SON XƏBƏRLƏR

İran rəsmisi: “Fəsad və korrupsiya ölkənin yüksək rütbəli şəxslərinə qədər yayılıb”

2021.10.20, 07:36
İran rəsmisi: “Fəsad və korrupsiya ölkənin yüksək rütbəli şəxslərinə qədər yayılıb”

Gunaz.tv

GünAzTV: İranın birinci vitse-prezidenti İshaq Cahangiri avqustun 18-də jurnalistlərə açıqlamasında hakimiyyəti bürümüş korrupsiya və geniş fəsaddan danışıb.

 

Cahangiri bildirib ki, vaxtilə fəsad və korrpsiyanın qarşısını almağa qadir olan şəxslər bunu etmədilər və ölkənin bir sıra rəsmilərinin korrupsiyaya qurşanmasına şərait yaratdılar: “Təəssüflər olsun ki, fəsad və korrupsiya hazırda ölkənin bir sıra yüksək rütbəli şəxslərinə qədər yayılıb. Bu isə xalqın ciddi narahatlığına səbəb olub. Hesab edirəm ki, əgər islam respublikasının korrupsiyalaşmasına və onun rəsmilərinin fəsada yuvarlanmasına səbəb olanların qarşısı vaxtında alınsaydı, bu gün bu məsələ xalqın narazılığına səbəb olmazdı və ciddi bir problemə çevrilməzdi”.

 

İshaq Cahangiri öz açıqlamasında həmçinin İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın adını çəkmədən, onun bir neçə gün əvvəl prezident Həsən Ruhanini istefaya çağırması məsələsinə də eyham vurub: “Bu gün iddiaçı və tələbkar qismində çıxış edən bir çox şəxslərin yüksək vəzifələrdə olduğu vaxtlara nəzər salsaq görərik ki, ən böyük korrupsiya və fəsadlar onların dövründə meydana çıxıb”.

 

Xatırladaq ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad avqustun 9-da “Teleqram” sosial şəbəkəsində yaydığı bir videoda ölkənin ağır iqtisadi və siyasi durumuna toxunaraq, prezident Həsən Ruhanini, parlament sədri Əli Laricanini və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini istefaya çağırıb.

 

 

O, Ruhaniyə səslənərək deyib ki, millət artıq onun hökumətini və onu prezident postunda görmək istəmir: “Cənab Ruhani! Millət artıq sizi qəbul etmir. Bunu hansı dillə deməlidir ki. Sizin bundan artıq prezident postunda qalmağınız həm ölkənin ziyanınadır, həm də özünüzün. Millət tamamilə narazıdır. Həm sizdən və hökumətinizdən, həm də Laricani qardaşlarından. Xalq, ölkənin indiki çətin vəziyyətə düşməsinə səsəb olan Laricani qardaşlarını və sizi qəbul etmir. Bu gün, ölkə iqtisadiyyatı artıq çökmə ərəfəsindədir. İnsanların hakim sistemə inam və etimadı demək olar ki, tamamilə itib, məhv edilib. Cəmiyyətdə narazılıqlar son həddə çatıb, yoxsulluq isə geniş yayılıb.

 

Cənab Ruhani! Ölkənin indiki ağır durumunu nəzərə alaraq, mövcud böhrandan çıxmaq üçün ən yaxşı variant odur ki, millətdən üzr istəyib hazırkı kursunuzu bir daha davam etdirməyəsiniz. Daha doğrusu, yaxşısı budur ki, siz və Laricani qardaşları istefa verəsiniz”.

 

Soldan: Axund Sadıq Laricani, prezident Həsən Ruhani, Əli Laricani

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar