SON XƏBƏRLƏR

İran rejimi Nardaran hadisələri ilə bağlı Azərbaycan əleyhinə mərasimlər keçirib - Güney şəhərlərində / GÖRÜNTÜ

2021.10.20, 07:36
İran rejimi Nardaran hadisələri ilə bağlı Azərbaycan əleyhinə mərasimlər keçirib - Güney şəhərlərində / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ötən həftə İran rejimi iki il əvvəl Azərbaycan Respublikasının Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı Güney Azərbaycanın 6 şəhərində mərasim keçirib.

 

İslam inqilabı Keşikçilər Korpusu (“Sepah”) tərəfindən düzənlənən mərasimlər noyabrın 29 və 30-da Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Həmədan və Bicar şəhərlərində keçirilib.

 

Mərasim zamanı Azərbaycan Respublikasının əleyhinə, hətta onun milli təhlükəsizliyinə qarşı şüarlar səsləndirilib. Çıxışçılar Azərbaycanda müsəlmanlara təyiq edildiyi və bu ölkənin İsrail tərəfindən idarə olunduğunu iddia edərək sadəlövh insanları aldatmağa çalışıblar. Azərbaycana qarşı qondarma ittihamlar səsləndirilən mərasimdə İranda dini təhsil alan bir neçə Azərbaycan vətəndaşı da iştirak edib.

 

Mərasimlərdə əməliyyat zamanı öldürülən islamçı ekstremistlər “şəhid” və “islam dünyasının müqavimət simvolu” adlandırılıb.

 

Ötən illərdən fərqli olaraq bu il Məşhəd və Qum şəhərlərində mərasim keçirilməyib, mərasimlərin yalnız Güney Azərbaycan şəhərlərində keçirilməsi xüsusi diqqət çəkir.

 

İran rejimi, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra bu ölkəni müxtəlif təhdid və təzyiqlərlə üz-üzə qoymağa çalışır. Ekspertlərin fikrinə görə, İranın Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi cəhdləri Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı yönəlib.

 

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar