SON XƏBƏRLƏR

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin altıncı məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin altıncı məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Yanvarın 30-da güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin Təbrizin İnqilab Məhkəməsində altıncı məhkəmə iclası keçirilib.

 

Məhkəmə iclasında fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb.


Məhkəmə prosesində prokurorluq və “Sepah”ın nümayəndələri də iştirak edib. İclas keçirildiyi zamanı məhkəmənin həyətində çox sayda milli-mədəni fəal və Məhəmməd Güneylinin dostları olub. 


Məhəmməd Güneylinin vəkili Məcid Kuhpaye bildirib ki, bu günədək yuxarıda qeyd olunan ittihamları sübuta yetirən heç bir sənəd məhkəməyə təqdim olunmayıb.


Məcid Kuhpaye əlavə edib ki, biz Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsini əsas götürərək fəala qarşı irəli sürülən ittihamları sübut edən sənədlərin təqdim olunmasını tələb edirik, əks halda Məhəmməd Güneyli qeyd-şərtsiz azadlığa buraxılmalıdır.


Hakim Ehrari ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə 6 ay həbs cəzasına məhkum edib.


Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.


Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.


Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar