SON XƏBƏRLƏR

Ayətullah Sadıq Şirazinin tərəfdarları İranın Londondakı səfirliyinə hücum edib – 2 VİDEO

2021.10.20, 07:36
Ayətullah Sadıq Şirazinin tərəfdarları İranın Londondakı səfirliyinə hücum edib – 2 VİDEO

Gunaz.tv

GünAzTV: İraqın məşhur şiə ruhanilərindən olan İran əsilli ayətullah Sadıq Şirazinin tərəfdarları, martın 9-da İranın Londondakı səfirliyinə hücum edib.

 

Hadisə, ayətullah Şirazinin oğlu, axund Seyid Hüseyn Şirazinin bir neçə gün əvvəl İranın Qum şəhərində ərəb dilində etdiyi çıxışında, İran İslam Respublikasının dini lideri axund Əli Xamneyinin diktatorluğunu kəskin tənqid edərək onu Firona bənzətməsindən bir neçə gün sonraya təsadüf edib. O, həmin çıxışına görə dərhal həbs edilib.

 

Bildirilir ki, şiə ruhanisinin bir qrup tərəfdarı, onun oğlu Seyid Hüseyn Şirazinin Qumda həbs olunmasına etiraz əlaməti olaraq martın 9-u axşam saat 16:20 radələrində İranın Londondakı səfirliyinə hücum ediblər. Hücumçular səfirliyin binasını ələ keçirdikdən sonra İran bayrağını endirərək öz bayraqlarını səfirlik binasının balkonunda havada yelləməyə başlayaraq, İran rejiminə qarşı şüarlar səsləndiriblər.

 

Olaydan az sonra polis qüvvələri hadisə yerinə gələrək İran səfirliyini işğalçıların əlindən  qurtarıb və hücumçular saxlanılıb. İranın Böyük Britaniyadakı səfiri Həmid Bəidi Nejad baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verərək deyib ki, hücumçular səfirliyə hücum edərkən, əllərində çomaq və dəyənək olub.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, həmin gün jurnalistlərə açıqlamasında deyib ki, Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və baş vermiş olayla bağlı ona rəsmi etiraz notası verilib.

 

Qeyd edək ki, İraqın İran əsilli məşhur şiə ruhanilərindən olan ayətullah Sadıq Şirazi, İran İslam Respublikası rejiminin və onun dini lideri axund Xamneyinin ciddi müxaliflərindən biri kimi tanınır. O və tərəfdarları, dinin siyasətə qarışmasına qarşı çıxırlar.

 

 

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar