SON XƏBƏRLƏR

Güney Azərbaycanın istiqlal yolu.Məsiağa Məhəmmədi

2021.10.20, 07:36
Güney Azərbaycanın istiqlal yolu.Məsiağa Məhəmmədi

Gunaz.tv
Güney Azərbaycanın istiqlal yolu article_1207557739.gif Məsiağa Məhəmmədi (Quzeydə və Güneydə milli hərəkatların müqayisəsi kontekstində) Son iki onillikdə milli-siyasi və milli-mədəni haqlar uğrunda Azərbaycanın Quzey və Güney hissələrində gedən hərəkatları müqayisə etdikdə, bir sıra maraqlı paralellər və ümumi cəhətlər diqqəti çəkir. Baxmayaraq ki, Quzeydə bu hərəkat çoxsaylı çətinliklərdən və itkilərdən keçərək, milli iradənin gerçəkləşməsi, yəni müstəqilliyin əldə olunması ilə sonuclanmış, Güneydə isə ağır şərtlər altında, enişli-yoxuşlu bir yolla hələ davam etməkdədir. Ölkədaxili aspektdə hər iki hərəkatın gedişinə önəmli təsir göstərən amil "mərkəz"in demokratik dəyişikliklər və liberallaşma kursunu ("yuxarıdan islahatlar") başlatması olmuşdur. Qorbaçovun məşhur yenidənqurması ilə keçmiş SSRİ-ni bürüyən ictimai oyanış ("aşağıdan hərəkatlar") qısa bir zamanda demokratik istəklərlə yanaşı, milli tələblərin səslənməsinə gətirib çıxardı. Bunun "təhlükəsini" yaxşı anlayan mühafizəkar çevrələr siyasi kursun dəyişdirilməsinə cəhd edib repressiv metodların işə salınmasına nail oldular. Bakıdakı yanvar qırğını, kütləvi həbslər, fövqəladə vəziyət, senzura və s. bu xəttin təzahürləri olaraq, Quzeydə milli hərəkatın susdurulmasına yönəlmişdi. Lakin həmin xətt müvəqqəti uğur qazansa da, artıq dönməz xarakter almış hərəkatın qarşısını kəsə bilməzdi. Bilmədi də… 1997-ci ildən etibarən islahat atmosferinin yaratdığı imkanlardan bəhrələnərək, özünün yeni mərhələsinə daxil olan Güney Azərbaycan milli hərəkatı da təqribən eyni yolu keçmiş, az sonra mühafizəkar qüvvələrin səyi ilə vətəndaş hüquqlarının (ilk növbədə, aktiv seçki hüququnun) məhdudlaşdırılmasına, qəzet və dərgilərin bağlanmasına, milli fəallara qarşı həbs və təzyiq kampaniyasının həyata keçirilməsinə baxmayaraq, dönməz bir səciyyə kəsb etmişdir. 2006-cı ilin may qiyamı bu dönməzliyin parlaq sübutuna çevrilmişdir. Diqqəti çəkən digər bir maraqlı cəhət hər iki hərəkatın bir növ eyni mexanizm üzrə hazırlanması və gerçəkləşməsidir. Təfsilata varmadan bunun ziyalılar → tələbələr → kütlələr sxemi üzrə baş verdiyini söyləyə bilərik. Hər iki halda beynəlxalq faktoru da nəzərdən qaçırmaq olmaz. Dünyada gedən qloballaşma və demokratikləşmə prosesləri, milli hüquqları da ehtiva edən insan haqları məsələsinin prioritetə çevrilməsi və ölkələrin "daxili işi" olmaq statusundan çıxması kimi amillər hərəkata birbaşa və dolayısı ilə təsir göstərmiş və göstərməkdədir. Qeyd edək ki, beynəlxalq situasiyadakı dəyişikliklər nəticəsində regional faktorlar Quzeylə müqayisədə Güneydəki hərəkatda daha güclü etkiyə malikdir. Burada digər mühüm bir amil olaraq, Quzeydə ermənilərin, Güneydə isə kürdlərin ərazi iddialarını vurğulamaq lazımdır. Və maraqlı cəhət hər iki halda "mərkzəz"in eyni mövqe sərgiləməsidir: vaxtilə Moskva erməniləri dəstəklədiyi kimi, Tehran da açıq və ya gizli şəkildə kürdləri himayə etməkdədir. Bu birtərəfli mövqeyin "bumeranq effekti" Quzeydə müşahidə olunduğu kimi, yəqin ki, Güneydə də özünü göstərəcəkdir. İstənilən milli-azadlıq hərəkatına həm uğur gətirən, həm də ona problemlər yaradan məsələlərdən biri də kütləviləşmə mərhələsində onun sosial-siyasi tərkibinin hədsiz rəngarəngliyi, qeyri-yekcins xarakter daşımasıdır. Nə qədər paradoksal görünsə də, bu, belədir. Təbəqə mənafelərinin, korporativ maraqların milli istəklərlə çulğaşması, eyni zamanda hədəflərə taktiki yanaşmaların müxtəlifliyi istər-istəməz hərəkatdaxili ziddiyyətlər doğurur. Hərəkatı zəiflətmək və boğmaq istəyən və necə deyərlər, bunun üçün marığa duran qüvvələr də onları qızışdıraraq, öz xeyrinə bəhrələnməyə çalışır. Bununla bağlı istər keçmiş sovet rəhbərliyinin, istərsə də indiki İran rejiminin "təcrübəsindən" kifayət qədər misallar göstərmək mümkündür. Ən pisi isə bu ziddiyyətlərin hərəkata kənardan dəstək verməli olan, onun beynəlxalq səviyyədə tanınmasına yardım etməli olan qurumlara keçməsidir. Fikrimizcə, sonralar nə qədər acınacaqlı duruma düşsə də, özlüyündə bir ideya kimi son dərəcə əhəmiyyətli olan DAK-dakı proseslərə bu amil də əhəmiyyətli təsir göstərmişdir. Bu baxımdan Güney Azərbaycan milli hərəkatında əski kommunistlərin və bütövlükdə solçu ideologiya tərəfdarlarının rolunu nəzərdən qaçırmamaq lazımdır. Onların müxtəlif çıxışlarının, nəşr və saytlarının təhlili göstərir ki, burada səmimi şəkildə milli platformaya keçənlərlə yanaşı, bəlli maraqları milli şüarlarla pərdələyən, son nəticədə hərəkatı ümumiran hərəkatı içərisində "əritmək" istəyən qüvvələr də vardır. Sonuncu isə paniranistlərin strateji hədəflərinə yarayan bir mövqedir. Xatırladım ki, Quzeydə milli hərəkat gücləndiyi dönəmdə də bir çoxları analoji mövqedən çıxış edirdilər, hətta sonralar müstəqil Azərbaycan Respublikasında mühüm dövlət vəzifələri tutan, indinin özündə də siyasi partiya lideri kimi parlamentdə təmsil olunan bəzi şəxslər Qorbaçovun SSRİ-ni saxlamaq şərtilə demokratikləşdirmək hərəkatına fəal dəstək verirdilər. Ümumiyyətlə, hər hansı hərəkatın güclənməsinə və öz məqsədlərinə yetişməsinə maneə yaratmağın klassik üsulu alternativ hərəkatların formalaşdırılmasıdır ki, İran rejimi də bu metoddan imtina etməmişdir. Burada xüsusən hərəkatın əsas hərəkətverici qüvvələrindən olan tələbələr arasında guya milli haqlar uğrunda çalışan müxtəlif təşkilatlar və nəşrlər (reytinq qazandırmaq xatirinə onlara saxta təzyiqlər də edilir, onların təmsilçiləri hətta qısa müddətə həbs də olunurlar) yaradılmasından tutmuş açıq-aşkar irançılıq zehniyyətinin daşıyıcısı olan sosial baza əsasında müəyyən qurumların təşkilinə qədər çeşidli flormalara əl atılır. Bu yöndə ən məkrli və təhlükəli işlərdən biri rejimin əlaltıları tərəfindən Quzey Azərbaycan əleyhinə əhval-ruhiyyənin yaradılması və gücləndirilməsindən ibarətdir. Soydaşlarımızın altşüurunda Quzeylə Güneyin guya fərqli olması təsəvvürü son dərəcə ehtiyatla, misal üçün, ilk baxışda ziyansız görünən dil müqayisəsi fonunda həyata keçirilir. İş o yerə çatır ki, Azərbaycan ədəbi dilini və bu dildə fikrini yazılı şəkildə ifadə etməyi Bakıda öyrənən şəxs də Quzeydəki dilə kinayəli atmacalar işlətməyə başlayır. Təəssüf ki, bu cür "Güney-Quzey" qarşıdurması Azərbaycan diasporundakı bəzi dairələrə də sirayət edib. Bunu bu yaxınlarda Fransadan gəlmiş bir Güneyli soydaşımızın söhbətində ürək ağrısı ilə sezdim. DAK-dakı son olaylar zamanı özünün guya millət üçün əldən-ayaqdan getdiyini iddia edənlər tərəfindən bu cəhətin vurğulandığı da bir faktdır. Yada salım ki, vaxtilə Quzeydəki hərəkata rəxnə salmaq üçün "mərkəz"in ideoloqları bu şəkildə regionçuluq faktorundan (bakılı, naxçıvanlı, irəvanlı və s.) faydalanmaq cəhdində bulunurdular. Bütün bu problemlərə baxmayaraq, son illərdə Güneydəki milli hərəkatın uğurları durmadan artmaqda və necə deyərlər, bədxahların arzsunun gözlərində qalacağını isbatlamaqdadır. Fikrimizcə, hərəkatın ən böyük uğuru artıq onun beynəlxalq səviyyədə tanınması, xüsusən islamçı rejimn zülmlərinə məruz qalan hərəkat fəallarının beynəlxalq qurumlar, insan haqları təşkilatları tərəfindən qızğın müdafiə olunmasıdır. Bu yöndə fəaliyyət göstərən qurumların və şəxslərin fəaliyyəti başqaları üçün də örnək ola bilər. Həmçinin çeşidli münasibətlərə baxmayaraq, Güney Azərbaycanın UNPO-da təmsil olunması da önəmli bir uğur sayılmalıdır. Əlbəttə, hərəkatın əsas ağırlığı daxildə, necə deyərlər, "içəridə"dir. Burada mühüm məsələlərdən biri odur ki, milli hərəkat fəalları mədəni-ideoloji fəaliyyətlərlə, insan haqlarının müdafiəsi ilə yanaşı, mövcud siyasi sistemin imkanlarından da istifadə edirlər. Boykot barədə emosional çağırışlara rəğmən, milli ruhlu şəxslərin Məclisə son seçkilərdə iştirakı və müəyyən uğurları bu baxımdan önəmlidir. Xatırladım ki, Quzeydə bir çox hərəkat liderlərinin (satqınlıq və xəyanət ittihamlarına baxmayaraq) o vaxtkı Azərbaycan parlamentində təmsil olunması son nəticədə müstəqillik aktının qəbulunda həlledici əhəmiyyət daşımışdır. Belə bir şəraitdə əslində milli hərəkatın səsini beynəlxalq ictimaiyyətə çatdırmalı olan DAK axır ki, öz mövqeyini dəqiqləşdirməli, ya özünü buraxmalı, ya da həqiqi milli təşkilata çevrilməlidir. Bu təşkilat təmsilçilərinin qarşılıqlı ittihamlarından, saysız bəyanat və müraciətlərindən bezmiş insanlar gözləyirlər ki, nəhayət, həqiqətlər ortaya qoyulsun. Bilinsin ki, "mən İranın parçalanmasını istəmirəm" deyən şəxs Güney Azərbaycanın istiqlalını öz məqsədi sayan bu qurumun rəhbərliyində nə edir? Aydınlaşsın ki, İrandakı anti-Azərbaycan qüvvələrlə, Avropadakı fars lobbisi ilə əlaqələri şübhə doğurmayan şəxs bu təşkilatın tədbirlərində niyə fəallıq göstərir? Açılsın ki, bu təşkilatı parçalamaq, məhv etmək istəyən qüvvələr hansılardır?.. Güney Azərbaycan milli hərəkatı özünün həlledici mərhələsinə daxil olub. Güneyin azadlıq yolu obyektiv bir prosesdir. 35 milyonluq bir toplumun iradəsi havadan asılı qala bilməz, gec-tez "maddiləşməlidir". Quzeydəki müstəqil Azərbaycan Respublikası da bu yöndə obyektiv faktor kimi çıxış edir. Subyektiv amillər bu prosesi yubandıra, yaxud sürətləndirə bilər. Odur ki, hər kəs düşünməlidir: indi necə mövqe tutacaqsa, tarixin və millətin yaddaşında o cür də qalacaq. Məsiağa Məhəmmədinin bloqundan http://butovaz.info

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar