SON XƏBƏRLƏR

BMT nümayəndələri Qarabağa səfər edəcək, qiymətləndirmə missiyası həyata keçiriləcək

2022.02.17, 13:16
BMT nümayəndələri Qarabağa səfər edəcək, qiymətləndirmə missiyası həyata keçiriləcək

Gunaz.tv

Bu barədə Vladanka Andreevanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirilib.

Spiker Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına önəm verdiyini bildirib: "Bu il ölkəmizin BMT-yə üzv olmasının 30 illiyi tamam olacaq: "Azərbaycan həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. 

Azərbaycanın 155 üzv dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər ərzində qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi həm də BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal narahatlıq doğuran məsələlər üzrə görülən işlərə öz töhfəsini verir. 

2020-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təklif əsasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üzrə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırıldığını xatırladan spiker bu tədbirin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində və 16 dekabr 2021-ci il tarixində Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində plenar iclasda 179 üzv dövlətin dəstəyi ilə qəbul edilmiş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə xüsusi əhəmiyyətə malikdir.


Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib.

Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub.

Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və biz işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuluq. Spiker diqqətə çatdırıb ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı nəticəsində bütün şəhərlərimiz, kəndlərimiz, maddi-mədəni, dini obyektlər tamamilə dağıdılıb.

Təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, bütün işğal dövründə YUNESKO bu ərazilərdə qiymətləndirmə aparmayıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan BMT üçün mühüm məsələlərdə qlobal liderliyi öz üzərinə götürən vacib tərəfdaşdır.

BMT nümayəndəsi yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklərini və orada qiymətləndirmə missiyası həyata keçirəcəklərini diqqətə çatdırıb.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası barədə planlarının, xüsusilə də ağıllı şəhər, ağıllı kənd layihələrinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Dayanıqlı inkişaf məqsədlərindən danışan qonaq bunun Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası və insanların geri qayıdışının təmin edilməsi barədə fikirlərini bölüşüb.

Vladanka Andeeva BMT və Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün bütün səylərini səfərbər edəcəyini vurğulayıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar