SON XƏBƏRLƏR

Sadiq İsabəyli: "Müqəddəs dəyərlər fars şiəçiliyində sui-istifadə amilinə çevrilib"

2022.11.11, 19:55
Sadiq İsabəyli: "Müqəddəs dəyərlər fars şiəçiliyində sui-istifadə amilinə çevrilib"

Gunaz.tv

- Sadiq bəy, İran zaman-zaman Azərbaycana sözdə dost, qardaş deyib, amma arxada əleyhimizə iş aparıb. Son günlər isə İranın Azərbaycana qarşı siyasəti açıq müstəviyə keçib. Molla rejimi sərhəddə hərbi təlim keçirir, Qafanda konsulluq açır, təhdid dolu bəyanatlar verir. Ermənistanın isə Təbrizdə konsulluq açmağı sizcə Tehran rejimini qorxudan, təşvişə salan nədir?

- İran adlanan ölkə sözdə Azərbaycan dövlətinə dost, qardaş deyib, son 30 ildə hər zaman bu ifadələrdən istifadə edərək ölkəmiz əleyhinə, dövlətçiliyimizə qarşı təxribatla məşğul olub. Son günlər biz bir daha buna şahid olduq. İllərdir ki, Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri olaraq bunu vurğulayırdıq, qəzetlərə müsahibələrimizdə, yazdığımız məqalələrdə bu barədə danışırdıq. İran adlanan ölkənin xarici siyasətində Azərbaycan dövlətinə, dövlətçiliyinə ikiüzlü yanaşma var. 

Bir tərəfdən dost, qardaş, Azərbaycanla məzhəbdaşıq deyir, digər tərəfdən biz görürdük ki, Ermənistanla bütün əlaqələrini, bütün siyasi, iqtisadi əməkdaşlığı elə bir şəkildə qurublar. Sanki vahid bir siyasi coğrafiyada mövcuddurlar. İran adlanan ölkədə yaşayan bir ovuc - 30-35 min erməni üçün Tehran rejimi hər bir şəraiti yaradıb, onlara bütün haqları verib.

Məktəb, mədəniyyət mərkəzi, idman kompleksləri, kitabxanalar, öz dillərində mətbuat, jurnal dərc etmək hüququ verib. Dərsliklərin dərci üçün büdcədən maliyyə ayrılır. 

Ermənilər hətta öz məhəllələrini özləri idarə edirlər. Kilsələri ticarətlə, bizneslə məşğuldur, orada holdinqlər qururlar. Kilsədə qiymətli kağızlar satırlar. Molla rejimi ermənilər üçün elə şərait yaradıb ki, bütün biznes, ticarət imkanlarından faydalanırlar. Ermənistan adlanan dövlətin dövlətimizə qarşı təxribat həyata keçirməsi üçün nələr etməyib və bu gün də həmin əməlləri davam etdirir.

44 günlük müharibədən sonra Azərbaycan Prezidenti əməkdaşlıqdan, dostluqdan danışdı, dedi ki, biz həm siyasi, həm iqtisadi əməkdaşlığımızı zirvələrə qaldıra bilərik. Azərbaycan lideri "3+3" əməkdaşlıq formatı təşəbbüsünü ortaya qoydu.

Ermənistana 5 bəndlik sülh təklifi verdi və bildirdi ki, regiondakı proseslərə, iqtisadi layihələrə qoşula bilər. Amma gördünüz ki, İran adlanan ölkə bəyan etdi ki, o əməkdaşlığa gedən yol mənim "qırmızı xəttimdir". Yəni Zəngəzur dəhlizi nəzərdə tutulurdu. 

Ardınca Tehran rejimi Qafanda konsulluq açdı. Yenə də dayanmadı. İran parlamentinin erməni deputatı Ara Şahverdiyan dedi ki, İranın yol və tikinti üzrə şirkətləri artıq Qafana getməli və orda yollar çəkilməlidir və s. Bu da bir məsələyə işarə edir. İran adlanan ölkədə böyük tikinti və yolsalma şirkətləri bu ölkənin əsas hərbi qüvvəsini təşkil edən "Sipah Pasdaran"a və İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan, yarı hökumət təşkilatı "Xatəm əl-Ənbiya" İnşaat Bazasına bağlıdır. 

Bu şirkətlərin Qafana getməsi o deməkdir ki, orda topoqrafik xəritələr çıxaracaq, bütün bölgə xəritəyə alınacaq və bu, hərbi xəritəyə çevriləcək. Orda nə işlər görülə bilər, coğrafi mühit necədir və digər məqamlardan söhbət gedir. Burada hərbi əməliyyatlarda, təxribatlarda, fəaliyyətlərdə o ərazidən necə istifadə olunması məsələsi ortaya çıxa bilər. 

Ona görə də bu, İran adlanan ölkədə Qafanda sadəcə bir konsulluq açıldı məsələsi deyil. Bunun davamı gəlir və o davamı gətirən İran birbaşa təxribata yönəlik fəaliyyətlə Azərbaycan dövlətinə qarşı təxribatla məşğul olmaq istəyir. Biz görürük ki, Ermənistan müharibədə məğlub olsa da, düşmənçilik, təxribat fəaliyyətlərindən əl çəkmir və bu fəaliyyətlərinə İranı da yaxından cəlb edib. Üçtərəfli Soçi görüşündən dərhal sonra baş nazir Nikol Paşinyan qaça-qaça İrana getdi. 

Prezident Rəisi ilə görüşdə dedi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gedən məsələlərlə bağlı İran da məlumatı olmalıdır. Yəni artıq İran bu işin bir ayağı olub. Təbii ki, Tehran rejimi istəmir ki, Azərbaycan bir dövlət olaraq güclənsin. Amma bir məsələ var, Azərbaycan 44 günlük müharibədən sonra bu bölgənin geosiyasi inkişafı, geosiyasi formatının yenidən ortaya qoyulması məsələsində söz sahibi olan, öz siyasi, hərbi, iqtisadi gücünü ortaya qoyan bir dövlətdir. 

Təbii ki, İran adlanan ölkənin aparıcı qüvvələri "Sipah Pasdaran", dini rəhbərliyi bu prosesin qarşısında dayanmağa çalışırlar. Azərbaycana xəbərdarlıq edirlər ki, artıq burda dayanmalısan, ondan artığını istəyə bilməzsən. Amma yanılırlar. Azərbaycan onların sözü ilə öz addımlarını, siyasətini müəyyən etmir.

-  Qeyd edildiyi kimi, özünü islam dövləti adlandıran İran Ermənistanla dostluq edir, bu ölkənin illərdir məscidlərimizi, dini abidələrimizi dağıtmasına göz yumur. Sizcə, İslam dinini öz mənfur əməlləri üçün istifadə edən, şiəliyi deyil, Xomeynini təbliğ edən və bundan şiə məzbəhinə məxsus insanların yaşadıqları ölkələrdə təsir gücünü artırmaq üçün yararlanan İranın İslam Respublikası adına haqqı çatır?

-Hamı düşünür ki, bu İslam Respublikasıdır. Amma belə deyil. İran adlanan ölkədə həm Pəhləvi dövründə, həm indiki dövrdə "fars şiəçiliyi" hegemonluq edib. 

Bu, fars şiəliyi fars tarixinə, farsçılığa dayalı bir şiəçilikdir. Yəni gerçək mahiyyətdə olan məzhəb deyil. Azərbaycan türklərinin şiəliyi, şiə təfəkkürü, zülmə qarşı düşüncəsi ilə yola çıxaraq imam Hüseynə, Həzrət Əlinin davamçılarına hörmətlə yanaşması və onu bir məzhəb kimi qəbul etmələri tamamilə fərqlidir. İran adlanan ölkədə fars şiəçiliyinin məfkurəsi, düşüncəsi və apardığı fəaliyyətlərə baxın. Siz görürsünüz ki, fars şiəçiliyi əsasında terror qruplaşması yaradıblar. 

Fars şiəçiliyi əsasında Qüds qoşunları deyilən inqilab keşikçilərinin xaricdə fəaliyyət göstərən terror şəbəkəsi formalaşıb və onlar başqa terror qruplarını da yanlarına alaraq o şəbəkəni genişləndirməyə çalışırlar. Yəni Qarabağda məscid dağıdıldı, məscidlərdə donuz saxlanıldı və s. onlar üçün maraqlı deyil.

Hər hansı bir dini məsələ onların işinə yarayırsa, onda molla rejimi həmin məsələ ilə bağlı açıqlama verir. Qarabağda işğal zamanı məscidlərin dağıdılmasını, donuz saxlanmasını gündəmə gətirmək, ona qarşı hər hansı fitvanın verilməsi, Ermənistana xəbərdarlıq edilməsi onlara sərf etmir. 

Məsələn, Xamneyi çıxa və bir fitva verə, tələb, istək irəli sürə bilərdi. Niyə bir dəfə də olsun Ermənistandan işğal etdiyi əraziləri geri qaytarmasını, məscidləri dağıtmağı dayandırmasını, orda donuz, mal-qara saxlamamasını tələb etmədi. Demədi ki, bu bizim inancımıza ziddir, bunu etsən, səninlə bağlı iqtisadi-siyasi fəaliyyətləri məhdudlaşdıracağıq. 

Niyə demədi bunu? Çünki bu heç onu maraqlandırmır. Məscid, imam, peyğəmbər, Quran bunlar hamısı müqəddəs dəyərlər olmasına baxmayaraq, fars şiəçiliyində sui-istifadə amilinə çevrilib. Yəni özlərinə lazım olanda bundan siyasi-iqtisadi ideoloji baxışdan istifadə edirlər. Görürsünüz ki, Azərbaycan dövlətinə qarşı terror qrupları yaradır. 

Onlara müxtəlif təlimlər keçirlər. Konkret hərbi təlimlər keçir və bu təlimlər sırf terror işləri ilə əlaqədardır. Üzərində 313 rəqəmi olan köynəklər İran adlanan ölkənin səfirinin maşını ilə Azərbaycana göndərilib, bu, nə deməkdir? Belə bir söhbət var ki, İmam Zaman gələcək və onun ən yaxın insanları 313 nəfərdir. Bu bir ideoloji yanaşmadır. Amma gerçəklikdə o tarixə gedəndə belə bir hadisənin nə zaman, necə baş verməsi məsələsində özləri belə mübahisə edirlər, özləri deyirlər ki, İmam Zaman məsələsi hələ sübuta yetirilməyib. 

Baxmayaraq ki, onu təbliğ edirlər. Yəni rejim istəyir ki, Azərbaycanda təsir gücünü artırmaq üçün məzhəb amilindən, şiəçilikdən sui-istifadə etsin. Şükürlər olsun ki, onun artıq gerçək mahiyyəti ortaya çıxıb. Onların ifadə etdikləri ideoloji siyasət, ideoloji yanaşmanın mahiyyətində din yoxdur. 

Orda irqçilik var, fars irqçiliyi var, farsçılıq əsasında din, məzhəb pərdəsi adı altında bir siyasətin aparılması var. Bu siyasət hər zaman ikiüzlü, hər zaman xain bir siyasət olub və biz buna 30 il Azərbaycan dövlətinə qarşı olan münasibətdə gördük.

- İranı artıq neçə aydır bürüyən etiraz aksiyaları nə ilə nəticələnə bilər? Bu ölkədəki proseslər Güney Azərbaycan üçün nə vəd edir? Molla rejimindən qurtulmaq mümkün olacaq?

-İranda etirazlar 50 gündən çoxdur ki, davam edir. Bu prosesə, etirazlara böyük ehtiyac var. Güney Azərbaycanda, Bəlucistanda, Əl-Əhvazda, bir sıra digər bölgələr var ki, orda qeyri-fars millətləri də yaşayır. Onların torpaqlarında bu cərəyan edir. İran adlanan ölkənin gerçəkliyi budur ki, ora çoxmillətli, çoxdilli, çoxmədəniyyətli bir ölkədir. 

Amma təəssüf ki, 1926-cı ildən Rza xandan bəri Pəhləvi rejiminin qurduğu siyasət belə olub ki, bir ölkə, bir dil, bir bayraq. Bu da o anlama gəlir ki, burada fars və farsçılıq, farsın tarixi, farsın mədəniyyəti, dili, bir sözlə, hər şeyi hakim olmalıdır. Digər millətlər, dillər mədəniyyətlər məhv olmalı, onların milli kimliyi inkar edilməlidir. 

Onların başında gedən ən dərin tarixə malik millət də Azərbaycan türkləridir. Dövlətçilik tarixi olan Azərbaycan türkləri. Vətən və millət anlayışını Azərbaycan və azərbaycançılıqda görən və onun içində o dili, mədəniyyəti dəyərləndirən Azərbaycan türkləridir. 

Ona görə də bu son 100 ildə ən çox assimilyasiya, məcburi mühacirətlərə, torpaqlarının müxtəlif inzibati bölgü adı altında parçalanmasına Azərbaycan Güney Azərbaycanda məruz qalıb. Bu gün hələ də çalışırlar ki, bizim Cənubi Azərbaycan bölgəsində demoqrafiq sistemi dəyişdirsinlər, orda iqtisadi problemlər yaratsınlar və insanlarımız mühacirət etməyə məcbur olsunlar. 

Bu kimi fəaliyyətlərlə istəmirlər o gerçəklik üzə çıxsın. Bu gerçəkliklər üzə çıxdıqca etirazların mahiyyəti dəyişəcək. Və bu mahiyyəti dəyişəcək gücə malik Güney Azərbaycanda Azərbaycan türkləridir.

Bizim tariximiz və keçmişimiz buna imkan verir. Bu dəyişimdə Güney Azərbaycan aparıcı rol aldıqca, o rolu daha yüksək səviyyədə təmsil etdikcə, digər qeyri-fars millətləri də onun arxasınca gedəcəklər. Azərbaycanın şüarlarının mahiyyətinə baxıb onlar da öz şüarlarını ortaya qoyacaqlar. 

Güney Azərbaycanda azadlıq, ədalət, milli hökumət, "Millətlərə istiqlal, qadınlara azadlıq" şüarları yavaş-yavaş Bəlucistanda da bəlucların istəyi əsasında formalaşıb gündəmə gələcək. Yəni o şüarı özlərinə məxsus səsləndirəcəklər. Əl-Əhvaz ərəbləri, digər etnik qruplar da həmçinin. 

Bu səbəb olacaq ki, İran adlanan ölkənin gerçək mahiyyəti, yəni çoxmədəniyyətli, çoxdilli, çoxmillətli bir ölkə olması məsələsi ortaya çıxsın. Təbii ki, bu məsələ ortaya çıxandan sonra orda müxtəlif cümhuriyyətlərin yaranması özünü göstərək. 

Güney Azərbaycanda da Azərbaycan türklərinin əsas istəyi, tələbi və apardığı milli siyasi mübarizə milli dövlətçiliyin qurulmasıdır və biz bu yöndə çalışırıq.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar