SON XƏBƏRLƏR

Güney Azərbaycan əyalətləri ən çox köçə məruz qalan əyalətlərdir - İnfoqrafiya

2021.10.20, 07:36
Güney Azərbaycan əyalətləri ən çox köçə məruz qalan əyalətlərdir - İnfoqrafiya

Gunaz.tv

GünAz TV: İran daxilində mühacirət edən əhalinin sayını göstərən rəsmi rəqəmlər Qəzvin və Kərəc istisna olmaqla Güney Azərbaycanın bütün əyalətlərində köç probleminin yaşandığını göstərir. İranın mərkəzi əyalətləri, yəni fars məntəqələri isə Azərbaycan əyalətləri kimi bölgələrdən köçən mühacirləri qəbul edir.

 

Bu tendensiya İranın müxtəlif əyalətlərindəki iqtisadi vəziyyəti açıq-aşkar göstərməkdədir.

 

Statistik məlumatlara görə, İranda 5 il ərzində (hicri-şəmsi təqvimi ilə 1390-1395-ci illərdə) əyalətlər arasında təxminən 5 milyon mühacirət faktı qeydə alınıb.

 

İnfoqrafik göstəricilərə görə, ölkə daxilində ən çox "xalis mühacirət"ə məruz qalan bölgələr başda Həmədan olmaqla Azərbaycan əyalətləridir. Həmədandan sonra Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Mərkəzi Əyalətin adı çəkilir. Bu əyalətlərdə "xalis mühacirət"i göstərən rəqəmlər sıralama ilə 32.4, 20.2, 19, 13.5, 6.5 və 5.5-dən ibarətdir. Qeyd edək ki, “xalis mühacirət” əyalətə gələn mühacir sayı ilə  əyalətdən gedən mühacir sayının arasındakı fərqi göstərən rəqəmə deyilir.

 

Mühacirət məsələsində Qəzvin və Ərak əyalətləri Güney Azərbaycanın digər əyalətlərinə nisbətən daha yaxşı vəziyyətdədir.

 

İnfoqrafiyada yer alan məlumatlarda göründüyü kimi, Tehran, Yəzd, Simnan, İsfahan və Qum kimi farsdilli əyalətlər ən çox  mühacir qəbul edən əyalətlərdir.

 

Sözügedən infoqrafiya İran Statistika Mərkəzinin Cəmiyyət və Sağlamlıq Qrupu tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, araşdırmalara görə, dünya üzrə mühacirətlərin böyük əksəriyyəti ictimai və fərdi azadlıq və iqtisadi vəziyyətlə bağlıdır. İran coğrafiyasında eyni siyasi sistem hakim olduğuna görə, ölkədaxilindəki köçləri yalnız iqtisadi vəziyyətlə izah etmək mümkündür. Bunu ölkənin müxtəlif əyalətlərində mövcud olan sosial-iqtisadi infrastruktur, işsizlik, iqtisadi tənəzzül, sərmayə yatırımı, böyük şirkətlərin fəaliyyəti və s. kimi amillərdə açıq-aşkar göstərməkdədir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar