SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Murtaza Pərvin qeyri-insani şallaq hökmünün icra edilməsinə imkan verməyib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Murtaza Pərvin qeyri-insani şallaq hökmünün icra edilməsinə imkan verməyib

Gunaz.tv

GünAz TV: Oktyabrın 10-u sübh saatlarında polis əməkdaşları tərəfindən saxlanılaraq Ərdəbil Prokurorluğuna aparılan azərbaycanlı milli-mədəni fəal barəsində çıxarılan qeyri-insani şallaq hökmünün icra edilməsinə imkan verməyib.

 

Murtaza Pərvinin məmurlara müqavimət göstərməsi onları qəzəbləndirib. Bundan sonra məmurlar tərəfindən döyülən fəal baş nahiyyəsindən yaralanıb, onun üz-gözünü qan bürüyüb.

 

Murtaza Pərvin son vaxtlar bel ağrısından müalicə alır. Hökmləri icra edən şöbənin hakimi fəalın xəstəliyini səbəb göstərərək hökmün icrasını dayandırmaq istəyib, lakin fəal bununla da razılaşmayıb. O bildirib ki, şallaq hökmü insan hüquqlarına zidd və ağır işgəncədir. Ona görə də bu hökm icra edilə bilməz və qeyd-şərtsiz azadlığa buraxılmaqdan başqa heç nə ilə razılaşan deyil.

 

Bundan sonra hakim şallaq hökmünü icra edilmiş kimi qələmə verib, fəal cərimə ödədikdən sonra azadlığa buraxılıb.

 

Murtaza Pərvin barəsində çıxarılan məhkəmə hökmü 40 zərbə şallaq və 4 aylıq həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən məbləğində cərimədən ibarət olub.

 

Murtaza Pərvin 2017-ci il iyunun 30-da Babək qalası mərasiminə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Kəleybər Məhkəməsi fəalı “ümumi nizam-intizamı pozmaq”da ittiham edərək islam cəza qanununun 618-ci maddəsinə istinadən həbs cəzasını əvəz edən cərimə və şallaq zərbəsi hökmü çıxarıb. Hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsində olduğu kimi qüvvədə saxlanılıb.

 

İran BMT-nin İşgəncələrə qarşı Konvensiyasına qoşulmayan bir neçə ölkədən biridir. Bu ölkədə bir sıra ittihamlara görə şallaq kimi işgəncə hökmləri çıxarılır. Beynəlxalq Əfv Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı dəfələrlə bəyanat yayaraq İran hökumətinə qeyri-insani hökmlərlə bağlı xəbərdarlıq ediblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar