SON XƏBƏRLƏR

İbrahim Nuri və Cəfər Rüstəmiradın məhkəmə iclası keçirilib / Özünümüdafiə mətni türk dilində təqdim olunub

2021.10.20, 07:36
İbrahim Nuri və Cəfər Rüstəmiradın məhkəmə iclası keçirilib / Özünümüdafiə mətni türk dilində təqdim olunub

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Cəfər Rüstəmiradin məhkəmə iclası keçirilib.

 

Dekabrın 17-i səhər saatlarında Tehran Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunan fəalların ikisi də sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə üzləşib. Məhkəmə iclasına hakim Əhmədzadənin sərdlik etdiyi bildirilir.

 

Hazırda Tehranın Evin zindanında 6 aylıq həbs cəzasını çəkməkdə olan İbrahim Nuri özünümüdafiə mətnini türk dilində məhkəməyə təqdim edib. Bundan təəccüblənən hakim və onun müavini mətnin fars dilində yazılmasını istəyiblər. Lakin azərbaycanlı fəal bununla razılaşmayıb və sonda türk dilində təqdim olunan mətn olduğu kimi dosyeyə əlavə olunub.

 

Hakim prosesin sonunda bildirib ki, mülki vəsiqə təqdim olunarsa, fəalın müvəqqəti azadlığa buraxılması üçün qərar qəbul oluna bilər. Lakin azərbaycanlı fəal bu dosyeyə görə vəsiqə təqdim etmək niyyətində olmadığını bildirib.

 

Bundan sonra müvəqqəti azadlıqda olan Cəfər Rüstəmiradın mühakiməsi başlayıb. Onun da özünümüdafiə mətnini türk dilində təqdim edəcəyi gözləndiyi üçün məhkəmə prosesi sual-cavab şəkilində keçirilib.

 

İbrahim Nuri və Cəfər Rüstəmirad iyulun 2-də Güney Azərbaycanda keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar Tehranda nəzarət altına alınıb. Cəfər Rüstəmirad dindirildikdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Lakin Tehran Məhkəməsi İbrahim Nurinin müvəqqəti azadlığına dair hökm çıxarsa da, daha əvvəl başqa məhkəmələrdə həbsə məhkum olunduğu səbəbiylə onun sərbəst buraxılmasına icazə verilməyib və 6 aylıq həbs hökmünün icrasına başlanılıb. O hazırda Evin zindanının 7-ci korpusunda həbs cəzasını çəkməkdədir.

 

Yuxarıda adları çəkilən fəallar bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar