SON XƏBƏRLƏR

Güney Azərbaycanda Milli Qiyamın 13-cü ildönümüdür - VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanda Milli Qiyamın 13-cü ildönümüdür - VİDEO

Gunaz.tv

GünAz TV: Bu gün Güney Azərbaycanda baş verən 2006-ci il 22 May Qiyamından (1385-ci il 1 xordad qiyamı) 13 il ötür.

 

Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 13 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi. İran hüquq-mühafizə orqanları isə gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazalarda onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə etirazçı həbs edilib və təqiblərə məruz qaldı. İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.

 

Milli Qiyam zamanı Azərbaycan şəhərlərində əsasən bu şüarlar səsləndirilib:

-        Haray Haray mən türkəm

-        Yaşasın Azərbaycan

-        Ana dilində mədrəsə - Olmalıdır hər kəsə

-        Türk dili rəsmi olsun

-        Ölüm olsun faşizmə

-        Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq

-        Və ...

 

Sözü gedən qanlı etiraz aksiyaları 1 Xordad hadisələri (22 May hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşüb. May hadisələrinin baş verməsi “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub. Şərhçilərin fikrinə görə, Azərbaycan xalqının fars şovinizmi və İran rejimindən cana gəlməsi onların “İran” qəzetinə bu şəkildə sərt reaksiya verməsinə səbəb oldu. 2006-ci il may hadisələri bölgə və dünya mətbuatında da öz əksini tapdı. Artıq 13 ildir ki, azərbaycanlılar, xüsusi ilə də Azərbaycan Milli Hərəkat fəalları bu tarixi günü müxtəlif formalarda qeyd edir və şəhidlərin yolunun davam etdiriləcəyinə təkid edirlər. Bu məqsədlə Güney Azərbaycan şəhərlərində bildirişlər yayılır, görüşlər keçirilir, şəhidlər anılır, onların ailələrini ziyarət edilir, eləcə də divarlara müxtəlif milli şüarlar yazılır. Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə həftələr qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır və Milli Qiyamın təfərrüatı müzakirə edilir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəalları İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, müxtəlif tədbirlər düzənləyir və bu zəmində Bəyanatlar yayırlar.

 

2006-ci il may hadisələrindən sonra Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil olub, azərbaycanlılar fars şovinizminə qarşı mübarizəni var gücü ilə davam etdirir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=3&v=3fAAMmACd1o

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar