SON XƏBƏRLƏR

Həmədanda su qıtlığı etiraz doğurdu-Hökumət əleyhinə şüarlar səsləndirilib

2022.08.24, 05:51
Həmədanda su qıtlığı etiraz doğurdu-Hökumət əleyhinə şüarlar səsləndirilib

Gunaz.tv

"Ölüm olsun yarıtmaz məsullara", "millət hamınız dəstək verin" şüarları verən vətəndaşlar 10 gündən çoxdur içməli su probleminin həlli ilə bağlı verilən vədlərin yerinə yetirilməməsindən narazılıqlarını bildirib, başqa vətəndaşları aksiyaya qoşulmağa çağırıblar.

Xarici medianın verdiyi məlumata görə, ötən gecə keçirilən aksiyada qadınlar daha çox iştirak edib, suyun kvota ilə veriləcəyi barədə bildirişə baxmayaraq 24 saatda yarım saat belə su verilmədiyini deyiblər.

Başda Həmədan şəhəri olmaqla əyalətdə su çatışmazlığının böhran həddinə çatmasina baxmayaraq, məsullar fərqli və ziddiyyətli vədlər verməkdə davam edirlər.

İran enerji naziri Əliəkbər Mehrabiyan Həmədana 3 gün öncəki səfəri zamanı su probleminin 3 həftəyə, Su Sənayesi İdarəsinin sözçüsü Firuz Qasimzadə isə bir həftəyə kimi həll olunacağını bildiriblər.

Bununla yanaşı İran Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin İnteqrasiya və Tənzimləmə Məsələləri üzrə sədr müavini Məhəmməd Zəruri Həmədan əyalətinin əsas su təminatçısı olan "Ekbatan" su anbarında suyun azaldığını, bir neçə gün içində tamamilə yox olacağını deyib.

Həmədan əyalətinin səhiyyə rəsmiləri isə təmiz içməli su tapılmadığına görə əhalinin çirkli sulardan istifadə etməyə məcbur olduğunu, bununla da əyalətdə xüsusilə uşaqlar arasında xəstəliklərin yayıldığını, çox sayda insanın xəstəxanalara yerləşdirildiyini bildirib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında su qıtlığına etiraz olaraq Xuzistan əyalətindən başlayan etirazlar qısa müddətdə Çaharmahal və Bəxtiyari, İsfahan, Buşehr və başqa əyalətllərə yayıldı.

"Su üsyanı" kimi tanınan və noyabr ayında da davam edən etiraz aksiyalarında hökumət məmurlarının birbaşa atəşi nəticəsindən 10-dan çox insan öldürüldü, yüzlərlə insan yaralandı və kütləvi həbslər həyata keçirildi.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar