SON XƏBƏRLƏR

İranlı onlarla həkimdən Səid Nəməkiyə müraciət: "Koronavirusla bağlı statistikaları şəffaf tərtib edin"

2021.10.20, 07:36
İranlı onlarla həkimdən Səid Nəməkiyə müraciət: "Koronavirusla bağlı statistikaları şəffaf tərtib edin"

Gunaz.tv

GünAz TV: İranın onlarla həkimi Səhiyyə Naziri Səid Nəməkiyə məktub ünvanlayıb.

 

Məktubu imzalayanlar nazirdən koronavirusla bağlı yayılan məlumatlarda şəffaflığın qorunmasını və onun tibbi ekspertlərin verdiyi rəyləri əzmli şəkildə müdafiə etməsini istəyiblər.

 

Həkimlər həmçinin Nəməkini virusun mərkəzi hesab edilən şəhərlərin karantinə alınması, sosial izolyasiya tədbirlərinin vaxtının uzadılması və əhlinin kasıb təbəqəsinə maddi yardımların edilməsi istiqamətində zəruri olan siyasətləri həyata keçirmək üçün dövlət qarşısında daha qətiyyətli mövqe sərgiləməyə çağırıblar.

 

Onlar Səhiyyə nazirindən statistikalarda koronavirusa yoluxanlar və ya ondan ölənlər, analizlər, habelə bu məlumatların əldə edilməsi xüsusunda cəmiyyətə şəffaf və detallı məlumat verməyi tələb ediblər.

 

"Milli Məclisin qeyri-plenar iclasında koronavirusla bağlı məlumatların bəyan edilməsi heç bir dərdə dərman deyil. Xalq sizin Nazirlik və onun tabeliyində olan Koronavirusla Mübarizə Qərargahının onunla dürüst davrandığını hiss etməlidir. Belə olduğu təqdirdə, qarşılıqlı etimad və əlaqə formalaşmaqla, Nazirlik və Qərargahın qəbul etdiyi qərarlar xalq tərəfindən rəğbətlə qarşılanacaq", - deyə həkimlər məktubda vurğulayıblar.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti koronavirusla bağlı real rəqəmləri gizlədir. Bu məsələ ölkə daxilində müxtəlif ictimai-siyasi simaların tənqidləri ilə müşayiət olunur.

 

Məktubda koronavirusa yoluxmuş vətəndaşlar, xüsusilə də əfqanlar kimi xarici vətəndaşların müalicəsində ayrı-seçkiliyə yol verilməsi də kəskin tənqid edilir.

 

70-dən çox tibb işçisi tərəfindən imzalanmış məktubda İranın tanınmış həkimləri və tibb elmləri doktorlarının adları da gözə dəyir.

 

Tibb işçilərinin toxunduqları digər məsələlər arasında Səhiyyə Nazirliyinin podratçı və ya özəl şirkətlər vasitəsilə deyil, birbaşa olaraq həkimlərlə müqavilə imzalaması, eləcə də özlərini "islami tibb mütəxəssisləri" adlandıran fırıldaqçıların xalqın etimadından istifadəsinə son verilməsi kimi mövzular da var.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar