SON XƏBƏRLƏR

BASABASDIR, BÖYÜK DÖVLƏTLƏR TƏLƏSİR, TƏKLİF ƏLİNDƏN TƏRPƏNMƏK OLMUR

2021.10.20, 07:36
BASABASDIR, BÖYÜK DÖVLƏTLƏR TƏLƏSİR, TƏKLİF ƏLİNDƏN TƏRPƏNMƏK OLMUR

Gunaz.tv
BASABASDIR, BÖYÜK DÖVLƏTLƏR TƏLƏSİR, TƏKLİF ƏLİNDƏN TƏRPƏNMƏK OLMUR elxanshahinoglu44_444.jpg Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Dünyada neft və qaza olan tələbat artdıqca Azərbaycana ünvanlanan təkliflərin sayı da artır. Tək elə son 10 günə Azərbaycanla bağlı 6 təklif və qərar saya bildim: - Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə Naxçıvan razılaşması. Azərbaycan Türkiyənin qaza olan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Ərzurum xətti ilə qaz ixracını artıracaq. Ərdoğan üçün Naxçıvan danışıqlarının ən böyük nailiyyəti məhz bu idi. Ancaq razılaşmanın daim işlək olması üçün Türkmənistan qazının da həmin xətlə ixracına ehtiyac var. Buna isə Rusiya əngəl olmağa çalışır. - Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəməddovdan Azərbaycan və Türkiyənin gözləntilərinə uyğun addım. Türkmənistan istehsal etdiyi illik 80 milyard kubametr qazın 50 milyardını Rusiya, 10 milyardını isə İran üzərindən dünya bazarlarına daşıyır. Moskvaya bu da bəs etmir. Kreml türkmən qazının istehsal həcminin artacağını əlində rəhbər tutaraq Türkmənistanda nə ki qaz var hamısını Rusiya üzərindən daşımağa iddialıdır. Ancaq türkmən liderin “Qazprom” şirkətinin başçısı Aleksey Milleri Aşqabadda qəbul etməməsi Moskvada soyuq duş effekti yaratdı. Bununla Berdiməhəmmədovun türkmən qazının bir hissəsini NABUCCO xətti ilə Azərbaycan və Türkiyə üzərindən daşıması istəyində israrlı olduğu üzə çıxdı. Onun Ankara və Bakı səfərlərinin ilk cücərtiləriydi bu. - Rusiyanın sürpriz təklifi. “Rusiya Azərbaycan qazını dünya qiymətlərinə almağa hazırdır” – bu, Aşqabaddan öncə Bakını ziyarət edən Millerin İlham Əlyevlə görüşdə səsləndirdiyi məlum açıqlamasıdır. Bu təklif siyasi və iqtisadi çevrələri çaş-baş salıb. Həmin çevrələr “Kreml Azərbaycan, Türkiyə və Türkmənistanın yer aldığı NABUCCO layihəsini əngəlləməkmi istəyir” sualına cavab axtarırlar. Əslində sualın cavabı bəllidir. Rusiya prezidenti Dmitri Medvedyevin 3-4 iyulda Bakıya, 4-5 iyul tarixlərində isə Aşqabadı ziyarət etməyə hazırlaşması Kremlin inhisarçı planlarından vaz keçmədiyinə işarədir. Axı Azərbaycan öz qazını və neftini məhz ona görə Gürcüstan və Türkiyə üzərindən dünya bazarlarına daşıyır ki, Avropa Birliyi ölkələri üçün alternativ enerji mənbəyi rolunu oynasın. Bu, Azərbaycanın imkanlarını və beynəlxalq aləmdəki çəkisini artırır. Belədə Rusiyanın təklifinə razılaşmaqla oturduğumuz budağı öz əlimizlə baltalayası deyilik ki? Əlbəttə, rəsmi Bakı Moskvaya dərhal “yox” deməmək üçün “bu təklifi araşdırırıq” kimi açıqlamalara üstünlük verəcək. “Araşdırma” isə 6 ay da çəkə bilər, 2 il də. Həmin müddətə qədər isə NABUCCO layihəsi start götürəcək və məsələyə nöqtə qoyulacaq. - Qazaxıstandan gözlənilən qərar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin Bakı-Tbilisi-Ceyhan boru xəttiylə bağlı qərarını təsdiqlədi. Azərbaycan, Türkiyə, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının Nazarbayevdən gözlədikləri qərar, nəhayət, həyata vəsiqə qazandı. Təsadüfi deyil ki, Bakıda keçirilən neft-qaz sərgisiylə bağlı İlham Əliyevə məktub göndərən ABŞ prezidenti Corc Buş Qazaxıstanın BTC-yə qoşulma qərarından duyduğu məmnuniyyəti önə çəkdi. Bu qərar da Moksvanın kefinə soğan doğradı. Moskva Türkmənistan qazıyla yanaşı Qazaxıstanın bütün neftinin də öz ərazisiylə daşınmasını istəyirdi. Moskvanın acgözlüyünün sərhədi yoxdur. Rusiya yalnız neftin satışından hər gün 1 milyard dollar qazanır. Dmitri Medvedyev Sankt-Peterburqdakı son çıxışında dünyaya mesaj yolladı: “Rusiya imperiya qurmaq deyil, dünya dövlətləri ilə bərabərhüquqlu səviyyədə sıx əməkdaşlıq etmək istəyir”. Məncə, tərsinədir. Medvedyev yüksək tribunadan “bərabərhüquqlu əməkdaşlıq”dan danışarkən emissarları vasitəsilə qonşu dövlətlərə zorla təklif sırımaq siyasətinə girişib. Bölgənin bütün enerji resurslarının daşınması iddiasından əl çəkməmək Rusiyanın imperiya düçüncəsindən hələ xilas olmadığına bariz nümunədir. - İranın köhnə-yeni təklifi. Bakıdakı sərgiyə qatılan İranın xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar ölkəsinin Azərbaycan neftinin İran üzərindən Bəsrə körfəzinə, oradan da dünya bazarlarına daşımağa hazır olduğunu dilə gətirdi. Tehran köhnə təklifindən əl çəkmir. Deyəsən, Tehranda sadə bir həqiqəti anlamaq istəmirlər ki, İranın nüvə problemi həll olunmayınca, ABŞ-la münasibətləri normallaşmayınca Azərbaycanın İran üzərindən -neft ixracına razılaşması mümkün deyil. Bu azmış kimi, İran prezidenti indi də Avropadakı banklardakı pullarını geri götürəcəklərini açıqlayaraq yeni bir gərginlik ocağı yaradıb. Xəzər-Baltik dənizi enerji koridoru. Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa və Baltikyanı ölkə prezidentlərinin Kiyevdə aldıqları qərara görə, Xəzər dənizinin nefti Rusiyadan yan keçməklə Odessa-Brodı-Qdansk boru xətti ilə Qərbə daşınmalıdır. Ancaq Azərbaycanın bu layihəni dəstəkləməsi azdır, Qazaxıstanın da “hə”si gərəkir. Azərbaycan neftini mövcud 3 boru xəttiylə dünya bazarlarına daşıyarkən 4-cü boru xəttini doldurmaq üçün Qazaxıstan neftinə ehtiyacı var. Qazaxıstan qərarını verməsə də, hələ ki, “Xəzər-Qaradəniz- Baltik enerji koridoru” layihəsi gündəmdə yerini qoruyur. Ukraynanın Azərbaycandan başqa bir umacağı da var. Azərbaycanın Gürcüstan və Türkiyədə neft terminallarının açılmasına milyardlarla dollar xərcləməsindən şirniklənən Ukrayna prezidenti Viktor Yuşşenko da hərəkətə keçib. O, Azərbaycanın Ukraynadakı yarı gücüylə işləyən neft emalı zavodlarını da almasını təvəqqe edir. Nə deyirik, Azərbaycana dollar və avroların gəlhagəl vaxtıdırsa və artıq xərcləməyə yer tapmırıqsa, nədən digər strateji ortağımızın iqtisadiyyatında da önəmli rol oynamayaq? Beləliklə, İrandan Baltik dənizinə qədər uzanan geniş məkanda Azərbaycanın başlıca rol oynadığı neft və qaz layihələriylə bağlı sürətli hərəkətlənmə var. Basabasdır, böyük dövlətlər tələsir, təklif əlindən tərpənmək olmur. Görünür, “enerji tortundan” indi kim nə qırpdı, qıprdı, sonra bölməyə və paylaşdırmağa bir şey qalmayacaq. İsti müharibələr dövrü arxada qalıb, dünya enerji zənginlikləri uğrunda diplomatik savaşlara şahidlik edir. Yaşamaq uğrunda mübarizə gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar