SON XƏBƏRLƏR

İranın Kərəc, Qorqan və Ərdəbil şəhərlərində daha 5 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Kərəc, Qorqan və Ərdəbil şəhərlərində daha 5 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda əsasən qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 5 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl Qorqan şəhərindəki bir ticarət mərkəzində baş verən davada istəmədən qətl törədən 47 yaşlı məhkum Haşım Əmiri, iyunun 12-si sübh saatlarında Qorqan zindanında dara çəkilib. Bildirilir ki, məhkum, qızının toyunda iştirak etmək üçün barəsində çıxarılmış hökmün icrasının müvəqqəti olaraq təxirə salınması xahişi ilə dəfələrlə zindan rəhbərliyinə müraciət etsə də, onun bu xahişinə rədd cavabı verilib və məhkum qızının toyunu görmədən edam edilib.

 

Həmin gün, eyni ittihamla 3 məhkum da Kərəcin Rəcayişəhr həbsxanasında dar ağacından asılıb. Edam edilənlərdən ikisinin (Əmir Təhmasibi və Səməd Bəsidə) kimliyi mediaya açıqlanıb. Bildirilir ki, edam edilən məhkumlardan biri Əmir Təhmasib qətl ittihamı ilə yanaşı, həm cinsi təcavüzdə günahlandırılıb.

 

İyunun 12-də həmçinin qətl ittihamı ilə daha 1 məhkum Ərdəbil şəhərinin zindanında dara çəkilib. Adı mediaya açıqlanmayan məhkum, beş il əvvəl Biləsuvar məntəqəsində hüquq-mühafizə qüvvələri ilə baş verən qarşıdurmada odlu silahdan istifadə edərək iki polis əməkdaşını və iki dinc vətəndaşı qətlə yetirməkdə günahlandırılıb. Bildirilir ki, hadisə, polis əməkdaşları antik malların qaçaqmalçılığı ilə məşğul olan məhkumu yaxalamağa çalışdığı zaman baş verib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək məqsədilə, bir çox hallarda bir sıra məhlumları gizli şəkildə edam edir. Həmin edamlar mediada işıqlandırılmır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar