SON XƏBƏRLƏR

"Əfşarlar və Qacarlar öz təcrübələrinə əsasən İranda demokratik rejim qura bilərlər" - Sadiq İsabəyli

2023.01.18, 11:10
"Əfşarlar və Qacarlar öz təcrübələrinə əsasən İranda demokratik rejim qura bilərlər" - Sadiq İsabəyli

Gunaz.tv

Ümumiyyətlə, İran və Yaxın Şərq tarixində öz hörməti və adı-sanı ilə tanınan bu üç nəslin davamçıları, həqiqətənmi İranda hakimiyyəti ələ aldıqları təqdirdə ölkədə Qərb-modelli demokratik rejim quracaqlar, yoxsa əvvəlki idarəetmə üsulları kimi avtoritar mərkəzləşdirilmiş sistem qurub xalqların hüquqlarını tapdalayacaqlar? 

İran Azərbaycan Türklərinə qarşı düşmənçiliyi dərinləşdirir"

Ednews-un sualına cavablandıran Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli bildirib ki, İranın idarəetmə tarixində Əfşarlar, Qacarlar və Pəhləvilər arasında xeyli fərqlər mövcuddur. 

Onun sözlərinə görə, türk mənşəli şahların idarəetmə sistemi və ictimai-siyasi mövqeyi farslara nisbətən daha ədalətli olub.

“İstər Əfşarlar, istərsə Qacarlar dövründə, hətta Səfəvilər dövründə belə monarxiya sistemi mərkəzləşdirilmiş qaydada və üsulda idarə olunmayıb. 

Ölkənin idarə olunmasında yerli xanların və bəylərin rolları çox böyük olub. Həmin dövrlərdə şahın bir sıra məsələlərə müdaxilə imkanları məhdud olub. Əlbəttə, müharibə və üsyanların baş verdiyi, eləcə də xanların mərkəzi hakimiyyətə tabe olmadıqları təqdirdə şahın və onun əlaltılarının müdaxilə ehtimalları çox olurdu. 

Amma istənilən halda hər bir xan və bəy öz ərazisini, ordusunu idarə etməkdə sərbəst və azad idi. Şahın bu məsələlərə qarışmaq haqqı yox idi. Lakin 1925-ci ildə ingilislərin dəstəyi və çevriliş yolu ilə hakimiyyətə gələn fars mənşəli Pəhləvilər ciddi mərkəzləşdirilmiş hakimiyyət quraraq bütün siyasi ənənələri aradan qaldırdılar. Sərt avtoritar sistem formalaşdırdılar. Bu Məşrutə dövründə qəbul olunan qanunun aliliyinə və insan hüquqlarına xəyanət idi”.

Sadiq İsabəyli vurğulayıb ki, İranda hazırda insan hüquqları və azadlıqları, o cümlədən qeyri-fars millətlərin milli-mədəni və öz müqəddaratını təyin etmək hüquqları siyasi mübarizənin gündəmində ön sırada dururlar.

“Molla rejiminin devrilməsindən sonra yeni idarəetmə sisteminin formalaşmasına gəlincə isə Pəhləvilər yenidən hakimiyyətə gəldikləri təqdirdə avtoritar rejim qurmağa üstünlük verəcəklər. 

Əfşarların və Qacarların istəklərində fərqliliklər var. İranda türk mənşəli ünsürlərin hakimiyyəti dövründə tətbiq olunan təcrübələrə əsasən Əfşarlar və Qacarlar müəyyən mənada demokratik idarəetmənin, xalqın maraqlarını nəzərə alan rejimin qurulmasına yiyələnəcəklər. 

Onu da qeyd edim ki, İranda bir daha növbəti avtoritar rejimin qurulmasına imkan verilməyəcək. Ona görə ki, İran adlanan məmləkətdə qeyri-fars millətlərin milli-siyasi azadlıqlarına yönəlik proseslər müşahidə olunmaqdadır. Bu istiqamətdə proseslər daha da cərəyan edəcək. 

Azərbaycan türkləri bu mübarizədə geniş imkanlara malikdirlər”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar