SON XƏBƏRLƏR

Əfqanıstandan iki iranlı diplomatın qovulmasının səbəbi məlum olub- Kəşfiyyat-təxribat işləri

2021.10.20, 07:36
Əfqanıstandan iki iranlı diplomatın qovulmasının səbəbi məlum olub- Kəşfiyyat-təxribat işləri

Gunaz.tv

GünAz TV: Rəsmi Tehranla Kabil arasında yaşanan son diplomatik skandalın bəzi detalları məlum olub.

 

Əfqanıstanın "Tolu news" agentliyinin adlarını açıqlamadığı yerli təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərə görə, bu ölkədən qovulmuş 2 iranlı diplomat "Sepah" terror təşkilatının "Qüds Briqadası"nın əməkdaşları olublar. Onlar diplomatik fəaliyyət adı altında gizlənərək, Əfqanıstanda kəşfiyyat-təxribat işləri ilə məşğul olublar.

 

Arzuolunmaz şəxs elan edilərək qovulan diplomatlardan biri İranın Kabildə akkreditə edilmiş səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmmədrza Abdullah Abadidir. Əfqanıstanın təhlükəsizlik orqanları 2016-cı ildə bu vəzifəyə təyin edilən Abadinin əslində diplomat deyil, "Qüds Briqadası"nın zabiti olduğu və Əfqanıstana kəşfiyyat məlumatları toplamaq üçün göndərildiyini aşkar ediblər.

 

3 ay bundan əvvəl Məhəmmədrza Abdullah Abadi ilə birlikdə Əfqanıstan qovulan digər diplomatın adı isə Cəfər Fəth Abadidir. Əfqanıstan hökuməti onun da "Qüds Briqadası"nın zabiti olduğu və ölkədə kəşfiyyat işləri apardığına dair təhlükəsizlik orqanlarının təqdim etdiyi raportlara əsasən, Fəth Abadini arzuolunmaz şəxs qismində ölkədən qovub. Cəfər Fəth Abadi 2008-2013-cü illər arasında isə İranın Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətində baş konsulu vəzifəsində çalışıb.

 

İran rəsmi Kabilin bu addımı qarşısında Əfqanıstanın 2 diplomatını ölkədən qovub. Onlardan biri Tehranda yerləşən səfirliyin əməkdaşı, digəri isə Məşhəddəki konsulluğun diplomatıdır.

 

"Tolu news" məsəyə İranın Kabildə akkreditə edilmiş səfirliyindən də münasibət öyrənib. Səfirlik diplomatların Əfqanıstandan qovulmasını iki ölkə arasında "diplomatların sayının azaldılması" xüsusunda əldə edilmiş razılaşma ilə əlaqələndirib və onların "Qüds Briqadası"nın əməkdaşları olması faktını təkzib edib.

 

Əfqanıstan Xarici İşlər Nazirliyi bir neçə gün öncə məsələ ilə əlaqədar yaydığı bəyanatda faktı nə təsdiq, nə də təzkib edərək, iki ölkə arasında diplomatik münasibətlərin qaydası üzrə davam etdiyini bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, İran Taliban terror təşkilatında maddi, hərbi və siyasi dəstək verən əsas ölkələrdən biridir. Tez-tez Taliban terroristlərindən İrana məxsus silah-sursat aşkarlanır. İranlı diplomatların da Taliban terroristləri ilə əlaqələrinə görə qovulduqları ehtimal edilir.

 

Digər tərəfdən, hazırda "Qüds Briqadası"nın komandanı olan İsmayıl Qaaninin də ölkəsinin Əfqanıstanla bağlı məkrli planlarını həyata keçirdiyi məlumdur. O, yeni vəzifəyə təyin edildikdən sonra haqqında maraqlı məlumatlar yayılmışdı. Belə ki, o, İranın Kabildəki səfirinin müavini olmadığı halda, özünü səfir müavini kimi təqdim edib, Bamiyan əyalətinə səfər edərək, burada vali və bir qrup rəsmi ilə görüşlər keçiribmiş.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar