SON XƏBƏRLƏR

Əkbər Ələmi: “Babək qalası” mərasimini dağıtmağa imkan var, Qaradağ meşələrindəki yanğını söndürməyə imkan yoxdur!”

2021.10.20, 07:36
Əkbər Ələmi: “Babək qalası” mərasimini dağıtmağa imkan var, Qaradağ meşələrindəki yanğını söndürməyə imkan yoxdur!”

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki keçmiş millət vəkili Əkbər Ələmi təxminən bir həftədir Qaradağ meşələrində davam edən yanğına münasibət bildirib.

 

Bu barədə İnstaqram səhifəsində video paylaşan keçmiş millət vəkili ölkə prezidenti Həsən Ruhanidən baş verən yanğına diqqət yetirməsini tələb edib.

 

“İranın ən gözəl meşələrindən olan Qaradağ meşələri səlahiyyətli orqanların məsuliyyətsizliyi ucbatından yanaraq sıradan çıxmaqdadır. Bu yanğın bəs nə zaman söndürüləcək?!

Təsəvvür edin ki, “Babək qalası”nda Babək Xürrəmdinin anım mərasimi keçirilir. Mərasimi dağıtmaq üçün istifadə etdiyiniz imkanlar və həssaslığınızı, yanğını söndürməkdə də göstərin.”- deyə o bildirib.

 

Əkbər Ələmi vurğulayıb ki, əhali Qızıl Aypara Cəmiyyəti, Meşə və Otlaq Təşkilatı, Ətraf Mühit Təşkilatı və digər aidiyyatı orqanların məsuliyyətsizliyini və yanğın yerinə helikopterin göndərilməməsini bağışlamayacaq.

 

Bu arada Kəleybərin millət vəkili Quliulla Quluzadə də cümə axşamı günü Tehranın Qaradağ meşələrində baş verən yanğına laqeyd münasibətini kəskin tənqid edib.

 

Quliulla Quluzadə

 

“Təbbi Fəlakətlər Təşkilatı və digər orqanlar tərəfindən heç bir yardım göstərilməyib. Yerli əhali, silahlı qüvvələr və bir neçə rəsmi orqanın yardımı ilə yanğın cümə axşamı günü təxminən kontrola alındı. Lakin saat 10-dan sonra başlayan külək yanğını yenidən alovlandırdı, günortadan sonra yanğının misyası əvvlki iki günə nisbətən daha da artdı.

Danışıqlara görə, cümə axşamı günü səhər saatlarında Tehrandan bölgəyə iki helikopter göndərilməli idi, lakin sonra bəhanə gətirərək helikopterləri göndərməkdən imtina etdilər. Bölgədə isə aidiyyatı orqanların yanğını söndürmək üçün yetəri qədər imkanı yoxdur.”- deyə Quliulla Quluzadə bildirib.

 

Yerli mənbələr yanğının neçə gün əvvəl başladığını bildirdiyi halda, hökumət rəsmiləri yanğının avqustun 21-i axşam saatlarında başladığını iddia edir.

 

Şərqi Azərbaycan Əyalətinin Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər cümə axşamı günü səhər saatlarında yanğını söndürmək məqsədi ilə Tehrandan Xudafərinə helikopterin yola düşdüyünü bildirmişdir. O bir az sonra yerli qüvvələr, o cümlədən rəsmi orqanlar və silahlı qüvvələrin yardımı ilə yanğının söndürüldüyünü də elan etdi. Lakin günortadan sonrakı açıqlamasında saat 14 radələrində yanğının yenidən alovlandığını qeyd edib. O Tehrandakı təşkilatların heç bir yardım etmədiyini də dəfələrlə dilə gətirib. “Hələlik helikopterdən heç bir xəbər yoxdur. Ümid edirəm ki, aidiyyatı orqanlar öz məsuliyyətlərinə əməl edəcək və yanğın söndürüləcək.”- deyə M.Hünərbər vurğulayıb.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar