SON XƏBƏRLƏR

Güney azərbaycanlı alim Əhmədrza Calaliyə kamera qarşısında etiraf etmək üçün təzyiq edilib

2021.10.20, 07:36
Güney azərbaycanlı alim Əhmədrza Calaliyə kamera qarşısında etiraf etmək üçün təzyiq edilib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı alim, mütəxəssis həkim Əhmədrza Calali iyulun 29-da gözlənilmədən Ettelaat əməkaşları tərəfindən naməlum bir məkana aparılmışdır. 9 gün orada saxlanılan Ə.Calaliyə kamera qarşısında etiraf etmək üçün təzyiq edilib.

 

Bu barədə azərbaycanlı alim həyat yoldaşı Vida Mehraniyaya telefonda məlumat verib.

“İyulun 29-da həbsxananın korpusunun gözətçiləri məni çağırdı. Ettelaat əməkdaşları orada idi. Dedilər ki, səni qısa sorğu-sual üçün 209-cu korpusa aparacayıq. Gözlərimi bağladıqdan sonra avtomobilə mindirdilər. Avtomobil həbsxana ərazisindən çıxdı, mən bildim ki, 209-cu korpusa getmirik. Xeyli məsafə getdikdən sonra bir evə çatdıq. Evə daxil olduqdan sonra gözümü açdılar. Otaqda çoxlu kameralar var idi. Avqustun 7-dək orada saxlanıldım və hər gün sorğu-suala tutuldum. Dindirənlərin əsas tələbi bu oldu ki, kamera qarşısında yeni etiraflar edim. Lakin bunu etməkdən imtina etdim. Təkidlə dedilər ki, əgər kamera qarşısında deyilən etirafları etsən barəndə çıxarılan edam hökmünün ləğv edilməsinə yardım ediləcək və azadlığa buraxılacaqsan. Mən onlara yox cavabı verdim.  Məni işgəncə etmədilər, lakin ruhi təzyiqə məruz qaldım. Çox stres yaşadım, qorxurdum ki, edam hökmümü icra etsinlər.”- deyə o bildirib.

 

Ə.Calalinin həyat yoldaşı V.Mehranniyanın fikrinə görə, Ettelaat bundan əvvəl irəli sürülməyən ittihamlarla bağlı etiraf almaqla yeni dosye quraşdırmaq istəyir. Ona görə ki, əvvəlki ssenari və ittihamların etibarsız və əsassız olduğu üzə çıxıb.

 

Prof. Ə.Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

 

Təbriz şəhərində dünyaya göz açan Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

Azərbaycanlı alimın dosyesi İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan dəhşətli dosyelərdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar