SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: "Əfqanıstanlı qaçqınlar İranda həbs və işgəncə edilir"

2022.08.31, 06:39
Beynəlxalq Əfv Təşkilatı: "Əfqanıstanlı qaçqınlar İranda həbs və işgəncə edilir"

Gunaz.tv

Beynəlxalq Əfv Təşkilatı öz hesabatında qeyd edib ki, İran əfqan qaçqınları bir çox hallarda qeyri-qanuni yolla Əfqanıstana qaytarıb və bəzi hallarda onları sərhəddən çıxarmaq üçün zorakılıq edib və odlu silahdan istifadə edib.

Əfqanıstanda insan hüquqlarının pozulmasının real təhlükəsinə toxunan təşkilat BMT-nin Ali Komissarlığına istinadən bildirib ki, heç bir əfqan qaçqın Əfqanıstana qaytarılmamalıdır.

“Heç bir ölkə əfqanları İran və Türkiyəyə zorla qaytarmamalıdır, çünki bu ölkələrdəki əfqanlar Əfqanıstana qaytarılma riski altındadır”-deyə, Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

Hesabatda deyilir ki, İran hakimiyyəti hər gün minlərlə əfqanı onları təhdid edən təhlükələri nəzərə almadan zorla Əfqanıstana  qaytarır və hesablamalara görə, bu müddət ərzində İslam Respublikası öz ölkəsini tərk etmiş əfqan ailələrinin 65%-ni Əfqanıstana geri göndərib.

Beynəlxalq Əfv Təşkilatı həmçinin İranı immiqrasiya işlərinə cavabdeh olan təhlükəsizlik qüvvələrinin işgəncə və digər pis rəftarın qadağan edilməsi ilə bağlı beynəlxalq qanunlara əməl etməyə çağırıb.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar