SON XƏBƏRLƏR

İranda “Ana dili” ilə bağlı keçirilməsi gözlənilən seminar ləğv olunub

2021.10.20, 07:36
İranda “Ana dili” ilə bağlı keçirilməsi gözlənilən seminar ləğv olunub

Gunaz.tv

GünAz TV: İran rejimi “Humanitar elmlər söyləmində ana dili” seminarının keçirilməsinə mane olub.

 

Məlumata görə, doktorluq üzrə təhsil alan bir qrup  öyrənci universitet müəllimləri ilə birlikdə İranda yaşayan millətlərin dil və kimliyi mövzusunda 21 fevral - Beynəlxalq Ana Dili Günündə seminar keçirməyi planlaşdırıb, lakin bu mümkün olmayacaq.

 

Bu barədə tanınmış azərbaycanlı milli-mədəni fəal və yazıçı Həsən Raşidi öz Teleqram kanalında məlumat yayıb. Çərşənbə günü üçün nəzərdə tutulan seminarın ləğv olunduğunu bildirən azərbaycanlı fəal onun başqa bir zamanda keçirilə biləcəyini qeyd edib.

 

Mədəni Tədqiqat və Humanitar Elmləri Araşdırma Mərkəzinin Hikmət salonunda keçirilməsi planlaşdırılan seminarın əşəbbüskarları “İctimai Tədqiqatlar Mərkəzi”, “Mədəni Tədqiqat və Humanitar Elmləri Araşdırma Mərkəzi” və “İran Sosiologiya Cəmiyyəti” olub.

 

İran rejimi ölkədə yaşayan müxtəlif millətlərin ana dili və milli kimliyi müzakirə mövzusuna çevrilməsin deyə dəfələrlə bu kimi seminarların keçirilməsinə mane olub, hətta tədbirdə iştirak edən mədəni fəalları sərt şəkildə cəzalandırıb. Ötən illərdə Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, çox sayda azərbaycanlı milli-mədəni fəal saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar