SON XƏBƏRLƏR

İranda qadınların zorakılıqdan qorunması ilə bağlı qanunun hazırlanması uzun illərdən sonra yekunlaşıb

2021.10.20, 07:36
İranda qadınların zorakılıqdan qorunması ilə bağlı qanunun hazırlanması uzun illərdən sonra yekunlaşıb

Gunaz.tv

GünAz TV: İranda qadınların zorakılıqdan qorumasıyla bağlı qanunun hazırlanması uzun illərdən sonra və bəzi dəyişikliklərin edilməsiylə yekunlaşıb.

 

“Qadınların zorakılığa qarşı təhlükəsizliyinin təmin edilməsi” adlanan qanun layihəsinin yeni mətnində onun adı dəyişdirilib, eləcə də zorakılığın tərifi və xüsusilə onun ailədə olan nümunələrilə bağlı əksər müddəalar silinərək, qəbul edilməsi üçün məhkəmə sistemindən dövlətə təqdim edilib.  

 

Bunu ötən gün məhkəmə sisteminin sözçüsü Qulamhüsyn İsmayıli bildirib. O əlavə edib ki, yeni mətnin işlənməsi dövlət, məhkəmə sistemi və Milli Məclisin araşdırmalar mərkəzi ilə məhkəmə sisteminin hüquq məsələləri üzrə şöbəsinin xüsusi işçi qrupu arasında müştərək işçi qrupunun yaradılmasıyla həyata keçirilib.

 

“Qadınların zorakılığa qarşı təhlükəsizliyinin təmin edilməsi” adlanan qanun layihəsi Həsən Ruhaninin 1-ci prezidentliyi dövründə onun ailə, qadın və uşaq problemləri üzrə müavini olmuş Şahindoxt Molaverdinin zamanında hazırlanmışdı. Bundan öncə həmin qanunun hazırlanması məhkəmə sistemi tərəfindən 5 il idi ki, yubadılırdı.

 

Şahindoxt Molaverdi

 

Hazırki variantda məhkəmə sistemi onun adını “qadınların qorunması, kəraməti və zorakılıq qarşısında təhlükəsizliyinin təmin edilməsi” adı altında hazırlayıb. Dövlət onu təsdiqləsə, qanun kimi qəbul edilməsi üçün Milli Məclisə göndəriləcək.

 

Hazırki mətn əvvəlkinə nisbətən müxtəlif dəyişikliklərə məruz qalıb. Onlardan ən mühümü zorakılığın tərifinin, eləcə də cinsi, psixoloji, emossional zorakılıq, təcavüz, cinsi şiddət (xüsusilə də ailədə) kimi zorakılıq halları ilə bağlı müddəaların silinməsidir.

 

2 il əvvəl Ali Mədəni İnqilab Şurasına bağlı Qadınların Mədəni-İctimai Şurasının sədri Zəhra Ayətullahi bu qanun layihəsinə qarşı çıxmışdı. O bildirmişdi ki, “qanun qəbul edilsə, daha evdə hamı cəzalanmaqdan qorxaraq, qadına gözün üstündə qaşın var deyə bilməyəcək”.

 

Zəhra Ayətullahi

 

“Qadınları qorumağın ən gözəl yolu islamın buyurduğu kimi, bu işi ailənin kişisinin öhdəsinə buraxmaqdır”- deyə Zəhra Ayətullahi ən “optimal” çıxış yolu kimi irəli sürmüşdü.

 

Məhkəmə sisteminin rəhbərinin o dövr hüquqi məsələlər üzrə müavini olmuş Zəbihullah Xodayiyan isə bildirmişdi ki, “bu qanun layihəsi yalnız 1 cinsi nəzərə alaraq hazırlanıb və onda hətta cütlüklər arasında baş verə bilən kiçik bir anlaşılmazlığa görə də kişi üçün həbs nəzərdə tutulur”.

 

Zəbihullah Xodayiyan

 

İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisi isə cari ilin iyun ayında İranda qadın hüquqları barəsində keçirilmiş konfrans zamanı sözügedən qanun layihəsilə bağlı “özünəməxsus” fikirlər səsləndirmişdi:

 

İbrahim Rəisi

 

“Baxmayaraq ki, hər bir hüquqi dövlət ailələrlə bağlı bu cür qanunlar qəbul edir, lakin ailədə meydana gələn anlaşılmazlıqlar səbəbindən ilk müraciət ediləcək yer məhkəmə olmamalıdır. Həmişə görmüşük ki, ailələr ağsaqqalların müzakirələri ilə cütlüklərin zidiyyətlərini həll edirlər və onlar da barışıb, illərlə bir yerdə yaşayırlar”- deyə Rəisi vurğulamışdı.

 

İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekar qanun layihəsinin məhkəmə sistemində yekunlaşması ilə bağlı dünən “Twitter”də yazdığı statusda dövlətin bu istiqamətdə bütün prosesləri izləyəcəyini deyib. O, həmçinin bunu “ailə bağlarının möhkəmləndirilməsi və qadın haqlarına diqqət edilməsi xüsusunda böyük addım” adlandırıb.

 

Qeyd edək ki, İranda ailədə qadınların heç bir hüququ yoxdur. İran Ailə Məcələnin 1105-ci maddəsinə əsasən, ailədə söz sahibi kişidir, onun əmrləri qadın tərəfindən sorğu-sualsız icra olunmalıdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar