Baş katibi: Biz həm də öz gələcəyimiz üçün Ukraynanın yanında olacağıq

2022.12.22, 21:04
NATO Baş katibi: Biz həm də öz gələcəyimiz üçün Ukraynanın yanında olacağıq

Gunaz.tv

Bunu NATO Baş katibi Yens Stoltenberq "Financial Times"də dərc olunan məqaləsində bildirib.

Stoltenberqin sözlərinə görə, Putin Ukraynanın gücünü düzgün qiymətləndirməyib: “O, bir neçə gün ərzində Kiyevi ələ keçirə və hökumətin dəyişə biləcəyini düşünürdü. 10 aydır Ukrayna xalqı, silahlı qüvvələri və rəhbərliyi dünyanı ruhlandıran məharət, cəsarət və qətiyyətlə vətəni müdafiə etməyə davam edir.

On minlərlə rus əsgəri yaralanıb və ya öldürülüb. İlin əvvəlindən bəri 1 milyona yaxın insan Rusiyanı tərk edib, onların çoxu inanmadıqları müharibəyə çağırılmamaq üçün bunu edib.

Bu müharibə seçimi Rusiyanı daha yoxsul və təcrid vəziyyətinə salıb. Putinin digər səhvi NATO birliyini qiymətləndirməmək idi. O, bizi parçalaya və Ukraynanı dəstəkləməkdən çəkindirə biləcəyini düşünürdü.

NATO bu münaqişənin tərəfi olmasa da, müttəfiqlər Ukraynanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu dəstəkləmək, onun azad və demokratik ölkə olaraq qalmasına kömək etmək üçün misli görünməmiş hərbi yardım göstərməkdə həmişəkindən daha çox birləşirlər.

Bu, NATO-nun Ukraynaya uzunmüddətli dəstəyinə əsaslanır”.

Baş katib 2014-cü ildən bəri ABŞ, Böyük Britaniya, Kanada və digər NATO müttəfiqlərinin on minlərlə ukraynalı əsgərə təlim keçdiyini və bu ölkənin silahlı qüvvələrində islahatları dəstəklədiyini deyib: “Beləliklə, Rusiya fevral ayında genişmiqyaslı işğala başlayanda Ukrayna silahlı qüvvələri daha yaxşı idarə olunur, daha yaxşı təlim keçmiş və Rusiyanın yeni təcavüzünə müqavimət göstərmək üçün daha yaxşı təchiz edilmişdi.

Fevral ayından etibarən müttəfiqlər Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri, silahlar, döyüş sursatları, yanacaq, qış geyimləri və generatorlarla təchiz ediblər”.

Stoltenberq verilən bu dəstəyin döyüş meydanında da fərq yaratdığını vurğulayıb: “NATO həmçinin müdafiə sənayesi üzərində işləyir və müdafiənin planlaşdırılması prosesi vasitəsilə tükənmiş silah-sursat ehtiyatlarını doldurmaq, Ukrayna və öz müdafiəmiz üçün istehsalı kütləvi şəkildə artırmaq üçün çalışır.

Putin Rusiya sərhədlərində NATO-nun mövcudluğunun daha az olmasını istədiyini iddia edirdi. O, əksini əldə edir - daha güclü, daha böyük NATO. 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni zəbt etməsindən sonra NATO kollektiv müdafiə sistemində ən böyük islahatları həyata keçirdi.

İndi biz şərq cinahında mövcudluğumuzu və alyans boyu qüvvələrimizin hazırlığını daha da gücləndiririk. Finlandiya və İsveç tezliklə NATO-ya tamhüquqlu üzv kimi qoşulacaqlar ki, bunu Rusiyanın işğalından əvvəl təsəvvür etmək çətin idi. Putin onun üçün uğursuz ili Ukraynanın mülki əhalisinə, şəhərlərinə, infrastrukturuna və səhiyyə obyektlərinə qarşı daha qəddar olmaqla başa vurur. Mülki insanlara qəsdən hücumlar müharibə cinayətidir və günahkarlar cavab verməlidir”.

Müharibənin Ukrayna xalqı üçün nəticələri barədə qeyd edən hərbi alyansın Baş katibi təxminən 12 milyon insanın - Ukrayna əhalisinin dörddə birindən çoxunun enerji təchizatının kəsildiyini, milyonlarla ukraynalının qaçqın olduğunu, Rusiyanın işğal etdiyi ərazilərdən ukraynalı uşaqları zorla Rusiyaya deportasiya etdiyini bildirib: “Rusiyanın təkziblərinə baxmayaraq, Ukrayna hakimiyyəti və beynəlxalq ekspertlər Rusiya hərbçilərinin zorlama, işgəncə və qısamüddətli edamlar törətməsi ilə bağlı bir çox xəbərləri, faktları araşdırır.

Son aylarda Rusiya rəhbərliyi 200 mindən çox əlavə əsgəri səfərbər edib və çoxlu sayda itki verməyə hazır olduqlarını nümayiş etdirib.

Onlar İran kimi digər avtoritar rejimlərdən daha çox silah və sursat alırlar. Rusiya qüvvələrinin yenidən toplanması, silahlanması və yeni hücuma keçməsi üçün müharibəni dondurmağa ümid edir. 

Prezident Vladimir Zelenski Rusiyaya münaqişəni dayandırmaq üçün Milad bayramına qədər qoşunları çıxarmağa başlamağı təklif etdi, lakin Moskva bunu açıq şəkildə rədd etdi. 

Müharibəyə başlayan Putin idi. O, bu gün Ukraynadan çıxmaqla buna son verə bilər. Hazırda o, əsl sülh axtardığına dair heç bir addım atmır.

Əksər müharibələr danışıqlarla başa çatır və Zelenski öz sülh planını ortaya qoyub. Ancaq unutmayaq ki, danışıqlar masası arxasında baş verənlər döyüş meydanında baş verənlərlə qırılmaz şəkildə bağlıdır. 

Biz Ukraynanı dəstəkləməyə davam etməliyik ki, o, Avropada suveren, müstəqil dövlət kimi qalib gəlsin. Əgər Putin Ukraynada qalib gələrsə, bu Rusiyaya və digər avtoritar rejimlərə mesaj olar ki, onlar güc vasitəsilə istədiklərini alacaq.

Bu, Ukrayna üçün fəlakət olar. Lakin bu, eyni zamanda, bütün dünya üçün təhlükəlidir. Ona görə də bu qış Ukraynaya dəstəyimizi davam etdirmək bizim öz təhlükəsizliyimiz üçün də maraqlıdır. NATO müttəfiqləri güclü və vahid mövqedədirlər. 

Biz müttəfiqlərin ərazilərinin hər qarışını müdafiə edəcəyik. Biz həm Ukraynanın, həm də öz gələcəyimiz üçün onun yanında olacağıq”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar