SON XƏBƏRLƏR

Ərdəbil zindanında “Doğum günü şənliyi” adında İŞGƏNCƏ...

2021.10.20, 07:36
Ərdəbil zindanında “Doğum günü şənliyi” adında İŞGƏNCƏ...

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanının məhbusları həbsxanada “Doğum günü şənliyi” adı altında işgəncə edildiklərini ifşa ediblər.

 

Bu barədə həbsxananın bir qrup məhbusu BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana açıq məktub ünvanlayaraq zindanda baş verən işgəncə hallarını açıqlayıb.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, məhbuslar “Doğum günü şənliyi” adı altında edilən işgəncələri insan hüquqlarının pozulması və məhbusların  şərəf və ləyaqətinin alçaldılmasının bariz nümunəsi olduğunu vurğulayıblar.

 

Məktubda qeyd olunub ki, məhbuslar hansısa yanlış əməldə şübhəli bilindiyi zaman zindanın işgəncə alətləri ilə təchiz olunmuş karantin bölümünə aparılır və orada işgəncə edilir. “Doğum günü şənliyi” bundan ibarətdir ki, öncə məhbusu qandalla divar və ya yerə bağlayır, sonra başına kisə keçirirlər. Bundan sonra məhbus dəyənək, yumruq, təpik və şok verici alətlə döyülür. Bu işgəncə bir həftə ərzində 4 mərhələdə icra olunur.

 

Məhbuslar “Doğum günü şənliyi”nin Fərhad Novruzi, Rəhman Söhrabi və Məhəmməd Nemətpur adlı məmurlar tərəfindən icra edildiyini bildirib. Qeyd olunub ki, həbsxananın rəisi Yəqub Sərbaz Coda və təhlükəsizlik bölümünün rəisi Pərviz Surazər xüsusi vəziyyətlər yarandıqda işgəncə prosesinə müdaxilə edir.

 

Məktubda “Doğum günü şənliyi” adı altında işgəncə edilən bəzi məhbusların adları da açıqlanıb.

 

“Nəvid Didariyan, Malik Corc, Kərim Babayi, Fərdin Musapur, Rza Əşkani, Qasim Əlizadə, Səccad Məhəmmədzadə, Soheyl Əzizi, Hutən Məzhəri, Əkbər Ağazadə və Mehdi Məhəmmədi”nin işgəncələrə məruz qaldıqları bildirilib.

 

Məhbuslar Ərdəbilin Mərkəzi zindanında insan hüquqlarına zidd olan işgəncə hallarını açıqladıqdan sonra BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanı həbsxananın durumunu araşdırmağa çağırıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar