SON XƏBƏRLƏR

Marağa Universitetində Azərbaycanın sevimli rejissoru mərhum Yədulla Səmədinin anım mərasimi keçirilib

2021.10.20, 07:36
Marağa Universitetində Azərbaycanın sevimli rejissoru mərhum Yədulla Səmədinin anım mərasimi keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Marağa Universitetində sentyabrın 25-də vəfat edən Güney Azərbaycanın tanınmış rejissoru Yədulla Səmədinin anım mərasimi keçirilib.

 

“Marağa Universiteti Azərbaycanşünaslıq Ocağı”nın təşəbbüsü ilə keçirilən mərasimə çox sayda öyrənci və müəllim qatılıb. Mərasim iştirakçılarından bir neçəsi mərhum sənətkarın həyatı və yaradıcılıq fəaliyyəti haqda çıxış ediblər.

 

Mərasimdə qeyd olunub ki, ustad Səmədi ilə vida mərasimindən sonra onu tanıdan yeganə əsər marağalı tanınmış sənətkar cənab Siyamək Cavid tərəfindən çəkilən sənədli filmdir. Filmdə Azərbaycanın şifahi ədəbiyyatından danışan mərhum rejissor “Saray” filminin çəkilməsinə necə cəhd göstərdiyini açıqlayıb.

 

Mərasimdə Azərbaycan kinoteatrının tanınmış rejissor və ssenaristi Qulamrza Siyamizadə geniş məruzə ilə çıxış edərək Yədulla Səmədinin yaradıcılıq fəaliyyəti və Güney Azərbaycan kinotatrından söz açıb.

“Ustad Yədulla Səmədinin türk dilində əsəri yoxdur. Bu, onun uşaq yaşlarında ana diyarından köçməsi, türk dilinin tədris olunmaması və fərqli mədəniyyətlərin dəstəklənməməsi ilə bağlı olub. Lakin ustad “Savalan” kimi filmləri yaratdıqdan sonra tədricən öz doğma mədəniyyətinə qayıdıb. Bu filmin adı türkcə olsa da, yenə də filmdə Azərbaycanın mədəniyyət və folkloruna xüsusi yer verilməyib. Bundan sonra ustad qədim Dədəqurqud kitabı və Azərbaycanın şifahı ədəbiyyatı əsasında “Dəli Dümrül” və “Saray” filmlərini yaradıb. Bu əsərlərdə Azərbaycan mədəniyyəti daha yaxşı əks olunub. Ustad Yədulla Səmədi sonda yaratdığı “Təkəmçi” filmində Azərbaycanın mədəniyyətini təsvir etməklə yanaşıAzərbaycanın əsas problemlərindən biri olan asimilasyon prosesi və türklərin təhqir olunmasını tənqid edib. Bu film məzmun baxımından Azərbaycan üçün ustadın ən dəyərli əsəri sayılır. Lakin televiziya filmi olduğu üçün kinoteatr filmləri qədər gözə çarpmadı”- deyə o çıxışının bir hissəsində qeyd edib.

 

Qulamrza Siyamizadənin sözlərin ə görə, ustad Yədulla Səmədinin türkcə filmi olmasa da, o Azərbaycan kinoteatrının inkişafına yol açan bir sənətkar olub.

“Ustad Yədulla Səmədidən əvvəl Azərbaycan kinoteatrının inkişafı uğrunda heç bir addım atılmamışdır. Bu çətin amma dəyərli yol ustadla başladı. Misal üçün qeyd edim ki, 2003-cü ildən 2016-cı ilədək İranda türk dilində yalnız 4 kinoteatr filmi çəkilmişdir, lakin cari ildə türk dilində 5 film istehsal olunmaqdadır”- deyə Qulamrza Siyamizadə vurğulayıb.

 

Proqramın sonunda ustad Yədulla Səmədinin nostaljik “Saray” filmi mərasim iştirakçıları üçün nümayiş etdirilib.

 

1952-ci ildə Güney Azərbaycanın Marağa şəhərində dünyaya göz açan rejissorun çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan əyalətlərində baş verən hadisələrə həsr edilib. Onun bu yanaşması “Avtobus”, “Savalan”, “Dəli Dümrül” və “Saray” filmlərində əyani şəkildə öz əksini tapıb.

 

Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi ‘Dəli Dümrül’ və ‘Saray’ filmləri Güney Azərbaycanda türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub.

 

Mərhum Səmədinin rejissoru olduğu ‘Təkəmçi’ adlı televiziya filmi isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulmasını təsvir edir.

 

Y.Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar