SON XƏBƏRLƏR

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

2022.10.20, 05:56
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gunaz.tv

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha 6 şəxsi və 4 təşkilatı əlavə edib.

Qeyd olunub ki, bu şəxslər və təşkilatlar iranlı qadınlar daxil olmaqla insan hüquqlarının kobud şəkildə pozulmasına töhfə verib və ya bu pozuntularda iştirak ediblər, İran rejiminin öz vətəndaşlarına qarşı repressiya və təqiblərinə haqq qazandırmaq üçün təbliğat aparıblar.

“Qara siyahı”ya, xüsusən də İran Konstitusiyası Keşikçiləri Şurası, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirlərindən biri və İran Yayım Korporasiyasının keçmiş rəhbərinin adı daxil edilib.

Kanada Xarici İşlər Nazirliyi “insan hüquqlarının davamlı və sistematik şəkildə pozulması və regional sülh və təhlükəsizliyin təhdidinə yönəlmiş fəaliyyətlərə” görə bu qurumlara və şəxslərə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Kanadanın xarici işlər naziri Melani Coli verdiyi açıqlamada, ölkəsinin İran rejiminin insan haqları pozuntularına və regionun sülh və təhlükəsizliyinə təhdidlərinə cavab vermək üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyini və etirazçıları dəstəkləməyə davam edəcəyini bildirib.

Bu sanksiyalar adı çəkilən şəxslər və qurumlarla əlaqələri qadağan edəcək və onların Kanadada malik ola biləcək hər hansı aktivlərini faktiki olaraq donduracaq. İmmiqrasiya və Qaçqınların Müdafiəsi Qanununa əsasən sanksiya tətbiq edilən şəxslərin Kanadaya daxil olmasına icazə verilməyəcək.

Bundan əvvəl Kanada hökuməti iki ayrı sanksiya paketi zamanı İslam Respublikasının 42 fiziki şəxsi və 12 qurumunu sanksiya siyahısına daxil etmişdi.

Oktyabrın 7-də Kanadanın baş naziri Castin Trüdo İnqilab Keşikçiləri Korpusunun 10 min üzvünün və İslam Respublikasının yüksək vəzifəli məmurlarının ölkəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər gördüyünü elan edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar