SON XƏBƏRLƏR

Güney Azərbaycan ərazisinin bölünməsi təqvimi

2021.10.20, 07:36
Güney Azərbaycan ərazisinin bölünməsi təqvimi

Gunaz.tv
Güney Azərbaycan ərazisinin bölünməsi təqvimi Farsca mətnin qaynağı Çevirəni: Məsiağa Məhəmmədi 250px-cazerbaycan.jpg 1. 7 noyabr 1937-ci il tarixdə Rza şah Pəhləvi Məclisinin qəbul etdiyi qanuna əsasən, ölkənin Qacarlar dönəmindəki inzibati bölgüsü dəyişdirilərək əyalətlərin tarixi adları ixtisar olundu və İran ərazisi Şimal-qərb, Qərb, Şimal, Cənub, Mekran və Şimal-Şərq adı ilə altı ostana bölündü. 2. Qısa müddətdən sonra, həmin ilin dekabr ayında sözügedən bölgüyə yenidən baxıldı və İran ölkəsi on ostana bölünərək gülməli bir şəkildə 1-dən 10-a qədər rəqəmlərlə adlandırıldı. Təbriz şəhəri üçüncü ostanın, Urmiya isə dördüncü ostanın mərkəzi oldu, Güney Azərbaycan hüdudları və "Azərbaycan" adı ölkə xəritəsindən tamamilə silindi. Bu bölgüdə Ərdəbil üçüncü ostanın tərkibinə daxil idi. 3. Bu xəyanətkar bölgülər və səfeh adlandırmalar Azərbaycan Demokrat Firqəsinin hakimiyyətdə olduğu şərəfli dövr istisna edilməklə, 1960-cı ilə qədər davam etdi. Həmin il üçüncü və dördüncü ostanlara müvafiq olaraq, Şərqi Azərbaycan və Qərbi Azərbaycan adları verildi. Bütün İran ölkəsi üzrə 13 ostan və 8 (sonradan 11) fərmandarlıq (quberniya) yaradıldı. Yeni bölgüdə Azərbaycan şəhərlərindən bəziləri qonşu ostanlara verilsə də və Həmədan fərmandarlıq kimi tanınsa da, xoşbəxtlikdən Şərqi və Qərbi Azərbaycan ostanları müəyyən dərəcədə panariçiliyin qılıncından xilas oldu. Bu bölgüdə Ərdəbil və Zəncan Şərqi Azərbaycan ostanına daxil idi. Həmin vaxt Ərdəbil şəhristanının (uyezdinin) bir hissəsi olan Astara 1968-ci ildə ayrıca şəhristana çevrildi. 4. Son onilliklər ərzində Ərdəbilin və ətraf mahalların əhalisinin ən mühüm tələblərindən biri Ərdəbil mərkəz olmaqla yeni bir ostanın yaradılması idi. Əslində ərdəbillilər bunda israr edirdilər ki, şəhərin neçə min illik parlaq tarixi nəzərə alınarsa, Ərdəbil ostan olmağa layiqdir və "Şərqi Azərbaycan" adı altında özünə məxsus büdcəsi olmağa haqqı çatır. Onu da qeyd etmək lazımdır ki, Ərdəbilin ostan olmağa çalışması qətiyyən Təbrizdən ayrılmaq cəhdi anlamına gəlmirdi, çünki qocaman Təbriz təkcə ərdəbillilər üçün deyil, bütün dünya azərbaycanlıları üçün qədimdən bir simvola çevrilmişdir. 5. 14 oktyabr 1992-ci ildə Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan və Gürgan mərkəz olmaqla Gülüstan ostanlarının yaradılması ilə bağlı Daxili İşlər Nazirliyinin verdiyi iki təklifdən birincisi dövlət rəhbərliyi tərəfindən bəyənildi və "Savalan" adlı ostanın yaradılması barədə layihə dördüncü çağırış İslam Şurası Məclisinə göndərildi. Savalan ostanının yaradılması ilə bağlı qanun layihəsinə baxmaq 316 saylı qeydiyyatla o zamankı rəhbərlik tərəfindən dördüncü çağırış İslam Şurası Məclisinin şuralar və daxili işlər komissiyasına həvalə olundu. 6. 12 yanvar 1993-cü il tarixdə dördüncü çağırış İslam Şurası Məclisinin deputatları həmin layihəni ümumilikdə qəbul edirlər. Layihənin təsdiq olunması ilə hökumətə icazə verilir ki, Ərdəbil mərkəz olmaqla yeni Şərqi Azərbaycan ostanı yaratsın, Təbrizin mərkəz olduğu əvvəlki Şərqi Azərbaycan ostanının adı isə dəyişdirilərək, Mərkəzi Azərbaycan ostanı olsun. Beləliklə, bütün güclü etirazlara baxmayaraq, yeni yaradılacaq ostanda Azərbaycan adı qorunur, Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan ostanının yaradılması, Təbrizin mərkəz olduğu əvvəlki Şərqi Azərbaycan ostanının Mərkəzi Azərbaycan adlandırılması layihənin birinci oxunuşunda qəbul edilir və yeni ostanın adının dəqiqləşdirilməsi məsələsi həmin layihənin Məclisdə ikinci oxunuşuna saxlanılır. Başqa sözlə, Ərdəbil mərkəz olmaqla yeni ostanın yaradılması prinsipcə təsdiq edilir, əslində layihənin ən mühüm cəhəti olan ad seçilməsi məsələsi isə ikinci oxunuşa qədər təxirə salınır. 7. 4 aprel 1993-cü il tarixdə Savalan ostanının yaradılması layihəsinin adında və mətnində dəyişiklik edilərək, "Təbrizin mərkəz olduğu Şərqi Azərbaycan ostanının adının Mərkəzi Azərbaycanla əvəzlənməsi və Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan ostanının yaradılması" layihəsi şəklində dördüncü çağırış İslam Şurası Məclisinin gündəliyinə salınır. 8. 11 aprel 1993-cü il tarixdə İslam Şurası Məclisinin deputatları layihənin ikinci oxunuşu zamanı gözlənilmədən Ərdəbil adlı yeni ostanın yaradılması barədə qərar qəbul edirlər! 9. 13 aprel 1993-cü ildə, yəni Ərdəbil ostanının yaradılması barədə Məclisin qəfil qərarından iki gün sonra Tehran universitetinin məscidində keçirilən Qarabağ şəhidlərini anma mərasimi Tehranda yaşayan azərbaycanlıların on minə yaxın adamın iştirak etdiyi izdihamlı nümayişinə çevrildi və onların Ermənistan səfirliyi qarşısında etiraz piketi ilə nəticələndi. Tehranın mərkəzindəki İnqilab küçəsində keçirilən həmin icazəsiz aksiyada Ermənistanın cinayətlərinə nifrət bildirilməklə yanaşı, milli kimlik tələbi ilə də çoxlu şüarlar səsləndi. O cümlədən, nümayişçilər Ərdəbil ostanına və anadan ayrı salınmış digər ərazilərə əbədi Azərbaycan adının qaytarılmasını tələb etdilər. 10. 19 aprel 1993-cü il tarixdə "Ettelaat" qəzeti özünün üçüncü səhifəsində iki qısa sətirdə yazmışdı: "Tehran: "Cümhuriye-islami"agentliyi – Nəzarət Şurasının dünənki iclasında Ərdəbil ostanının yaradılması layihəsinə baxılmış və o, şəriət və qanun normalarına zidd bilinməmişdir". Beləliklə, yeni yaradılacaq ostandan Azərbaycan adının ixtisarı yolunda təsəvvür olunan bütün qanuni maneələr qeyri-adi bir sürətlə dəf olundu və Azərbaycanın ən gözəl, məzmunlu və tarixi adlarından olan Ərdəbil adı əbədi Azərbaycan adının ixtisarında sui-istifadəyə məruz qaldı. 11. 1994-cü ilin yayında Təbriz universitetinə tələbələrin imzalaması üçün uzun bir petisiya daxil olur ki, onun bəndlərindən birində Azərbaycan adının Ərdəbil ostanına və Azərbaycandan ayrı salınmış digər şəhərlərə qaytarılması tələb edilirdi. Bildirildiyinə görə, həmin petisiyada 10.000-ə yaxın imza olmuşdur. 12. 2004-cü il aprelin 11-də "Ərdəbil ostanına Azərbaycan əbədi adının qaytarış komitəsi" adlı bir komitə öz varlığını bəyan etdi. Bu komitə indiyədək Azərbaycan adının Ərdəbilə və azərbaycanlıların yaşadığı digər ostanlara qaytarılması zərurəti barədə müxtəlif bəyanatlar yaymışdır. Çevirəni: Məsiağa Məhəmmədi Farsca mətnin qaynağı: http://www.azoh.blogsky.com/?PostID=768 http://butovaz.info/index.php?option=com_content&task=view&id=1315&Itemid=43

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar