SON XƏBƏRLƏR

“Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”-Akademiyada növbəti təlim keçirilib

2022.11.23, 12:03
“Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”-Akademiyada növbəti təlim keçirilib

Gunaz.tv

Təlimdə Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri siyasi elmlər doktoru, dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda mühazirə ilə çıxış edib. 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 24-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 2020-ci il 26 dekabr tarixində Fərman imzalanıb. 

Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. 

Məhz təşkil edilmiş təlimin əsas məqsədi bu dəyişikliklərin izahı və həyata keçirilməsi metodlarının rəhbər heyətin diqqətinə çatdırılması olub. 

R.Rəhimli təlim iştirakçılarına ölkəmizdə dövlət qulluğunun formalaşması, qanunverici bazası haqqında məlumat verərək qeyd edib ki, Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparılır. 

16691994773581214169_1000x669.jpg

Mühazirəçi, həmçinin dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verib. 

R.Rəhimli bildirib ki, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyada da dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mühüm məsələ kimi qeyd olunur. 

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi və bir sıra əlaqəli sahələrdə əsaslı islahatların həyata keçirilməsini nəzərdə tutur.

Mühazirəçi Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamı qeyd edərək, növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetin reallaşdırılmasında dövlət qulluqçularının qarşısında duran mühüm vəzifələri vurğulayıb. 

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar