SON XƏBƏRLƏR

“ƏL-QAİDƏ” DAĞLIQ QARABAĞDAN NÜVƏ MATERİALI ƏLDƏ EDƏ BİLƏR

2021.10.20, 07:36
“ƏL-QAİDƏ” DAĞLIQ QARABAĞDAN NÜVƏ MATERİALI ƏLDƏ EDƏ BİLƏR

Gunaz.tv
“The Guardian” qəzeti yazıb ki, bölgədəki münaqişə Avropa üçün birbaşa təhlükə təşkil edir Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc edib. Məqalənin müəllifi Aleksandr Peterson yazır ki, bu münaqişənin kökündə etnik-dini səbəblər dayanır: “Erməni qüvvələri Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın bu bölgəsində yaşayan millətlərini müdafiə etmək adı altında bu ölkənin ərazilərinin bir hissəsini zəbt edib. Bəs nəyə görə 20 ildir yaxındır davam edən bu münaqişənin bizə, yəni Avropaya da dəxli var?” Peterson yazır ki, indi “dondurulmuş münaqişə” adlanan Dağlıq Qarabağ bölgəsində uzun illərdir irimiqyaslı hərbi toqquşmalar baş verməyib, lakin münaqişənin həlli istiqamətində göstərilən səylər də nəticə verməyib və situasiya gərgin olaraq qalır. “Erməni qüvvələri Dağlıq Qarabağı və ətrafdakı ”bufer zona" adlandırdıqları yeddi rayonu nəzarətdə saxlayır. Qarabağda iddia edirlər ki, müstəqil dövlətdirlər, lakin Ermənistanın köməyi olmadan heç vaxt yaşaya bilməzlər. Dağlıq Qarabağ da daxil olmaqla ermənilərin nəzarətində olan bütün bölgələr Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləridir. Bölgədə hökm sürən təhlükəli vəziyyət Dağlıq Qarabağın Avropa Birliyi vətəndaşlarına da birbaşa aid olan bir sıra beynəlxalq təhdidlər üçün münbit ərazi olduğunu göstərir. Keçmiş sovet respublikaları ərazisindəki digər dondurulmuş münaqişələrlə yanaşı Qarabağ silah qaçaqmalçıları, narkotik maddələr, insan alveri, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlar üçün nəzarət olunmayan “qara dəlik” rolunu oynayır. Tamamilə mümkündür ki, London küçələrində satılan heroinin, Parisin ətraf məhəllələrində satılan qanunsuz silahların, Berlin küçələrindəki yetkinlik yaşına çatmayan fahişələrin də Qarabağ kimi nəzarət olunmayan ərazilərə dəxli var". Müəllifin fikrincə, əgər “əl-Qaidə” kimi beynəlxalq terror şəbəkəsi nə vaxtsa sovet nüvə materiallarına çıxış imkanı əldə etsə, deməli bu hadisənin də Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərə aidiyyatı olacaq. Peterson yazıb ki, Böyük Britaniyanın və digər Avropa ölkələrinin hərbi doktrinalarında nəzarət edilməyən ərazilər ən başlıca təhdid mənbəyi kimi göstərilir. “Ona görə də NATO qüvvələrinin Əfqanıstanda beynəlxalq təhdidləri azaltmaq üçün döyüşdüyü bir vaxtda Avropa Birliyi də öz sərhədləri yaxınlığındakı Dağlıq Qarabağ kimi təhdidləri aradan qaldırmaq üçün işləməlidir”, deyə məqalədə bildirilir. Müəllif yazıb ki, Sankt-Peterburqda iki ölkənin prezidentlərinin yüksək səviyyəli görüşü bu işi görmək üçün bir daha imkan yaradır. Məqalədə deyildiyinə görə, bu görüş ona görə əhəmiyyət daşıyır ki, Ermənistanın yeni prezidenti Serj Sərkisyan ilk dəfə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşürdü. “Zorakılıqlarla və İrəvan küçələrində hərbi vəziyyət elan edilməsi ilə müşaiyət olunan seçkilərdən sonra hakimiyyət başına gələn Sərkisyan əvvəlki prezident Köçəryana nisbətən Qarabağda sülh əldə edilməsi üçün daha açıq hesab edilir. Bu bölgədən olan Sərkisyanın sülhə nail olmaq üçün əlində hakimiyyət var”. Məqalədə deyilir ki, Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycana lazım olan vaxtda baş verib. Çünki bu ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində Qarabağ münaqişəsinin həlli gündəmin ən vacib məsələsinə çevrilib. Belə bir vaxtda neftlə zəngin Azərbaycanın hərbi büdcəsi dəfələrlə artaraq Ermənistanın ümumi büdcəsini keçib. “1 milyona yaxın qaçqının ağır durumu münaqişəni tezliklə həll etmək üçün Azərbaycan hakimiyyətinə basqı təşkil edir”. Müəllifin fikrincə, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa bölgədə sülhə nail olmaq üçün Avropa Birliyi adından “yol xəritəsi” işləyib hazırlamalıdır. Belə ki, gələn il AB-ə sədrlik edəcək ölkə kimi Fransanın münaqişəni bu qurumun gündəminə daşımaq üçün yaxşı şansı var. “Lakin bu səylər Böyük Britaniya, Almaniya, İtaliya və digər iri AB üzvlərinin də kollektiv dəstəyini tələb edir. Avropa bu bölgədə Balkanlardakı kimi irimiqyaslı müharibənin başlamasına yol verə bilməz. Bölgədəki münaqişənin həll edilməmiş qalması və təhükəli ”status-kvo" da seçim deyil. Ona görə də Brüssel və Avropanın digər nüfuzlu paytaxtları Bosniya və Kosovo münaqişələrindən dərs çıxarmalıdır. Avropa yaxın sərhədlərindəki münaqişələri görməməzliyə vurmaqla təhlükədən qaça bilməz". F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar