SON XƏBƏRLƏR

Beynəlxalq Valyuta Fondu 2019-cu ildə İranın iqtisadi inkişafının mənfi 6% olacağını proqnozlaşdırıb- Fotolar

2021.10.20, 07:36
Beynəlxalq Valyuta Fondu 2019-cu ildə İranın iqtisadi inkişafının mənfi 6% olacağını proqnozlaşdırıb- Fotolar

Gunaz.tv

GünAz TV: Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatı ilə bağlı aprelin 9-da dərc etdiyi son hesabatında 2019-cu ildə İranda inflyasiya və işsizlik həddinin yüksələcəyi, eləcə də ölkə iqtisadiyyatının kiçiləcəyini proqnozlaşdırıb.  

 

Bir gün öncə aprelin 8-da Dünya Bankının yayımladığı hesabatda İranın cari ildə iqtisadi inkişafının mənfi 3.8% olacağı proqnozlaşdırılıb. Lakin Beynəlxalq Valyuta Fondunun bu xüsusda dəyərləndirməsi daha bədbindir. Belə ki, Fond İranın iqtisadi inkişafının -6% olacağını proqnozlaşdırır.

 

Bu hesabata əsasən, 2018-ci ildə İranın iqtisadi inkişafı -3.9% olub, hansı ki, Dünya Bankı bu rəqəmi -1.6% kimi dəyərləndirib.

 

Hər iki hesabatda İran iqtisadiyyatının sanksiyaların təsiri nəticəsində düşünüləndən də daha çox ziyan gördüyü vurğulanır.

 

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2018-ci ildə İranda 31.2% olan inflyasiya həddi cari il ərzində 37.2%-ə qədər yüksələcək.

İranın özünün yaydığı məlumatlarda isə 2018-ci ildə ölkədə inflyasiya həddinin 20.6% olduğu bildirilir.

 

İran Statistika Mərkəzinin Beynəlxalq Valyuta Fondu ilə eyni zamanda dərc etdiyi hesabatda isə qeyd edilir ki, hicri 1397-ci il ərzində (mart 2018- mart 2019-red.) ölkədə inflyasiya həddi 26.9% olub. Bu isə Fondun göstərdiyi rəqəmlərdən kifayət qədər aşağıdır. Mütəxəssislərin fikrinə görə, İran daxili narazılıqlara səbəb olmamaq üçün rəsmi statistikalarda indeksləri real rəqəmlərdən kifayət qədər aşağı göstərir.

 

Valyuta Fondunun hesabatında həmçinin İranda 2018-ci ildə işsizlik həddinin 15.4% olduğunu qeyd edilib. Hansı ki, bu rəqəm 2017-ci ildə 13.9% olmuşdu. 2019-cu ildə isə 16.1%-ə çatacağı təxmin edilir.  

 

Bu sahədə də İran Statistika Mərkəzi aşağı rəqəmlər göstərir. Mərkəz həftədə 1 saat muzdla işləyən vətəndaşları da daimi işləri olan şəxslər kimi qələmə verir.

 

Valyuta Fondundan bir gün öncə hesabat dərc edən Dünya Bankı İranın Yaxın Şərq və Şimali Afrika ölkələri içərisində 2019-cu ildə iqtisadi inkişafı mənfiyə düşəcək tək ölkə olacağını bildirib. Hətta vətəndaş müharibəsi gedən Yəmən də bu sahədə İranı üstələyərək, cari ildə müsbət iqtisadi inkişaf trayektoriyasın izləyəcək.

 

Valyuta Fondunun proqnozlarına əsasən isə, 2019-cu ildə iqtisadi inkişafları mənfiyə düşəcək ölkələr İran və Sudan olacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar