SON XƏBƏRLƏR

Medvedyev Yuşşenko və Saakaşvilini xəbərdar etdi. Rusiya NATO-ya "ayı pəncəsi"ni göstərdi

2021.10.20, 07:36
Medvedyev Yuşşenko və Saakaşvilini xəbərdar etdi. Rusiya NATO-ya "ayı pəncəsi"ni göstərdi

Gunaz.tv
Medvedyev Yuşşenko və Saakaşvilini xəbərdar etdi Rusiya NATO-ya "ayı pəncəsi"ni göstərdi MDB dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-rəsmi görüşündə qurumun inkişafı üçün ciddi qərarların çıxarılacağına inam az idi. Bu baxımdan müşahidəçilərin diqqətini həmin sammit elə də çəkmirdi. Ancaq orada Ukrayna, Gürcüstan və Rusiya prezidentlərinin ilk görüşünün olacağı faktı maraq doğururdu. Bu qədər intriqalardan sonra Rusiyanın yeni prezidenti ukraynalı və gürcü həmkarlarına nə deyəcəkdiğ Onlarla münasibətləri necə qurmağa çalışacaqdı? Balacaboy Dmitri Medvedyev ucaboy Yuşşenko və Saakaşviliyə "pəncəsi"ni göstərib. O, Ukrayna və Gürcüstan prezidentlərinə açıq bildirib ki, NATO-ya üzvlük onların heç birinə xeyir gətirməyəcək. Rusiya prezidenti həmkarlarını bununla bağlı xəbərdar edib. D.Medvedyevin bu mövqeyi postsovet məkanında olduqca diqqət çəkəcək proseslərin startının verildiyi əlamətidir. Yəni Rusiya açıqca postsovet məkanında Qərblə geosiyasi savaşa girişib. O, həmin məkanda nüfuzunun saxlanması üçün bütün vasitələrdən istifadə etməyə başlayıb. O baxımdan prezidentlər Sankt-Peterburqda olarkən Rusiya Dövlət Dumasının üzvlərindən biri rus dilini ikinci dövlət kimi qəbul etmək məsələsini ortaya atıb. Bu fikir ingilis dilinin bütün postsovet məkanında hegemonluğu ələ almaqda olmasına etirazdır. Artıq müstəqilliyini əldə etmiş postsovet ölkələri də ingilis dilindən rəsmi səviyyədə istifadə edirlər. Rəsmi Moskva isə bu dalğanı qəbul etmək istəmir. NATO məsələsi o mövqenin hərbi tərəfidir. Budur, Rusiya konkret cavabını verdi. Ukrayna və Gürcüstan prezidentlərini rəsmi olaraq xəbərdar etməklə NATO-nun genişlənmə siyasətinə qarşı duracağını bildirdi. Rusiya prezidentinin konkret mövqeyi Qərbin analoji addım atamasını bəri başdan şərtləndirir. Şübhə yoxdur ki, Ukrayna və Güney Qafqaz ərazisi bu mənada daha şiddətli geosiyasi savaşın mərkəzinə çevrilir. Rusiya rəsmiləri NATO-nun daxilindəki problemlər haqqında son vaxtlar tez-tez danışırlar. Bunun fonunda Ukrayna və Gürcüstanın bu quruma üzvlüyünün perspektivsiz olacağını və bölgədə çoxlu ziddiyyətlərin meydana çıxacağını ifadə edir. Gözləmək olar ki, bu ilin dekabrına qədər Rusiya Ukrayna və Gürcüstan istiqamətində elə gedişlər etməlidir ki, NATO həmin aydakı sammitində də bu ölkələr haqqında konkret mövqe bildirməsin. Rusiyanın ata biləcəyi addımlar təxminən məlumdur. Ukrayna və Gürcüstanı hərbi, enerji və milli münasibətlər sahəsində küncə sıxışdırmağa çalışacaq. Ukrayna üçün Krım, Gürcüstan üçün isə Abxaziya və Güney Osetiya problemləri hazırlanıb. Bu yöndə Rusiyanın nələr edəcəyini zaman göstərəcək. Eyni zamanda, bu ölkələrin enerji ilə təminatı məsələsində də Rusiyanın planları ola bilər. O aspektdə Azərbaycan faktoru son dərəcə böyük önəm daşıyacaq. Rusiyanın Azərbaycandan qaz almaq istəyinin bura aidiyyatı ola bilər. Paralel olaraq Ukrayna və Gürcüstanın Azərbaycana olan ehtiyacı ikiqat artmış olur. Bu dövlətlərin enerji təhlükəsizliyi çox böyük ölçüdə Azərbaycandan asılıdır. Xüsusilə Gürcüstanın sadəcə, başqa variantı yoxdur. Rusiya qazını vermir, Ermənistan Rusiyanın sözündən çıxa bilməz, İranın isə Qərbə görə Gürcüstana yardım etmək imkanı yoxdur. Qalır, Azərbaycan. Deməli, Ukrayna və Gürcüstanın geosiyasi olaraq Azərbaycana ehtiyacı artmaqdadır. Lakin məsələnin başqa tərəfi də var. Söhbət ondan gedir ki, Azərbaycan üçün Dağlıq Qarabağ problemini hazırlayıblar. Bu məsələyə görə ölkəmizin öz maraqlarını gözləmək məcburiyyətində olduğunu hər kəs anlamalıdır. Bununla da bölgədə geosiyasi-hərbi durum çoxməchullu tənlik formasını almış olur. Qərbin, konkret olaraq NATO-nun hansı mövqe tutacağı çox aktualdır. Hələlik AB-nin Gürcüstana göndərdiyi Havyer Solana Abxaziyadan əliboş qayıdıb. Abxaziyanın prezidenti Sergey Baqapş birmənalı olaraq Rusiyanın mövqeyini ifadə edib. Solana Tiflisə heç bir ümidverici vəd deyə bilməyib. Bu da Qərbin hələlik Gürcüstan istiqamətində ciddi nəticə əldə etməməsi deməkdir. Bunların fonunda Dmitri Medvedyevin xəbərdarlığı daha konkret məzmun kəsb etmiş olur. Söz havaya atılmayıb. Rusiya əlindən gələni etməyə çalışacaq. Bununla da postsovet məkanı yenidən milli münaqişələr alovuna bürünə bilər. NATO-nun bu risqə gedib-getməyəcəyini demək çətindir. Ancaq belə görünür ki, Ukrayna və Gürcüstanın Qərbə bu dərəcədə meyl etməsi vaxtından tezdir. Hər bir halda çoxvektorlu xarici siyasət təcə böyük dövlətlərə yox, bütün dövlətlərə də xas olmalıdır. Müasir dünyanın tələbi bundan ibarətdir - dünyanın tarazlığını saxlamaq hər bir konkret milli maraqlardan üstün halına gəlib. Bunu istəsək də, istəməsək də belədir. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar