SON XƏBƏRLƏR

BAXCP sədri Qüdrət Həsənquliyev, Abbas Lisani ilə bağlı İran səfirinə açıq məktub ünvanlayıb

2021.10.20, 07:36
BAXCP sədri Qüdrət Həsənquliyev, Abbas Lisani ilə bağlı İran səfirinə açıq məktub ünvanlayıb

Gunaz.tv

GünAz TV: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılması ilə bağlı İran İslam Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktubla müraciət edib.

Məktubda deyilir:

“Hörmətli cənab Səfir,

Mən Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasını istəyən bir siyasətçi kimi Sizin də bu istiqamətdə göstərdiyiniz səylərin səmimiliyinə inandığımdan və beynəlxalq hüquqa görə insan haqlarının heç bir dövlətin daxili işi olmadığını, İranın islami dəyərlərə sadiq olan hüquqi dövlət olması barədə verdiyi bəyanatları, o cümlədən rəhbərlik etdiyiniz diplomatik nümayəndəliyin və BAXCP-nin normal əməkdaşlıq münasibətlərinin yaranmasında maraqlı oduğunu nəzərə alaraq Sizə açıq məktubla müraciət etmək qərarına gəldim.

Hörmətli Cavad bəy,

Ərdəbil sakini, öz milli-mədəni hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin mütəmadi olaraq təqib olunması, sonuncu həbsindən 24 gün keçməsinə baxmayaraq həyat yoldaşı Rüqəyya Əlizadəyə onun harada saxlanılması və səhhəti barədə heç bir məlumat verilməməsi bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyətini də ciddi narahat edir.

İİR ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz töhfənizi verəcəksiniz.

Hörmətlə,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev”.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib.

Fəal saxlandığı gündən aclıq aksiyası keçirir, ona telefonla əlaqə saxlamaq icazəsi verilmədiyi üçün hansı vəziyyətdə saxlandığı barədə məlumat yoxdur. Fəalın ailə üzvləri bu barədə bir çox səlahiyyətli orqanlara müraciət edib, Ərdəbil Prokorurluğunda onlara bildirilib ki, növbəti xəbərdarlığa qədər onunla görüşmək mümkün deyil, o həkim nəzarətində saxlanılır.

 

Son günlərdə Güney Azərbaycanla yanaşı, Azərbaycan Respublikası, Türkiyə və Avropada yaşayan soydaşlarımız tanınmış fəalın qanunsuz saxlanmasına etirazları artırıb, onun azadlığa buraxılması tələbi ilə müxtəlif tədbirlər həyata keçirirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar