SON XƏBƏRLƏR

Argentina Əli Əkbər Vilayətinin həbs edilməsi üçün rəsmi qaydada Azərbaycana müraciət edib

2021.10.20, 07:36
Argentina Əli Əkbər Vilayətinin həbs edilməsi üçün rəsmi qaydada Azərbaycana müraciət edib

Gunaz.tv

GünAz TV: Argentina hökuməti noyabrın 14- 15-də Bakıda keçiriləcək dini tədbirdə iştirak etmək üçün Azərbaycana səfər etməsi gözlənilən İranın sabiq Xarici İşlər naziri, hazırda isə “dini lider”inin xarici siyasət üzrə ali nümayəndəsi olan Əli Əkbər Vilayətinin saxlanılaraq bu ölkəyə ekstradisiya edilməsi üçün Azərbaycana müraciət edib.

 

“The Jerusalem Post”un yaydığı məlumata əsasən, Argentina hüquq-mühafizə orqanları Əli Əkbər Vilayətinin 1994-cü ildə Buones-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzinə qarşı həyata keçirilmiş terror aktında iştirakına dair təkzibedilməz sübutlara malikdir.

 

Qəzet qeyd edir ki, bununla əlaqədar olaraq, Argentina Xarici İşlər Nazirliyi Azərbaycanın Buones-Ayresəki səfirini çağıraraq, Vilayətinin Bakıda saxlanaraq Argentinaya ekstradisiya olunması üçün Azərbaycana rəsmi qaydada müraciət ünvanlayıb.

 

Argentina qanunvericiliyinə görə, ittiham olunan özünü məhkəmə qarşısında müdafiə etmək imkanına malik olmalıdır. Həmin terror hücumunu həyata keçirən İran rəsmiləri hazırda ölkədə yüksək postlarda əyləşiblər. Terror aktlarının təşkilində adları keçən bu şəxslər Argentina torpağına ayaq basmadıqları üçün, onların cinayət məsuliyyətinə cəlbi də bu günə qədər reallaşmayıb.

 

Məlumatda deyilir ki, Argentina XİN Vilayətinin Bakıdakı toplantıda iştirakından “dərin narahatlıq” ifadə edib və Azərbaycan tərəfini onun həbs olunub təhvil verilməsi üçün əməkdaşlığa çağırıb.

 

Digər tərəfdən, İran 1992-ci ildə İsrailin Buones-Ayresdəki səfirliyi önündə bomba quraşdırılmış maşının partladılması ilə həyata keçirilən terror hücumuna görə də günahlandırılır. Bu hücum nəticəsində səfirlik binası dağılmış, 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı. Həmin bombalı hücuma görə 2007-ci ildən bir qrup iranlı İnterpol tərəfindən axtarışdadır. Onların arasında ölkənin Kolumbiyadakı keçmiş mədəniyyət attaşesi, molla Möhsün Rəbbani də yer alır. Rəbbani axtarışa veriləndən sonra Argentinaya bir daha səfər etməyib.

 

Argentina hüquq-mühafizə orqanları müəyyən ediblər ki, İsrail səfirliyinə və mədəniyyət mərkəzinə hücumun təşkilatçıları arasında Əli Əkbər Vilayəti ilə yanaşı, keçmiş SEPAH rəhbəri Möhsün Rezayi və hazırda İran hakimiyyətində yüksək postlar tutan bir sıra digər yüksək rütbəlilər də olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar