Tələbələrin kütləvi həbsinə etiraz olaraq başladıqları aksiyanın ikinci günündə Təbriz Universitetinin həyətinə toplaşan öyrəncilər dərsə girməkdən imtina ediblər.
Öyrəncilər "küçələr qana boyanıb, müəllimlərimiz susub" şüarını səsləndirib, etiraz aksiyalarına dəstək verməyən müəllimləri tənqid ediblər.
İranın bir neçə universitetinin öyrənciləri təhlükəsizlik qüvvələrinin tələbələrlə qarşı qəddar davranışına, kütləvi həbslərə və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina ediblər.
Təbriz, Tehran, Şiraz və İsfahan şəhərlərində bir neçə professoru, müəllimi etiraz olaraq istefa verib və xalqla, öyrəncilərlə bir yerdə olduqlarını bildiriblər.
Şiraz Universitetinin Leyli Giledaran adlı müəllimi istefa verdiyini açıqlayıb.
O, bildirib ki, bu universitetin müəllimlərinin və elmi heyətinin çoxu yarım hərbi "Bəsic" qüvvələrinin üzvləridirlər.
"İndiki durumda mənim dərs deməyim çörəyimi qana batırıb yeməyə bərabərdir. Mən bu çörəyi yeyə bilmərəm",- deyə "Surə" Universitetinin kino və fotoqrafiya fakültəsinin professoru yazıb.
Cavidan