SON XƏBƏRLƏR

İranda işgəncələr altında öldürülən aksiyaçıların sayı 7 nəfərə çatıb, onlardan biri də azərbaycanlıdır

2021.10.20, 07:36
İranda işgəncələr altında öldürülən aksiyaçıların sayı 7 nəfərə çatıb, onlardan biri də azərbaycanlıdır

Gunaz.tv

GünAzTV: 2017-ci il, dekabrın 28-dən başlayaraq iki həftə müddətinə ölkənin müxtəlif şəhərlərində hakimiyyətə qarşı keçirilən kütləvi dinc etirazlarda tutulub işgəncələr altında öldürülən gənc aksiyaçıların sayı 7 nəfərə çatıb. Bu barədə İrandakı hüquq müdafiəçiləri yanvarın 16-da məlumat yayıb.

 

Məlumatda bildirilir ki, yanvarın 4-də İranın Sənəndəc şəhərində keçirilən etirazlarda tutulan və həmin vaxtdan harada saxlandığı bəlli olmayan dinc aksiyaçı, Sənəndəc Universitetinin mühəndislik fakültəsinin məzunu Kiyanuş Zəndinin meyiti, yanvarın 14-də yerli ETTELAAT idarəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil verilib. Meyit üzərində açıq-aşkar zorakılıq və işgəncə əlamətlərinin olduğu bildirilir.

 

Həmçinin, Güney Azərbaycanın Zəncan şəhərində molla rejiminə qarşı keçirilən etirazlarda tutulan dinc azərbaycanlı aksiyaçı Məhəmməd Nəsirinin cənazəsi də bu günlərdə yerli ETTELAAT əməkdaşları tərəfindən ailəsinə təhvil verilib. Azərbaycanlı fəalın meyiti üzərində də zorakılıq və işgəncə əlamətləri müşahidə olunub. Bildirilir ki, ETTELAAT əməkdaşları meyiti ata-anasına təhvil verərkən onun həbsxanada “intihar” etdiyini iddia ediblər.

 

 

Xatırladaq ki, son iki həftədə, İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə ən azı 7-i  zindanda dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

 

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar