SON XƏBƏRLƏR

Daxili Problemlərini Aşmağa Çalışan Türkiyə

2021.10.20, 07:36
Daxili Problemlərini Aşmağa Çalışan Türkiyə

Gunaz.tv
Araz Tədqiqatlar Mərkəzi Daxili Problemlərini Aşmağa Çalışan Türkiyə 2007-ci il Türkiyə üçün xarici siyasətdəki müəyyən uğurlarla yanaşı daxili mürəkkəb siyasi proseslər və PKK terrorundakı xüsusi diqqət çəkən artış ilə yadda qaldı. Xarici siyasətdə çoxşaxəlilik prinsipinə söykənməyə çalışan Türkiyə, Avropa Birliyinə üzvlük prosesi istisna olmaqla bu istiqamətdəki səylərini 2007-ci ildə də uğurla davam etdirdi. 2007-ci ilin 22 iyulunda Ədalət və İnkişaf Partiyasının (ƏİP) qələbəsiylə başa çatan parlament seçkiləri keçirildi. May ayının əvvəllərində başlayan prezident seçkisi prosesi isə nəzərdə tutulduğu kimi may ayının ortalarında yox, parlament seçkilərində sonra, 28 avqust 2007-ci il tarixində başa çatdırıla bildi. Seçkinin 3-cü turunda 339 səs alan keçmiş Xarici İşlər Naziri Abdullah Gül Türkiyənin 11-ci prezidenti seçildi. Seçkilərin başa çatması uzun müddətdir davam edən “Türkiyədə Atatürkçü rejimin təhlükədə olduğu”na dair mübahisələri azaltmadı. PKK terrorundakı artış və terrora qarşı mübarizənin, terrorçuların qərargahlarının yerləşdiyi İraqın şimalına hərbi müdaxilə də daxil olmaqla genişləndirilməsi də yaddaqalan oldu. Uzun müddət davam edən terrorçu fəaliyyətlərin şiddətlənməsi, xüsusilə son Ramazan Bayramı öncəsində 13 hərbçinin şəhid edilməsi ilə nəticələnən terror hadisəsi əsəbləri kuliminasiya nöqtəsinə çıxardı. Bu terror aksiyasından sonra, uzun müddətdir hazır olduğu deyilən və İraqın şimalına müdaxiləyə imkan tanıyan qərar layihəsi oktyabrın 17-də Türkiyə Böyük Millət Məclisində (parləmentdə) 19-a qarşı 507 səslə qəbul olundu. Qərar Türkiyə Hökümətinə bir il boyunca lazım gördüyü anda ordusuna İraqın şimalına daxil olmaq əmri verməyə imkan tanıyırdı. Bu qərardan sonra Türk hərbçiləri İraqla həmsərhəd ərazilərdə əməliyyatları sıxlaşdırdılar. Ancaq noyabrın 30-u və dekabrın 1-də hərbi əməliyyatlar yeni mərhələyə keçdi. Əvvəlcə noyabrın 30-da sərhəd bölgəsindəki Şırnak vilayətində PKK-lı terrorçulara qarşı geniş hərbi əməliyyatlar keçirildi. 23-cü Jandarm Sərhəd Komandanlığının hərbi vertolyotları desant qüvvələrini PKK-lı terrorçuların olduğu ərazilərə endirdi. Bu bölgədəki əməliyyatlarda terrorçuların bir hissəsi məhv edildi. Dekabrın 1-də Mardin vilayətindəki Nusaybin rayonunun dağlıq hissələrində də əməliyyat aparıldı. Əməliyyat nəticəsində terrorçular məhv edildi, onlara aid silah-sursat isə müsadirə edildi. Həmin gün Türkiyə Baş Qərargahı ilk dəfə rəsmi olaraq ölkə xaricində hərbi əməliyyat keçirdiyini açıqladı. Açıqlamada, 2007-ci ilin dekabrın 1-də Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunun cənub-şərq istiqamətindəki İraq sərhədləri daxilində 50-60 nəfərlik PKK-lı terrorçu qrupun olduğuna dair kəşfiyyat məlumatının daxil olduğunu və bu məlumata əsasən əməliyyat keçirildiyi qeyd olunmuşdu. Əməliyyat nəticəsində terrorçuların çoxu məhv edilmiş, bir hissəsi isə qaçmışdır. Rəsmi məlumatda ehtiyac duyulduqca əməliyyatların davam edəcəyi də qeyd olunmuşdu. Sonrakı dövrlərdə Türk ordusu PKK-nın İraqın şimalındakı bazalarını vurmağa davam etdi. Ancaq bu hücumlar artıq ilk mərhələdə olduğu kimi reaksiyalarla qarşılanmır və normal hal kimi qəbul olunur. 2008-ci il yanvarın ortalarında Baş Qərargah Rəisinin Müavini (Genelkurmay İkinci Başkanı) Ergin Saygunun İraqa səfəri ilə əməliyyatların yeni mərhələyə keçə biləcəyi iddia edilir. Ergin Saygun qeyd olunan səfərində İraqlı hərbçilər və yüksək səviyyəli ABŞ generalları ilə görüşlər keçirmişdir. Bu görüşlər keçirilərkən Türkiyə İraqın şimalını bombalamağa davam etmiş, Türk hərbi təyyarələrinin İraq Kürdlərinin liderlərindən olan Barzaninin evinin üstündən uçduğu və Türk quru qoşunlarının da İraqa girməyə hazırlaşdığı (bir çox mütəxəssis, belə bir müdaxilə olmayacağı təqdirdə, hərəkatın yarımçıq və nəticəsiz qalacağına inanır) iddia edilmişdir. Yeni ildə köhnə mövzular 2008-ci ilə belə bir şəraitdə girən Türkiyənin gündəmində xarici siyasətdə çoxşaxəliliyin Avropa Birliyinə üzvlük prosesini sürətləndirəcək şəkildə davam etdirilməsi və PKK terroru ilə mübarizənin daha sistemli şəkildə aparılması ilə yanaşı iki yeni mövzu da yer almağa başlamışdır. Bunlar, “baş örtüyü problemi”nin yenidən qabarması və Baş Nazir Rəcəp Tayyib Ərdoğan tərəfindən ortaya atılan Türkiyə Respublikası Mərkəzi Bankının Ankaradan İstanbula köçürüləcəyi ideyasıdır. Prezident seçildikdən sonrakı ilk rəsmi səfərini (Şimali Kirp Türk Respublikası istisna olmaqla) Azərbaycana edən Gülün, daha sonrakı səfərləri əsasən Türk və Müsəlman dövlətlərinə baş tutmuşdu. Abdullah Gül 2008-ci ildəki ilk səfərini isə ABŞ-a etdi. Xatırladaq ki, Tükriyədən ABŞ-a prezident səviyyəsindəki axırıncı səfər təxminən 12 il əvvəl 1996-cı ildə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindn həyata keçirilmişdi. Bu dövrdə isə ABŞ-dan Türkiyəyə prezident səviyyəsində 2 rəsmi səfər baş tutmuşdu. ABŞ prezidenti Corc Buşun rəsmi dəvəti ilə 8-11 yanvar tarixlərində baş tutan səfər boyunca, yeni şəraitdə Türkiyə-ABŞ münasibətlərinin necə davam edəcəyinə, terrora qarşı ortaq mübarizəyə, Kipr probleminə, enerji sahəsindəki əməkdaşlığın daha da gücləndirilməsinə, müxtəlif regional və qlobal məsələlərə dair fikir mübadilələri aparıldı. ABŞ rəsmiləri, PKK terroruna qarşı Türkiyəni tam dəstəklədiklərini açıqladılar. Ümumiyyətlə isə, 6 noyabr 2007-ci il tarixdəki ABŞ-dakı Buş-Erdoğan görüşündən sonra, prezident Abdullah Gülün səfəri ilə son illərdə ciddi problemlər yaşayan Türkiyə-ABŞ münasibətlərinin yeni keyfiyyətlər qazanmağa başladığı müşahidə edilir. ABŞ səfərindən qayıdan Gül, qısa bir fasilədən sonra yanvarın 14-də geniş bir iş adamı heyəti ilə Misirə səfər etdi. Prezident Gül Misirdə yüksək səviyyəli görüşlər keçirdi və xüsusilə iqtisadi sahədə Türk iş adamları üçün uğurlu addımların atılmasında vasitəçilik etdi. O, səfərdən qayıdarkən təyyarədə jurnalistlərə verdiği açıqlamalarda 1999-2004-cü illəri PKK terroruna qarşı mübarizədə, 2007-ci ili isə AB-yə üzvlük prosesində (ikincisi bir az da jurnalistlərin mövzu ilə bağlı suallarında təkid etmələri nəticasəndə oldu) itirilmiş illər kimi qiymətləndirdi. O, xüsusilə AB-yə üzvlüklə bağlı 2008-ci ildə böyük planlar olduğunu, hətta “2008-ci ilin AB ili” kimi görüldüyünü açıqladı. Prezident Gülün Misirə getdiyi gün Baş Nazir Ərdoğan “Mədəniyyətlər İttifaqı” toplantısı üçün getdiyi Madriddə görüşlər keçirdi və geniş çıxış etdi. Yeri gəlmişkən, Ərdoğan Madridə getməmişdən bir neçə gün əvvəl Türkiyə Respublikası Mərkəz Bankını Ankaradan İstanbula köçürəcəkləri barədə qərarını açıqlayaraq yeni müzakirə obyekti yaratmışdı. Onun bu fikri, müxalifət və Ankaralı işadamları tərəfindən sərt etirazla qarşılanmışdı. Ümumilikdə müxalifət və xüsusilə Cumhuriyət Xalq Partiyası Ərdoğanın bu addımını “onun cumhuriyyətə düşmanlığı və Atatürkün mirasına qısqanclıqla yanaşması” kimi qiymətləndirmişdir (xatırladaq ki, Osmanlı dövründə Mərkəzi Bank dövrün paytaxtı olan İstanbulda yerləşirdi. Ancaq Atatürk rəhbərliyində Türkiyə Cumhuriyəti qurularkən paytaxt Ankara elan edilmiş və digər rəsmi qurumlar kimi Mərkəzi Bank da Ankaraya köçürülmüşdü). Mərkəzi Bankın köçürülməsi ilə əlaqədar müzakirə və mübahisələr alovlanarkən bir anda Ərdoğanın Madriddəki yeni açıqlaması kölgəsində qaldı. Ərdoğan Madriddəki çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən həm xarici siyasətə, həm də daxildəki vacib məsələlərə münasibətini bildirdi. Ərdoğan Avropa Birliyinə üzvlük prosesində Fransa və Almaniya tərəfindən gətirilən yeni şərtləri nəzərdən keçirəcəklərini, ancaq xüsusilə AB-yə üzvlük yerinə “imtiyazlı ortaqlıq” təklifini qəti şəkildə qəbul etməyəcəklərini açıqlamışdır. Ərdoğan, PKK terroru və “Kürd problemi” ilə əlaqədar suallara cavab verərkən, “Kürdlərə xüsusi imtiyazların verilməsinin doğru olmayacağını, Kürdlərin azlıq kimi yox, çoxluğun bir parçası kimi qəbul edildiyini” qeyd etmişdir. Ərdoğan “baş ortüyü problemi” ilə əlaqədar bir suala cavab verərkən, “baş örtüyündən siyasi simvol kimi istifadə edilsə belə bunun qadağan olunmasının doğru olmadığını” vurğulamışdır. Ərdoğanın məsələyə bu cür münasibəti ölkədə yeni müzakirə obyekti yaratmış, müxalifət tərəfindən sərt etirazla qarşılanmış, ƏİP içərisində isə qismən çaşqınlıq yaratmışdır. Çünkü baş örtüyü ilə əlaqədar indiyə qədərki mübahisələrdə, dövlət qurumlarına və universitetlərə başı örtülü girilməsinə qarşı olanlar, baş örtüyündən siyasi məqsədlərlə istifadə olunduğu üçün bu problemin yarandığını, ƏİP-nin də içində olduğu mühafizəkarlar isə, örtüyün (bunun) heç bir siyasi məna daşımadığını, sadəcə dinin əmri olduğunu irəli sürürdülər. Ərdoğan son çıxışı ilə həm mübahisələri fərqli nöqtəyə çəkdi, həm də öz tərəfdarlarını qismən də olsa çətin vəziyyətə saldı. Onun “köməyinə” isə yenə də Milliyətçi Hərəkat Partiyası (MHP) çatdı. MHP lideri Dövlət Baxçalı, əvvəlcə daxili bir məsələni xarici bir ölkədə qabartdığı üçün Ərdoğanı tənqid etdi, daha sonra isə baş örtüyü probleminin həlli üçün lazımi bütün addımları atmağa hazır olduqlarını açıqlayaraq, problemin həlli üçün konkret təklifini verdi. MHP Konstitusiyaya bir cümlənin əlavə olunmasıyla bu işin həll olacağını iddia etsə də, hüquqçular və siyasətşünaslar problemin daha dərin olduğunu düşünürlər. MHP, bu addımıyla həm mövcud ədalətsizliyin ortadan qalxmasına, həm də “baş örtüyü problemindən öz siyasi məqsədləri üçün istifadə edən ƏİP-in əlindən bu vasitəni almağa” nail olmaq istədiyini açıqlasa da, əslində Ərdoğanı və ƏİP-i sərt etirazlar qarşısında tək qalmaqdan da xilas etdi. Nəticə Bütün bu problemlərin fonunda yanvarın 16-da Star qəzetində siyasi partiyalarla əlaqədar son rəy sorğusunun nəticələri açıqlandı. ƏİP-in istəyi ilə keçirildiyi elan ediən rəy sorğusunun nəticələrinə görə, son parlament seçkilərində hakim partiya səslərini % 46.6-dan % 52-ə çatdırmışdır. Rəy sorğusunun nəticələrinə görə, ana müxalifət partiyası CXP-nin səsləri azalmış, MHP-nin səsləri isə artmışdır. Hakim partiyanın səslərindəki artışın, atdığı addımlardan çox, qurduğu uğurlu təbliğat prosesinə dayandığı müşahidə edilir. Çünkü xarici siyasətdəki çoxşaxəliliyə keçiş cəhdləri Türkiyədəki əksər beynəlxalq münasibətlər mütəxəssisləri tərəfindən “qarışıqlıq” kimi görülərək tənqid olunur. Daxildə isə həm iqtisadi sahədə (ümumi sabitlik olmasına baxmayaraq, ciddi iqtisadi artımın olmadığı və gizli inflyasiyanın yüksək səviyyədə olduğu iddia edilir), həm də terrorla mübarizədə (bu istiqamətdə ordunun istədiyi imkanların hökümət tərəfindən verilmədiyi və terrorçulara qarşı lazımi addımların vaxtında atılmasına mane olunduğu iddia edilir) hakim partiyanın fəaliyyəti ümumən qənaətbəxş qəbul olunmur və çox tənqid edilir. Bəzi mütəxəssislər, Ərdoğanın baş örtüyü və Mərkəzi Bankın köçürülməsi mövzularında mübahisə başladaraq Türkiyənin mövcud problemlərindən diqqəti yayındırmaq məqsədi güddüyünü iddia edirlər. Hətta qlobal iqtisadi problemlərin artmaqda olduğunu və Türkiyənin də yaxın dövrlərdə ciddi iqtisadi problemlərlə üzləşmək təhlükəsinin olduğunu irəli sürənlər var. Bu mütəxəssislər “hökümətin real problemlərlə məşğul olmaq yerinə süni gündəm yaradaraq onunla məşğul olmasını” kəskin tənqid edirlər. Ancaq, hökümət bütün bu mövzularda (“baş örtüyü problemi”, ABŞ-la münasibətlər və ümumən xarici siyasət, PKK terroruna qarşı mübarizə) taktikasının “keçmişdəkiləri eynən təkrarlayaraq yerində saymaqdansa” fərqli taktikalarla yeni nəticələr əldə etmək olduğu açıqlayır. Doğrudan da hökümətin bütün bu mövzulardakı mövqeyi əvvəlkilərlə müqayisədə fərqlidir və Türkiyə keçid dövrünü yaşayır. Türkiyənin tarixi, problemlərin mahiyyəti nəzərə alındığında işlərin o qədər də asan olmadığı görülür. Keçiş dövrünün necə başa çatacağı isə daha çox Türkiyənin daxili sabitliyini nə dərəcədə qoruya biləcəyindən asılı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar