SON XƏBƏRLƏR

İsrailin Suriyanın hərbi hava bazasına raket hücumunda 4 İran hərbçisi həlak olub

2021.10.20, 07:36
İsrailin Suriyanın hərbi hava bazasına raket hücumunda 4 İran hərbçisi həlak olub

Gunaz.tv

GünAzTV: Aprelin 9-u, sübh saatlarında İsrailin Suriyanın Homs əyaltindəki “T-4” hərbi hava bazasına raket hücumunda həlak olan 14 nəfərdən 4-ü İran hərbçiləridir. Bu barədə “Sepah”a yaxın mənbələr məlumat yayıb.

 

“Sepah”a yaxın “Fars” agentliyinin yaydığı məlumatda, raket hücumunda həlak olan “Sepah”çı və “Bəsici”lər, “Zeynəb hərəminin müdafiəçiləri” kimi təqdim edilərək, onların İranın Əhvaz, Qum və Təbriz şəhərlərindən Suriyaya göndərildiyi bildirilir. Raket hücumunda həlak olan iranlı hərbçilərin adları bunlardır: Seyid Əmmar Musəvi, Əkbər Zəvvar Cənnəti, Mehdi Lütfi Niyasər və “Sepah” polkovniki Mehdi Dehqan Yəzdli.

 

Qeyd olunur ki, öldürülənlərdən biri (Mehdi Lütfi Niyasər), Qum tele-radio şirkətinin müdiri, axund Məhəmməd Lütfi Niyasərin qardaşıdır. İran saytları raket hücumunun detallarını mediaya açıqlamayıb.

 

Hadisədən az sonra, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında İsrailin Suriyadakı “T-4” hava bazasına raket hücumunu pisləyərək, bunu “sionist rejiminin Suriyaya qarşı təcavüzü” adlandırıb: “Bu hücum, Suriyada və bölgədə yaşanan mövcud böhranı daha da mürəkkəbləşdirəcək. İsrailin bu təcavüzü, Suriyanın milli hakimiyyətini və bu ölkənin ərazi bütövlüyünü pozmaqla yanaşı, həm də bütün beynəlxalq qanunlara zidd addımdır”.

 

                       İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

 

Rəsmi Tel-Əviv, İsrailin Suriyanın hava bazasına qarşı raket hücumu barədə yayılan məlumatlara hər hansı bir reaksiya verməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar