SON XƏBƏRLƏR

Əhmədinejad Xamneyiyə ünvanladığı məktubda Ruhani və Laricani qardaşlarını ölkədəki hazırki vəziyyətə görə günahlandırıb

2021.10.20, 07:36
Əhmədinejad Xamneyiyə ünvanladığı məktubda Ruhani və Laricani qardaşlarını ölkədəki hazırki vəziyyətə görə günahlandırıb

Gunaz.tv

GünAz TV: İranın sabiq prezidenti Mahmud Əhmədinejad “dini lider” Xamneyiyə göndərdiyi məktubda ölkədə hazırda hökm sürən vəziyyətə görə prezident Həsən Ruhanini, eləcə də Milli Məclisin spikeri və məhkəmə sisteminin rəhbəri postlarını tutan Laricani qardaşlarını günahlandıraraq, onların birgə hərəkət etdiyini yazıb.

 

2018-ci ilin dekabr ayının 18-də Xamneyiyə göndərilən məktub bu günlərdə Əhmədinejada məxsus olan teleqram qrupunda paylaşılıb.

 

Sabiq prezident bundan öncə də Xamneyiyə göndərdiyi məktubda onun prezidentlik dövründə Prezident Administrasiyasının rəhbəri olan və hazırda məhkumluq həyatı yaşayan Həmid Bəqayinin cinayət işini şəxsən nəzarətə götürməsini istəmiş və məhkəmənin həmin şəxsə qarşı qəbul etdiyi qərara etiraz etmişdi. Bəqayi mənimsəmə və dövlət əmlakını talama ittihamı ilə 15 il müddətinə həbs edilib.

 

Əhmədinajad “dini liderə” yazdığı digər bir məktubda isə Laricani qardaşlarını “xalqın etimadına, inqilaba, Milli Məclisə və məhkəmə orqanlarına böyük zərbələr” vurmaqda günahlandırmışdı.

 

Əhmədinejad Xamneyiyə göndərdiyi son məktubunda Həsən Ruhanini tənqid etdikdən və onu müxtəlif məsələlər ətrafında debata dəvət etdikdən sonra İsfəndiyar Rəhim Məşayinin apelyasiya şikayətinə baxılan zaman “məhkəmə sistemi iyerxiyasında mövcud olan boşluqlar və qanunsuzluqlar araşdırılmadan” apelyasiyanın onun şikayətini təmin etmədiyini yazıb. O, bunu məhkəmə sisteminin qanunun aliliyini təmin etməyərək, prezident Həsən Ruhanini açıq- aşkar dəstəklədiyinin nümunəsi olduğunu bildirib.

 

Əhmədinejad Xamneyiyə göndərdiyi bir neçə məktubun cavabsız qaldığını yazaraq, məhkəmə sisteminin onun dövründə müxtəlif vəzifələri tutmuş şəxslərə qarşı çıxardığı hökmü zülm adlandırıb.

 

Rəhim Məşayi 2018-ci ilin 15 martında Rəhim Bəqayiyə qarşı çıxarılmış hökmü Britaniya səfirliyinin qarşısında yandıran zaman həbs edilmiş və məhkəmənin hökmü ilə ona 6 il yarım iş kəsilmişdi. Əhmədinejad məhkəmə sistemin kəskin tənqid edərək, bildirmişdi ki, “əgər Məşayi bunu etməsəydi, mən o hökmü səfirlik qarşısında yandıracaqdım”.

 

Mahmud Əhmədinejad Xamneyinin onun yenidən prezident seçkilərində namizədliyini irəli sürməsinə qarşı çıxmasından, eləcə də onun dövründə müxtəlif postları tutan şəxslərin korrupsiya və mənimsəmə ittihamları ilə həbs edilməsindən sonra İran İslam Respublikası siyasi sistemini kəskin tənqid etməyə başlayıb.

 

Xatırladaq ki, Mahmud Əhmədinejad hazırda İranda məhkəmə və hüquq- mühafizə orqanlarının qanunsuzluqlarını tənqid etsə də, onun prezident olduğu dövrdə də qanunsuz həbslər, işgəncələr və hətta saxlanılanların həbsxanalarda işgəncələr nəticəsində ölməsi kimi hallar çox idi.

 

Əhmədinejadı tənqid edənlər ondan prezident olduğu dövrdə məhkəmə sisteminin qanunsuz həbsləri, xalqa qarşı həyata keçirilən zorakılıqlar və 2009-cu ildə baş vermiş “Aşura mitinqləri” zamanı etirazçıların repressiyalara məruz qalması qarşısında niyə səssiz qalmasını soruşurlar. Onlar Əhmədinejadın bu tənqidlərinin yalnız şəxsi motivlər əsasında olduğunu və xalqın mənayefi üçün deyil, yalnız öz mənfəətlərini təmin etməyə hesablandığını bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar