SON XƏBƏRLƏR

İranın Mərkəzi Bankının baş direktoru: “Sankiyaların təsiri yoxdur”

2021.10.20, 07:36
İranın Mərkəzi Bankının baş direktoru: “Sankiyaların təsiri yoxdur”

Gunaz.tv

GünazTV: İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Hemməti sentyabrın 20-si axşam saatlarında jurnalistlərə açıqlamasında Amerikanın İranın Mərkəzi Bankına tətbiq etdiyi yeni sanksiyasına reaksiya verib.

 

Amerikanın İranın Mərkəzi Bankına yeni sanksiyasını “beynəlxalq qanunlara zidd addım” adlandıran Əbdülnasir Hemməti deyib ki, bu kimi sanksiyalar artıq öz təsirini itirib: “Amerika hökumətinin ötən il üzləşdiyi ardıcıl uğursuzluqları bu sanksiyaların hər zamankından daha çox təsirsiz hala düşdüyünü bir daha göstərir. Bundan başqa, İran iqtisadiyyatı da bu kimi sanksiyalara tab gətirə bildiyini hamıya sübut edib.

 

Xoşbəxtlikdən, İran Mərkəzi Bankının son uğurlarının göstərdiyi kimi, ölkəmizin ticarət və maliyyə mübadilə əməliyyatları elə yollardan həyata keçirir ki, Amerika ona sanksiya və qadağa qoymaq iqtidarında deyil” –deyə İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Hemməti əlavə edib.

 

Həmin gün BMT Baş Assambleyasının növbəti toplantısına qatılmaq üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında Amerika Maliyyə Nazirliyinin İran banklarına qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.

 

 

Ölkəyə qarşı tətbiq edilən yeni sanksiyaları “qəbuledilməz” və “təhlükəli” adlandıran Zərif deyib ki, Amerikanın İrana qarşı maksimum təzyiq siyasəti artıq öz sonuna yaxınlaşmaqdadır: “Amerika hökumətinin bu qəbuledilməz və təhlükəli addımı mərkəzi bankların toxunulmazlığı ilə beynəlxalq qanunları pozur və açıq-aşkar ona qarşı zidd addımdır. Onların (amerikalıların) bir bank müəssisəsinə bir neçə dəfə sanksiya qoyması onu göstərir ki, onların İrana qarşı maksimum təzyiq siyasəti artıq məğlubiyyətə uğrayıb” –deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bəyan edib.

 

Xatırladaq ki, Amerikanın Maliyyə Nazirliyi sentyabrın 20-də İranın Mərkəzi Bankına, bu ölkənin Milli İnkişaf Fonduna, eləcə də İranın “Etimad Ticarət” şirkətinə sanksiya qoyub. Yeni sanksiyaların tətbiqi, prezident Trampın ABŞ Maliyyə Nazirliyinə sanksiyaların gücləndirilməsi ilə bağlı qəti göstəriş verməsindən iki gün, Səudiyyə Krallığının neft təsisatlarına qarşı dron hücumlarından altı gün sonraya təsadüf edib. Həm Ər-Riyad, həm də Vaşinqton həmin hücumların İran tərəfindən həyata keçirildiyini bildirirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar