SON XƏBƏRLƏR

Ermənilərin anti-Azərbaycan hərəkətinə şiə imam cümələri susduğu halda, sünni imam cümə etiraz bildirdi

2021.10.20, 07:36
Ermənilərin anti-Azərbaycan hərəkətinə şiə imam cümələri susduğu halda, sünni imam cümə etiraz bildirdi

Gunaz.tv

GünAz TV: Ermənilərin Tehranda Nikol Paşinyanla görüşdə  “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması bir çox güney azərbaycanlının etirazına səbəb olsa da, din xadimlərinin bu məsələyə səssiz qalması xüsusi diqqət çəkir.

 

Əslində Bicar şəhərinin sünni imam cüməsi Tehranın “Ararat” klubunda sözügedən plakatın qaldırılmasını qınayıb.

 

Mamusta Əbdulsəlam Məhəmmədi bu barədə bəyanat yayaraq Azərbaycanın müsəlman əhalisi, xüsusi ilə də Dağlıq Qarabağa yardım edilməsini başda qonşu ölkələr olmaqla hər bir müsəlman camiəsinin vəzifəsi olduğunu deyib.

 

“İranın Dağlıq Qarabağ müsəlmanlarına edilən zülmə qarşı yumşaq siyasəti düzgün deyil. Bu bir dini vəzifə kimi iman məsələsidir. Belə zülmlər dünyanın hər yerində siyası baxımından birmənalı şəkildə pislənilməlidir”- deyə bəyanatda vurğulanıb.

 

Hələlik İranda mamusta Əbdulsəlam Məhəmmədidən başqa bu məsələyə münasibət bildirən din xadimi və ya imam cümə yoxdur. Hətta Güney Azərbaycanın şiə imam cümələri baş verən hadisə ilə bağlı bir kələmə belə dilə gətirməyiblər. Ötən cümə namazı xütbələrində Ərdəbilin imam cüməsi Həsən Ameli radikal erməniləri qınamaq yerinə, Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qarşı müqavimət göstərmək, Təbrizin imam cüməsi Məhəmməd Əli Al-i Haşim idxal edilən ətin necə bazara çıxarılması, Urmiyənin imam cüməsi Mehdi Qureyşi Qərbi Azərbaycanda yerli musiqi festivallardan birində rəqs edənlərin günah etməsi və Zəncanın imam cüməsi Əli Xatəmi, Bəşşar Əsədin Tehrana səfəri mövzusunda çıxış ediblər.

 

Qeyd edək ki, 1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub. İranın təhlükəsizlik qüvvələri radikal ermənilərə qarşı tədbir almaq yerinə, bu vəziyyətə etiraz edən azərbaycanlı fəalları saxlayıb və işgəncəyə məruz qoyub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar