SON XƏBƏRLƏR

İranda kütləvi etirazlarda tutularaq işgəncələr altında öldürülən aksiyaçıların sayı 5-ə çatıb

2021.10.20, 07:36
İranda kütləvi etirazlarda tutularaq işgəncələr altında öldürülən aksiyaçıların sayı 5-ə çatıb

Gunaz.tv

GünAzTV: Son iki həftədə paytaxt Tehranda və İranın digər şəhərlərində islam respublikası hakimiyyətinə qarşı keçirilən kütləvi xalq etirazlarında tutularaq zindanlarda işgəncələr altında öldürülənlərin sayı 5 nəfərə çatıb.

 

Bu barədə iranlı hüquq təşkilatları məlumat yaysa da, İran rəsmiləri həmin şəxslərin “intihar” etdiyini bildirirlər.

 

İranda məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə yanvarın 9-da “Azadlıq” radiosunun “fars” redaksiyasına müsahibəsində bildirib ki, son günlər aksiyalarda tutularaq zindanlarda həyatını itirən gənc etirazçıların sayı 5-ə çatıb: “Məndə olan məlumatlara görə, 22 yaşlı Sina Qənbəridən başqa, gənc aksiyaçılar, Möhsün Adili və Vəhid Heydəri Dezful və Ərak zindanlarında, adları hələlik bəlli olmayan 2 nəfər isə Tehranın Evin zindanında naməlum səbəblərdən həyatlarını itiriblər. Hazırda məsələnin mahiyyətini araşdırmaqla məşğuluq”.

 

                                             Vəkil Nəsrin Sütudə

 

Qeyd edək ki, İranda insan hüquqları uğrunda apardığı dinc mübarizəsinə görə, uzun illər Tehranın Evin zindanında həbsdə saxlandıqdan sonra bir neçə il əvvəl azadlığa buraxılan Nəsrin Sütudə, 2008-ci ildə Beynəlxalq İnsan Haqları Təşkilatının mükafatına layiq görülüb. O, İranın ən cəsur qadın vəkillərindən biri kimi tanınır.

 

Bir neçə gün əvvəl Tehranda hakimiyyətə qarşı keçirilən kütləvi etirazlarda tutulan 22 yaşlı  aksiyaçı Sina Qənbəri ötən şənbə günü sübh saatlarında dindirilərkən işgəncələr altında öldürülüb.

 

Tehran əyaləti zindanlarının baş direktoru Mustafa Mohebbi yanvarın 8-də jurnalistlərə açıqlamasında gənc aksiyaçının ölümünü təsdiqləyib: “Təəssüflər olsun ki, bu düz xəbərdir. Hüquq-mühafizə qüvvələri tərəfindən tutulan və Evin zindanının karantin bölməsində saxlanılan Sina Qənbəri ötən şənbə günü səhər saatlarında naməlum səbəblərdən ayaq yolunda özünü asıb”.

 

       Zindanda işgəncə altında öldürülən aksiyaçı Vəhid Heydəri

 

Mustafa Mohebbi, 22 yaşlı sağlam bir gəncin tutulmasından bir neçə gün sonra niyə özünə qəsd edərək “intihar” həddinə çatdırıldığını açıqlamayıb.

 

Xatırladaq ki, son günlər İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib.

 

İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar