SON XƏBƏRLƏR

"Əhmədrza Cəlali ölümlə üz-üzədir"- Beynəlxalq Əfv Təşkilatından xəbərdarlıq

2022.06.14, 04:56
"Əhmədrza Cəlali ölümlə üz-üzədir"- Beynəlxalq Əfv Təşkilatından xəbərdarlıq

Gunaz.tv

Qurum bəyan edib ki, Güney azərbaycanlı alim Tehran hökuməti tərəfindən qısas məqsədilə edam edilə bilər.

Beynəlxalq Əfv Təşkilatı növbəti dəfə İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejeyini Əhmədrza Cəlalinin edam hökmünü ləğv etməyə və onu dərhal azad etməyə çağırıb.

Təşkilat açıqlamasında Əhmədrza Cəlalinin saxlanmasını özbaşınalıq adlandırıb və İranın tədqiqatçını girov götürdüyünü bildirib.

Beynəlxalq Əfv Təşkilatı hər kəsi edam hökmünü ləğv etmək və Əhmədrza Cəlalini azad etmək üçün İranın məhkəmə hakimiyyətinin başçısına məktub yazmağa çağırıb.

İnsan haqları qrupu bildirir ki, İran Həmid Nur İsveçdə mühakimə olunduğu üçün İran əsilli isveçli məhbusu edam etməklə hədələyir.

Kərəcdəki “Qohərdəşt” həbsxanasının keçmiş prokuroru Həmid Nuri 1988-ci ilin yayında siyasi məhbusların kütləvi edamında iştirak edərək "qəsdən adam öldürmə" və "müharibə cinayəti törətmək"də ittiham olunur.

Onun İsveçdə məhkəməsi bu il mayın əvvəllərində başa çatıb.

Son aylarda bəzi mətbuat orqanları onun Əhmədrza Cəlali ilə mübadiləsinin mümkünlüyü barədə məlumat vermişdilər.

Ancaq İran məhkəmə sisteminin sözçüsü Məsud Setayeşi iyunun 24-də bu ehtimalı istisna edib.

Ədliyyə Qurumunun sözçüsü vurğulayıb ki, Əhmədrza Cəlalinin işi icra mərhələsindədir və icra müddətini təyin etmək məsuliyyəti prokuror və hökmün icrasına məsul olan şəxsin üzərinə düşür.

Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya bir ay əvvəl “Amerikanın Səsi”nə müsahibəsində Həmid Nuriyə qarşı çoxlu şikayətlərin olduğunu deyib. O qeyd edib ki, bu üzdən ərinin Həmid Nuri ilə dəyişdirilməsini istəmir.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. 

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar