SON XƏBƏRLƏR

Əli Laricani: “Məhəmməd bin Salmanın müzakirə təklifini müsbət qarşılayırıq”

2021.10.20, 07:36
 Əli Laricani: “Məhəmməd bin Salmanın müzakirə təklifini müsbət qarşılayırıq”

Gunaz.tv

GünazTV: İran parlamentinin sədri Əli Laricani oktyabrın 1-də “Əl-Cəzirə” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın İranla bağlı son bəyanatına münasibət bildirərək, Amerikanın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

Laricani deyib ki, o, Səudiyyə şahzadəsinin iki ölkə arasında danışıqlar aparılması ilə bağlı səsləndirdiyi təklifinə müsbət yanaşır: “Məhəmməd bin Salman deyib ki, aramızdakı ixtilafları müzakirə və siyasi həll yolu ilə aradan qaldırmaq istəyir. Biz onun bu təklifini müsbət qarşılayırıq. Hesab edirik ki, İranla Səudiyyə Ərəbistanı arasında müzakirə aparılması regionun bir çox siyasi və təhlükəsizlik məsələləri ilə bağlı problemlərini həll edəcək. Biz həm də Fars körfəzi ətrafındakı ölkələri kollektiv özəl bir koalisiyaya dəvət edirik” –deyə İran parlamentinin sədri Əli Laricani əlavə edib.

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam sentyabrın 29-da CBS telekanalına müsahibəsində İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarından və bölgədə artan gərginlikdən danışıb. Salman deyib ki, o İranla ixtilafların hərbi variant yolu ilə yox, diplomatik yollarla aradan qaldırılmasına üstünlük verir: “Əgər dünya birliyi İranı dayandırmaq üçün kəskin bir addım atmasa, regionda yaşanan gərginlik artaraq dünya mənafeyini təhlükəyə salacaq. Bu, həm də neftin dünya bazarlarına çatdırılması işinə xələl gətirə, onun qiymətinin kəskin artmasına səbəb ola bilər. Biz İranla bağlı bütün seçim və variantları nəzərə almışıq. Bununla belə hesab edirəm ki, regionda hər hansı bir hərbi addıma üstünlük verilməsindən çəkinmək lazımdır. Şəxsən mən düşünürəm ki, İranla bağlı diplomatik və siyasi həll yolu hərbi seçim və variantdan qat-qat yaxşıdır” –deyə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam əlavə edib.

 

İran hökumətinin sözçüsü Əli Rəbiyi

 

İran hökumətinin sözçüsü Əli Rəbiyi isə sentyabrın 30-da jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasında gərginliyin azaldılması ilə bağlı bölgədə aparılan səylərdən və Səudiyyə Ərəbistanı hökumətinin İran rəhbərlərinə “mesajlar”ından danışıb: “Bəzi ölkə başçıları Səudiyyə  rəhbərlərindən bizə mesajlar gətiriblər. Bu mesajlar İran prezidenti Həsən Ruhaniyə təqdim edilib. Lakin biz, onların mesajlarında toxunduqları məsələləri əməldə görməliyik. Əgər Səudiyyə Ərəbistanı rəftarını dəyişmək niyyətində olsa, biz bu addımı müsbət qarşılayırıq” –deyə Əli Rəbiyi bəyan edib.

 

 Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar