SON XƏBƏRLƏR

AXC dövründə milli ordumuz

2021.10.20, 07:36
AXC dövründə milli ordumuz

Gunaz.tv
AXC dövründə milli ordumuz Səməd bəy Mehmandarovun 90 il əvvəl ordumuzun yaradılmasında müstəsna rolu olub Elçin Qaliboğlu Hər millətin həyatında enişlər-yoxuşlar olur. Tarix boyunca başımıza çox fəlakətlər gəlib, amma bu gün bir millət olaraq məhv olmamışıqsa, ayaqdayıqsa, bu, hər şeydən əvvəl milli, özümüzəməxsus keyfiyyətlərimizlə bağlıdır. Hər xalq dövlət yarada bilmir. Dövlət yaratmaq, onun varlığını uzun müddət təsdiq etmək hünər istəyir. Tarix boyunca qəsbkarlıq etməyən, imperiyalar yaratsa da, getdiyi ərazilərdəki millətlərin əzəli haqlarını tapdamayan, daim türk xislətinə uyğun hərəkət edən türklər 20-ci yüzilin əvvəllərində tarixin daha amansız qovğalarına tuş gəldilər. Məhz bu dönəmdə dünya daha da siyasətbazlaşdı, mərdliklə, döyüş meydanında üz-üzə biri-birinə dov gəlmək ənənəsi arxa plana keçdi. Biri-birinin ardınca türklərə arxadan zərbələr vuruldu. Osmanlı imperiyasının süqutu dönəmində türklərin ölüm-dirim savaşı apararaq Atatürkün başçılığı altında Türkiyə Cümhuriyyətini qurması tarixi hadisə idi. Bu, türk xalqının möhtəşəm, yenilməz döyüşkənlik ruhundan xəbər verirdi. 1918-ci ildə Nuru paşanın başçılığı altında türk ordusunun Azərbaycana köməyə gəlməsi də bu mənada əlahiddə bir xilaskarlıq hadisəsi idi. Türklərin bütün səylərinə, döyüşkənliyinə baxmayaraq dünya daha amansız şəkildə qan havasına oynayırdı. Bu dövrdə Azərbaycanda qurulan Xalq Cümhuriyyətinin 23 aylıq varlığının təsdiqində dövlətin xüsusi önəm verdiyi ordu quruculuğu müstəsna rol oynamışdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi məşhur generallarımız milli ordu qurucuğunda əvəsiz xidmətlər göstərmişdilər. Yazıçı, tanınmış araşdırmaçı-jurnalist Şəmistan Nəzirli Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş generalların həyat və fəaliyyətini araşdırıb, gərəkli nəticələrə gəlib. Onun fikrincə, Səməd bəy Mehmandarovun hərb sənəti dövlətçilik tariximizdə özünəməxsus yerə malikdir. Hərbi xadim kimi Səməd bəy Mehmandarovun xidmətləri əvəzsizdir: "Onun artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından rus hərb tarixçiləri iftixarla yazıblar. Nə qədər təəssüflü səslənsə də, deməliyəm ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki məşhur general olub. Sovet dövründə görkəmli sərkərdələrimizi unutmuşuq. Onları az tədqiq etmişik. Halbuki yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, I Dünya savaşında isə almanlara qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə "Artilleriyanın allahı" fəxri adı, digərinə isə "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalı arasında onların öz yeri olub". S.Mehmandarov ilk təhsilini 1875-ci ildə Peterburqdakı Konstantin Yunkerlər məktəbində alıb. Hərbi sahəyə olan güclü marağı və fitri istedadı sayəsində az vaxtda podporuçik rütbəsiylə təltif olunub. 1898-ci ildə artıq o, podpolkovnik idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Səməd bəy Mehmandarovun bu dövrdə göstərdiyi tarixi rəşadət onun millətini ürəkdən sevən, onillər ərzində qazandığı zəngin hərbi təcrübəni daim Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, xalqa xidmətə sərf etmək istəyən bir hərb xadimi olduğunu sübut etdi. Şəmistan Nəzirlinin araşdırmalarından məlum olur ki, artilleriya generalı Səməd bəy Mehmandarov 1917-ci il martın 28-də tam artilleriya generalı rütbəsində istefa verir: "Onun sonuncu vəzifəsi ikinci Qafqaz ordusunda korpuslar qrupunun komandanı idi. Mütəxəssislərin fikrincə, bu, ordu komandanı vəzifəsinə bərabərdir". S.Mehmandarov çar Rusiyası dövründə böyük uğurlara və şöhrətə çatır. Tale elə gətirir ki, doğma Vətəni Azərbaycan bu məşhur övladının hərbi sahədəki biliyindən, təcrübəsindən yararlana bilir: "İmperiya dağılandan sonra Vladiqafqaz şəhərinə gələn Mehmandarov yaralılara yardım edən "Aleksandr komitəsi"nə üzv seçilir. Ömründə ilk dəfə hərbi xidmətə son qoyub dinc həyat sürməyə başlayır. Cəmi bir neçə ay sakit yaşayan Səməd bəy 1918-ci ilin əvvəllərində Vladiqafqazı tərk etməli olur. Şimali Qafqazda sovet hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən Səməd bəy Mehmandarov Gürcüstan yolu ilə Bakıya gəlir. 1918-ci il noyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə hərbi nazirlik yaranır. Nazirliyin təşkili iki məşhur generala - Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskiyə tapşırılır. Həmin il dekabrın 24-də nazir hərbi salamlaşma barədə belə bir əmr verir: "Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması - bir sözlə "Salam", cavabı isə "Əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "Mərhəba", əsgər cavab verməlidir: Çox sağ ol!". Ş.Nəzirlinin gərgin araşdırmalarının nəticəsi olan aşağıdakı qənaətlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun yetkin nizamlı hərbi qüvvə olaraq fəaliyyət göstərdiyini sübut edir: "Görkəmli sərkərdəmizin Azərbaycana gəlişini, dar gündə xalqın dayağı olmasını əsgərlər böyük sevinclə qarşılamışdı. İl yarım fəaliyyətdə olan milli ordumuzda 21 azərbaycanlı general xidmət edib. Onlardan yalnız ikisinə - Teymurbəy Novruzova və Səmədbəy Mehmandarova şərqi qoşmuşlar. Azərbaycanın taleyinin həll olunduğu bir vaxtda müdafiə naziri kimi məsul bir vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda duran çətinlikləri çox yaxşı dərk edirdi. Yüzillərlə əsgəri qüvvəsi olmayan bir xalqa qısa vaxtda nizami ordu yaratmaq ağır və məsuliyyətli bir iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın ətrafı düşmənlərlə əhatə olunmuşdu. Dağılan imperiyadan Azərbaycana heç nə qalmamışdı..." Bu zaman Səməd bəy Mehmandarov 62 yaşında idi: "Onun qəlbindəki inamı, güclü vətənpərvərliyi hər şeydən üstün idi. O, deyirdi: "Üzərimə götürdüyüm bu müqəddəs vəzifəni yerinə yetirmək üün bütün gücümü və bacarığımı sərf edəcəyəm". Ş.Nəzirli bu qənaətdədir ki, şöhrətli generalımız S.Mehmandarovun 1918-1920-ci illərdəki fəaliyyəti xüsusilə böyükdür: "Onun Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabitlər qarşısında ata nəsihətli çıxışları, nəhayət, güclü Vətən təəssübkeşliyi 40 minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu". 1920-ci ilin 28 aprelindən sonra Səməd bəy Mehmandarov Bakıda qalır. Baxmayaraq ki, onun həyatı üçün təhlükə vardı: "1920-ci il avqustun 1-dən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun böyük köməkliyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorova, Yakovlevə, baş artilleriya marşalı Voronova və başqalarına dərs deyib. Mehmandarov da artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil edilir, Hərbi Akademiyada taktikadan dərs deyir. Bir ildən sonra Bakıya qayıdan generallar burada Azərbaycan Komandirlər Məktəbində dərs keçiblər. 1928-ci ildə səhhətinə görə istefaya çıxan general Mehmandarova dövlət yüz manat pensiya kəsmişdi. 1931-ci ilin fevralında Bakıda vəfat edən Mehmandarov keçmiş Çəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunub. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılıb. O zaman generalın ailəsi sürgündə idi. Qəbri başqa yerə köçürülmədiyindən yerlə-yeksan edilib". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar