SON XƏBƏRLƏR

"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

2023.02.03, 14:20
"İlham Əliyevin güneyli soydaşlarımızın problemlərini qaldırması bizdə qürur hissi yaradıb"- Əhməd Obalı

Gunaz.tv

Tədbirdə TAİB rəhbərliyi, birliyin Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan, GünAz Tv-nin rəhbəri Əhməd Obalı, millət vəkili Elman Nəsirov, ictimai xadimlər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 

TAİB sədri, akademik Südeif İmamverdiyev çıxışında əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə verilən böyük dəyər olduğunu bildirib. 

“Əziz gənclər, bu gün sizin gününüzdü. Bizim bir zamanlar keçdiyimiz gənclik yolunu indi siz keçirsiniz. Hamımız bilirik ki, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin etibarlı təminatı məhz siz gənclərdən asılıdır. Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq. Allah şəhidlərimizə rəhmət eləsin.

Onların da bayramıdır. Şəhadətə yüksəlmiş bütün gənclərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır!”-deyə, o bildirib.

GünAz TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycandakı hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verərək gənclərimizin regionda baş verən siyasi proseslərə biganə qalmadıqlarını, bunun da gələcəkdə uğurlu nəticələrə gətirib çıxaracağını bildirib. 

Əhməd Obalı vurğulayıb ki, prezident İlham Əliyevin yüksək tribunalardan Azərbaycanın güneyində yaşayan soydaşlarımızın problemlərini qaldırması və bunun həlli yollarını göstərməsi hər bir azərbaycanlıda qürur hissi yaradıb.

TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Elman Nəsirov İran məsələsinə də toxunub, gəncləri diqqətli olmağa çağırıb.

Son günlər aparılan əməliyyatda tutulan İran agentlərinin say çoxluğuna diqqət çəkən TAİB üzvü bildirib ki, bu şəbəkə ən çox gənclərə təsir etməyə çalışır. Təkcə gəncləri deyil, hər  kəsi diqqətli olmağa çağıran E. Nəsirov Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolundan və ziyalıların mövqeyindən də söz açıb.

Türkiyəli professor Abdullah Karaman, TAİB-in İdarə Heyətinin və gənclər təşkilatının üzvləri müstəqil Azərbaycanımızda həyata keçirilən uğurlu gənclər siyasətindən, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən talan edilməsinə qarşı Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənc eko-fəalların əzmkarlığından və eyni zamanda Güney Azərbaycanda formalaşmış tələbə-gənclər hərəkatından danışıblar. 
 

Tədbirin sonunda ictimai fəallığına görə 2 Fevral Gənclər Günü münasibətilə bir qrup fəal gənc təltif edilib. 

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar