SON XƏBƏRLƏR

Darvinist müsəlmanlar - Güntay Gəncalp

2021.10.20, 07:36
Darvinist müsəlmanlar - Güntay Gəncalp

Gunaz.tv
Darvin özü dindən elmə gəlmişdi. Öncə din kültürü içində böyümüş və bu yolda gəlişmək istəmişdi. Ancaq keşişlikdən elmə üz tutdu və onun elmi nəzəriyəsi ilə bilim dünyasında çox böyük yeniliklər ortaya çıxdı. Darvinin ən ünlü və böyük kitabı ”növlərin kökəni” olaraq bilinməkdədir. Darvin bir sürü araşdırmalara dayanaraq evrim (təkamül) nəzəriyəsini ortaya qoydu. Darvinin araşdırmaları bioevrim üzərinə dayanmaqda idi. Bu araşdırmalar gerçəkdən də insanların zehnində və elmdə devrim yaratdı. Darvinin araşdırmalarını daha sonra leninistlər və ateistlər mənimsədikləri üçün ona böyük zərbə vurdular. Əslində isə Darvin evrim sirlərini çözməyə yönəlik bir araşdırma başlatmışdı. Ancaq daha sonra bəsit ideologiyalar Darvini eləm dünyasından uzaqlaşdırmağa başladılar. Sanki Darvin ateistlərin ideoloqu imiş kimi bir propaqanda edildi. İslam aləmi isə hər zaman olduğu kimi heç bir nəzəriyə ortaya qoymayıb, ortaya atılan nəzəriyələrlə savaşdığı kimi, yenə də Darvini anlamadan, hətta oxumadan onun Tanrı düşməni olduğunu savundular. Kitablarının oxunmasını müsəlmanlara yasaqladılar. Bir çox islam ölkəsində Darvinin kitabını oxumaq suç sayılır, oxucu darvinist adı ilə tutuqlanır. türkiyə cümhuriyəti demokratik bir ölkə olsa da tarixindən gələn dini dürtülər (təhriklər) onun toplumsal planda sekularlaşmasına, demokratikləşməsinə mane olur. Hər dəfə dini xürafatdan xoşlanan xalq kütləsi dinçiləri iqtidara gətirir və sonra da ordu və ya anayasal qurumlar tərəfindən bu hökümətlər düşürülür. Belə anlaşılır ki, dinçi xalqın tərcihi heç bir zaman doğru olmur və gerçəkdən elədir. Türkiyədə demokrasi milli iradəyə deyil, silah gücünə və orduya dayandığı üçün islam ölkələrində ən yaşanılır ölkə oradır. Bu üzdən də Qərbin düşünclərinin və bilim adamları əsərləərinin tərcüməsinə imkan var. Türkiyədəki dinçilərdə sərbəstdir və bu sərbəstliklərindən faydalanıb elmə qarşı hər türlü böhtanlar atırlar. Örnəyin Fətulla Gülən də İran mollaları kimi yağışın yağmamasını insanların suçlu olduğu ilə ilgiləndirdi. İqlimdəki dəyişiklik onlar üçün boş bir şey. O zaman adama sorarlar: Skandinaviya ölkələrində bu qədər yağışın yağması onların suçsuz olması səbəbi iləmi? Ya da ümumiyətlə Avropada və Hindistanda. Türkiyədəki dinçilər də, digər islam ölkələrinin fanatikləri kimi ardıcıl elmin darvinizmi inkar etdiyini və evrim nəzəriyəsinin ibtal edildiyini yazırlar. Darvini oxumayan dinçi adam isə bu təbliğata inanır. Çünkü dinçi kəsimə düşündürən bilgi lazım olmaz, inandıran bilgi lazım olar. Ancaq Darvinə qarşı islam dünyasında nə qədər bilimsəl olmayan böhtanlar atılsa da işin ilginc yanı bəzi müsəlman bilim adamlarının islamı darvinist bir bucaqdan baxaraq təhlil etmələridir. Bunlar zülmətdə parlayan zəif ulduzlar kimi görünürlər. Bu böyük bilim adamarından biri İran vətəndaşı olmuş və 2004-cü ildə Tehranda vəfat etmiş Yədulla Səhabidir. Yədulla Səhabinin islam üzərinə iki önəmli kitabı var. Bu kitablardan birinin adı “İnsanın yaradılışı” və digəri isə, “Quran və evrim(təkamül)” adlanır. Bu kitablarda Yədulla Səhabi islam dünyasında alışılmamış bir metodla din üzərinə yozum gətirir. Yazar bioloji məntiqlə dəyişim və transformasiyaları araşdırır və darvinist bir yanaşma ilə toplumsal, tarixi, dini kimliklər üzərinə yanaşır. Yədulla Səhabi öz kitablarında “insan” və “adəm” qavramlarını bir-birindən ayırır. Quran ayələrindən də örnəklər gətirərək bu iki qavramın tamamən fərqli evrim dönəmlərinə aid olduğunu savunur. Quranda “adəm”in “teyn”dən, bişmiş gildən yaradıldığı vurğulanır. Yenə də Səhabiyə görə Quran “adəm” və “insan” arasında fərq görməkdədir. “Adəm” peyqəmbər olmuş, ancaq insanlar “adəm”dən daha öncə, uzun zaman yer üzündə yaşamışlar. Daha doğrusu “Adəm” ilk insan deyildir. “Adəm” “insan”ın uzun zaman evrimi (təkamülü) nəticəsində yetişmişdir. “Adəm”dən daha öncə “insan” olaraq yaşanlar və daha sonra “adəm”ə dönüşənlər “hemosapin”lər olmuşlar. İranda bir çox din bilginləri Qurandan ayələr gətirərək Yədulla Səhabinin bu məntiqini savunmuşlar. Yədulla Səhabi yaradılışla bağlı əfsanəyə (fection) qarşı tədrici dəyişimi (transformation) qoyur. Alim öz görüşlərini savunmaq üçün Qurandan ayələr də gətirir. Ə´raf surəsinin 11-ci ayəsində deyilir: “Sizi yaratdıq və SONRA surət verdik və mələklərə dedik səcdə etsinlər.” Yədulla Səhabiyə görə buradakı bu SONRA yaradılış tarixini iki mərhələyə ayırır. Birinci mərhələdə canlı varlıq olaraq “insan”ın yaradılması, ikinci mərhələdə isə, yəni SONRA bu insanın evrim nəticəsində şüur qazanmsı və “adəm”ə çevrilməsi. Yəni Tanrının yaratdığı insandır, adəm deyildir. Burada adəmin peyqəbər olması da şüura çatması anlamındadır. Buradakı peyqəmbərlik anlayışı günümüzdəki mənanı daşımaz. Çünkü bu anlamda peyqəmbərlik insanın uzun təkamül prosesində adəmə dönüşməsidir. Adəm evrim (təkamül) nəticəsində ortaya çıxmışdır. Yəni insan təbiətlə üz-üzə gələrək, yer kürəsini tanıyaraq, evrənə (kainata) baxaraq “şüur” sahibi olmuş və adəmə dönüşmüşdür. Səhabiyə görə, buradakı “SONRA” çox uzun tarixi təkamülün göstəricisidir. Ancaq bu təkamülün nə qədər zaman içərisində gerçəkləşmiş olduğu bəlli deyil və elmin görəvi bunu bəlli etməkdən ibarətdir. Anlaşıldığı kimi ilk gündən şüurlu bir varlıq yaradılmamışdır, bu şüurlu varlıq təkamülün və təbiətə uyğunluğun sonucunda var olmuşdur. Quranda qeyd edilən səcdə “insan”a deyildir, “adəm”ədir. Təkamül nəticəsində ən uyğun və yaradıcı şəşklinə varmış və “adəm”ləşmiş insana mələklər səcdə edir. Yədulla Səhabi bu görüşünü, yəni təkamül nəzəriyəsini isbatlamaq üçün sadəcə bir Quran ayəsi ilə yetinmir. Ali-Ümran surəsinin 59-cu ayəsini də örnək olaraq gətirir. Bu ayədə deyilir: “İsa məsələsi Tanrı yanında Adəmin torpaqdan yaradılması kimidir. Ona dedi: “Ol” o da oldu” İsa necə yaranmışdır? İsadan öncə insan var mı idi? Ancaq İsanın yaradılışı fərqli şəkildə olmuşdur. Yəni Necə ki, İsadan öncə insan var idi, adəmdən öncə də insan mövcud olmuş. Yədulla Səhabinin bu darvinçi yanaşması əlbəttə ki, bir çox dinçilər tərəfindən rədd edilmişdir. O zaman Quranın evrimlə bağlı olan ayələrini necə təhlil etmək lazımdır. Tarix boyu siyasi iqtidarı əlində tutan dinçilər bu ayələrin üzərinə geniş analiz gətirməyi yasaqlamışlar. 15.06.08 www.azadtribun.net

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar