SON XƏBƏRLƏR

İranda baş örtüünü açan daha 1 qadın polis zorakılığına məruz qalıb, iki gün əvvəl həbs edilən gənc ana isə zindanda döyülüb - VİDEO

2021.10.20, 07:36
İranda baş örtüünü açan daha 1 qadın polis zorakılığına məruz qalıb, iki gün əvvəl həbs edilən gənc ana isə zindanda döyülüb - VİDEO

Gunaz.tv

GünAzTV: Fevralın 22-də paytaxt Tehranda molla rejiminin məcburi hicab siyasətinə etiraz əlaməti olaraq baş örtüyünü açan daha 1 qadın polis zorakılığına məruz qalaraq həbs edilib.

 

Adı mediaya bəlli olmayan gənc qadın, axşam saatlarında Tehran küçələrinin birində hündürlüyə qalxaraq baş örtüyünü açıb. O, bu əməlinə görə onu əhatəyə alan kişilər tərəfindən alqışlansa da, az sonra polis qüvvələri hadisə yerinə gəliblər. Polislər, həmin qadından başını örtməyi və aşağıya düşməsini istəsələr də, o, bundan imtina edib. Nəticədə, polis əməkdaşlarından biri qadının arxasından hündürlüyə dırmaşaraq başını açmış qadını vəhşicəsinə aşağıya itələyib. Yerə yıxılan qadının əl-ayağı əzilib. Polislər, hadisə yerinə toplaşan vətəndaşları dağıdaraq başını  açmış qadını avtomibilə mindirərək naməlum istiqamətə aparıblar.

 

Həmçinin bir gün əvvəl, fevralın 21-də Tehranın Qeytəriyyə məntəqəsində, küçənin ortasında məcburi hicaba dinc şəkildə etiraz bildirərək baş örtüyünü açdığına görə həbs edilən Şapərək Şəcərizadə adlı gənc ananın zindanda fiziki zorakılığa məruz qalması barədə məlumatlar yayılıb. Məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə fevralın 22-də jurnalistlərə açıqlamasında deyib ki, onda olan məlumatlara görə, Şapərək Şəcərizadə həbs edildikdən sonra zindanda vəhşicəsinə döyülüb, təhqir edilib. Vəkil, həmin qadının müdafiəsini üzərinə götürdüyünü açıqlayıb.

 

                                                       Şapərək Şəcərizadə

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar